Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzTV xəbərlər 20 06 2025

2025-06-21 19:09:46
3255 baxış

Digər xəbərlər

Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad RİH və rayon Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə Natəvan Zahidqızının "Sonsuzadək yaşayanlar" kitabının təqdimatı keçirilib.  Cəlilabad  şəhər 9 saylı  tam orta məktəbin geniş akt zalında təşkil olunmuş tədbirdə şəhid valideynləri,  qazilər, Bakıdan gələn mətbuat nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov tədbiri giriş sözü ilə açdıqdan sonra Dövlət himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükula yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək təqdimatı keçirilən kitabda ayrı-ayrı rayonlardan olan 19 şəhidin şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verildiyini bildirib. O, bədii sözün gücü ilə şəhidlərin adlarını əbədiləşdirən və onları xalqa tanıdan belə kitabların böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.  Tədbirdə çıxış edən "Yurd" jurnalının redaktoru Zəhra Məmmədova, şəhid anası Natəvan Həbibi, şəhid atası Habil Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin ömür-gün yoldaşı Gülnarə Abdullayeva, Azərbaycan Jurnalistlər və Yazıçılar  Birliklərinin üzvləri Püstə Rəvan, Əli Yusif, Əfrahim Abbas,  Elmira Aslanxanlı,  Almaz Alıqızı, Bayram Tovuzlu, Ruhiyyə Abbaszadə, şəhid Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev və başqaları öz çıxışlarında Zəfər tarixi yazan qəhrəman oğullarımızın şücaətindən danışıblar, şəhidlərdən bəhs edən "Sonsuzadək yaşayanlar" kitabının müəllifi Natəvan Zahidqızına öz təşəkkürlərini bildiriblər. Onlar, həmçinin şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən  göstərilən diqqət və qayğını məmnunluq hissi ilə qeyd ediblər. Təqdimatı keçirilən kitabı qələmə alan, "Yurd" jurnalının əməkdaşı Natəvan Zahidqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib, şəhid ailələrinə kitablarını hədiyyə verib. Sonda xatirə şəkilləri çəkdirilib.

Hamısını oxu
“O, həm elm xadimi, həm siyasətçi, həm də millət vəkili kimi böyük uğurlara imza atıb”

Bu gün Azərbaycan xalqının böyük oğlu, filologiya elmləri foktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin vəfatının növbəti ildönümüdür.  Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Həsən Mirzəyevin Azərbaycan elmindəki tarixi roluna, şəxsiyyət kimi böyüklüyünə diqqət çəkib: “Mən Həsən müəllimi Azərbaycan dilində “fel” monoqrafiyası üzərində işlədiyi dönəmlərdə tanıdım. O zaman Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasına gəlirdi. O vaxt həmin kafedranın müdiri böyük alimimiz rəhmətlik Əlövsət Abdullayev idi. Mən həmin vaxt  aspirant idim və Həsən müəllimlə də həmin dönəmdə tanış oldum. Həsən müəllim çox çevik, milli, təəssübkeş insan idi. O zaman deyirdilər ki, Həsən müəllim feldən yazır, özü də fel kimidir. Yəni çox hərəkətli və çevikdir. Biz sonra Həsən müəllimlə dost olduq, yoldaşlıq, əməkdaşlıq elədik. Həmişə gördüm ki, Həsən müəllim elə hey harasa qaçır, harasa tələsir. Hərəkətlilik onun həyat tərzi, düşüncə tərzi idi. Sonrakı dönəmdə Həsən müəllimin 10 cildlik əsərləri çap edildi”. “O, həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı” Nizami Cəfərov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi də böyük əməllərə imza atdığını bildirib: “Həsən müəllim ictimai-siyasi işlərdə də çox fəal idi. O, bütün qəlbi ilə Heydər Əliyevi sevir, onun ideyalarını təbliğ edirdi. Həsən müəllim bir alim kimi Azərbaycanın müstəqilliyin keşiyində əzmlə dayanırdı. Onun siyasətçi və millət vəkili kimi də böyük xidmətləri olub. Həsən müəllim həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı. Yadımdadır ki, o zaman Pedaqoji Universitetin bəzi dilçiləri özlərini Həsən müəllimin məktəbinin nümayəndələri hesab edirdilər. Həsən müəllim onlara çox qayğı göstərirdi”. “Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi” Görkəmli akademik Həsən Mirzəyevin tükənməz enerji və yaradıcılıq eşqinə malik olduğunu vurğulayıb:  “Həsən müəllim çoxlu əsərlər yazdı. O, şeir də yazırdı. Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi. O, gözəl insan idi, insanlar arasında xoş, yaxşı münasibətlər yaratmağın tərəfdarı idi. O, həm dilçiliyimizin, həm ədəbiyyatımızın, həm ictimai-siyasi fikrimizin, həm də ziyalılığımız tarixində əsl təəssübkeş kimi qalan böyük şəxsiyyətdir”. “Professor Mahirə Hüseynova Həsən müəllimin yolunu uğurla davam etdirir” Nizami Cəfərov professor Mahirə Hüseynovanın elmi fəaliyyətini də yüksək qiymətləndirib: “Həsən müəllimin yolunu həm dilçi, həm də ictimai-siyasi xadim kimi bacısı qızı Mahirə Hüseynova yüksək səviyyədə davam etdirir. Mahirə xanım Həsən müəlllimin irsini qoruyan, yaşadan, təhlil edən bir ziyalıdır. O, Həsən müəllimin yaratdığı dəyərləri yüksək tutan hörmətli elm xadimidir. Mən Həsən müəllimə rəhmət diləyir, Mahirə xanıma uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
Aprel zəfəri – gücün, iradənin və Ali Baş Komandan amilinin təntənəsi

Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi. Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi. Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur. Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi. Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı. Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi. Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir. Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi. Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi. Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı. Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir. Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır.   Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu