Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçına Böyük Qayıdış – Beş İlin Bəhrəsi

İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir.

1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür.

1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır.

 2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına  Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir.

 Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”

          Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-16 12:54:58
3989 baxış

Digər xəbərlər

RVT-nin Rəyasət Heyətinin iclası keçirilmişdir

12 sentyabr  2017-ci  ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatının Rəyasət  Heyətinin iclası keçirilmişdir. Gündəliyinə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barəsində məsələ müzakirə edilmişdir. RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik C.Xəlilov Təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci üzrə fəaliyyətini yüksək qiymətləndirmiş, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclətrin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördüyü işləri qənaətbəxş hesab etmişlər. Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar Təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunmuşdur. RVT-nin ümumi fəaliyyətinin gücləındirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif olunmuşdur. Hər iki təklif səsə qoyularaq, yekdilliklə qərar qəbul olunmuşdur.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür etdi

“Vətən müharibəsi iştirakçılarının daxili işlər orqanlarında xidmətinə yaradılan şərait dövlətimizin veteranlara olan qayğısına bariz nümunədir” Cari ilin 7 aprel tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib, ümumilikdə 277 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun, onun timsalında dövlətimizin veteranlara olan diqqət və qayğısı kimi dəyərləndirib:   “Şübhəsiz, daxili işlər orqanlarında xidmət etmək istəyən şəxslər sırasından seçim turunun növbəti mərhələsinə buraxılanlar içərisində  61 nəfər Vətən müharibəsi veteranının olması faktı qürurverici və təqdirəlayqidir. Bu, hər şeydən öncə dövlətimizin, o cümlədən bu dövlətin təhlükəsiziliyinin, sabitliyinin keşiyində dayanan Daxili İşlər Nazirliyinin, onun rəhbəri general-polkovnik cənab Vilayət Eyvazovun veteranlara olan diqqət və qayğısının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, dövlətimiz veteranlara, onların məşğulluq probleminin həllinə, sosial rifahının yüksəlməsinə xüsusi diqqət və həssaslıqla yanaşı, bunun üçün bütün imkan və resurslarından istifadə edir. Mən buna görə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova öz təşəkkürümü bildirir, daxili işlər orqanlarında xidmət edəcək veteranlarımıza uğurlar arzulayıram. İnanıram ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı cəsarətlə mübarizə aparan veteranlarımız, ölkəmizdə daxili asayişin qorunmasına da öz töhfələrini verəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onları qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, bu zəfərin tarixi önəminə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, bu zəfər Azərbaycan ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərdi.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini qeyd edib ki, bu zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyətini dünyaya nümayiş etdirdi.   Daha sonra çıxış edən veteranlar Vətən müharibəsində əldə edilən qələbənin önəmindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.   Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.  

Hamısını oxu
Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!

Ermənistan Baş naziri Nikol Paşinyanın Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış arasında imzalanan sənəd iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur. Siyasi dönüklük, yaxud, İrəvan yenə bir əldə iki qarpız tutmaqda davam edir... Erənistanla Polşa arasında imzalanan hərbi-texniki sazişlə bağlı xeyli sayda qəribə və şübhəli məqam mövcuddur. Bu məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu halda NATO üzvü olan Polşa ilə açıq hərbi əməkdaşlıq etməsidir.   Fərqli və bir-birinə aşkar zidd olan hərbi qurumlardan birinin üzvü olduğu halda, digər quruma üzv olan ölkə ilə əməkdaşlıq İrəvanın bir əldə iki qarpız tutmaq mərəzi kimi dəyərləndirilə bilər. Hansı ki, bundan öncə də Ermənistanın Rusiya ilə Qərb arasında kəskin manevrlər və dönüşlər etdiyi, bəzi hallarda isə özündə hər iki qütbə aid hərbi qüvvələri cəmlədiyi müşahidə olunub. Buna nümunə olaraq Ermənistanda illər uzunudur ki, Rusiyaın 102 nömrəli hərbi hissəsinin mövcudluğu fonunda, həm də Avropa İttifaqının hərbçilərdən ibarət monitorinq missiyasının fəaliyyətini göstərmək olar. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirməsi də rəsmi İrəvanın siyasi dönüklüyünün, qeyri-səmimiliyinin təzahürüdür. İrəvanın davranışları sülhdən daha çox müharibədən xəbər verir! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda sülh mətninin paraflanması iki dövlət arasında de-fakto sülhü təmin etdi. Ermənistan rəsmiləri post-müharibə dönəmində sülhlə bağlı yüzlərlə bəyanat verib ki, bu açıqlamaların hər birində sülhün etibarlı və uzunmüddətli olmasının vacibliyi qeyd olunub, İrəvan isə az qala sülh carçısı elan edilib. Lakin post-müharibə dönəmində İrəvanın atdığı əməli-praktiki addımlar Ermənistanın sülhdən daha çox müharibəyə hazırlaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa və Hindistandan çoxlu sayda silah-sursat və hərbi texnika alması, habelə, ABŞ, Yunanıstan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə cəhd göstərməsi və nəhayət Polşa ilə imzalanan məlum hərbi-texniki əməkdaşlıq sazişi buna nümunədir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli arasında dərin bir uçurum, böyük bir fərq mövcuddur və bu fərq hər ötən gün sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycandakı Hərbi Qənimətlər Parkının Ermənistan hesabına daha da zənginləşməsi ehtimalı var və bu ehtimalın reallaşmasına görə bütün məsuliyyət İrəvanın üzərinə düşəcək. Seymur ƏLİYEV  

Hamısını oxu