Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub. Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. video Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır. “Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

2019-04-25 00:00:00
3894 baxış

Digər xəbərlər

Zəfər qurultayında iştirak edən bir qrup diaspor nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı  çərçivəsində Rusiyadan ölkəmizə səfər edən bir qrup diaspor nümayəndəsi bu gün  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarova ilə görüşən diaspor nümayəndələri Rusiyada gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumat verib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini, eləcə də Prezident İlham Əliyev tərəfindən təltif edilən sərhədçi zabit və gizirləri 18 avqust - Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 107-ci ildönümü və Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sərhədçilərimizin xidməti vəzifələrinin öhdəsindən hər zaman yüksək peşəkarlıqla gəldiyini vurğulayan Təşkilat sədri, onların bundan sonra da Azərbaycan xalqının və dövlətinin etimadını doğruldacağına, sərhədlərimizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasını təmin edəcəyinə dərin inamını ifadə edib. 

Hamısını oxu
İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;   • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bakı, 18 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

Hamısını oxu