Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Borçalıdan cəbhəyə uzanan yol: Əli Qurban oğlu Əliyevin döyüş yolu

 Borçalı əsrlərlə sınanmış, sınsa da sınmamış, zamanın qasırğalarından alnıaçıq çıxmış qədim türk yurdudur. Elə bir yurd ki, o dağ kimi əyilməz oğulları ilə tanınır. Borçalı öz adını qürurla daşıyan, milli şüurunu əsrlər boyu qoruyub saxlayan igid bir el olaraq tarixən Qarapapaq türklərinin məskəni olmuşdur. Qarapapaqlar təkcə at belində torpağını qorumamış, həm də sazla-sözlə, ədəbiyyatla, mədəniyyətlə millətin yaddaşını yaşatmışlar. İgidlik, sədaqət və torpaq sevgisi bu xalqın qanındadır. Borçalı, məhz bu igid elatın - Qarapapaq türklərinin  əməyi, zəhməti və hünəri ilə qəhrəmanlar yurduna çevrilmişdir. XX əsrin ən qanlı hadisəsi olan İkinci Dünya Müharibəsində də Borçalı susmadı. Bu ulu torpaq minlərlə övladını cəbhəyə yola saldı kimisi analarının duası ilə, kimisi isə doğmalarının göz yaşları içində. Lakin hamısının bir amalı vardı: xalqının şərəfini, torpağının qeyrətini qorumaq. O dövrdə Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmamışdı, lakin bu, onun xalqının müharibəyə laqeyd qalması demək deyildi. Gürcüstandan 700 min nəfər İkinci Dünya Müharibəsində iştirak etdi. Bu adlar arasında Azərbaycanlı döyüşçülər də xüsusi yer tutur ki,  onlar milliyyətə və dinə baxmadan eyni ideal uğrunda can verdilər. Bu igidlərdən biri də Əli Qurban oğlu Əliyev idi. O, 1924-cü ildə Borçalıda, Qarapapaq igidlərinin sıralarından çıxmış bir ailədə dünyaya göz açmışdı. 1942-ci ildə cəmi 18 yaşı olarkən Vətənin çağırışına cavab verdi və könüllü olaraq Sovet Ordusu sıralarına yazıldı. Əvvəlcə 1018-ci atıcı alayının tərkibində döyüşlərə qatıldı. Daha sonra 176-cı atıcı diviziyanın heyətində faşizmə qarşı mübarizəni davam etdirdi. Bu diviziya müharibənin ən ağır cəbhələrində xüsusilə Stalinqrad döyüşü və Dnepr əməliyyatı kimi strateji savaşlarda iştirak etmişdi. Əli Əliyev üçün müharibə sadəcə güllə və barıt deyildi. Bu, əqidənin, imanın və xalqına sədaqətin sınaq meydanı idi. 1943-cü ilin yazında baş verən ağır döyüşlərdən birində ağır yaralandı və EQ 1451 saylı hərbi qospitalda uzun müddət müalicə aldı. Həkimlərin səyi nəticəsində sağaldı, lakin döyüş meydanına qayıtmaq mümkün olmadı. Bununla belə Əli Əliyev arxa cəbhədə fəal iştirak etdi müharibədən sonra dağıdılmış həyatı yenidən qurmaq mübarizəsinə qoşuldu. 1943-cü il sentyabrın 1-də ordu sıralarından tərxis olundu və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bu medal təkcə onun şəxsi igidliyinin nişanəsi deyildi. Bu həm də Borçalı torpağının adına yazılmış bir şərəf lövhəsi idi. Borçalı əsrlər boyu təkcə mədəniyyətin deyil, qeyrətin, sədaqətin və fədakarlığın da beşiyi olub. Qarapapaq igidlərinin nəsildən-nəslə ötürdüyü bu dəyərlər savaş illərində bir daha sübut olundu. Müharibə başa çatsa da, yaddaşlar heç vaxt susmadı. Hər kənddə, dağın ətəyində, torpaq parçasında bir qəhrəman yatır. Onların ayaq izləri, adları xalqın qəlbində əbədiyyətə çevrilib. Gürcüstanda da 9 May – Qələbə Günü xüsusi ehtiramla qeyd olunur. Tbilisinin qəlbində Vake parkında "Naməlum əsgər"in məzarı üzərinə qoyulan hər bir çiçək, əslində unudulmayan bir andın, silinməyən bir yaddaşın nişanəsidir. Hər gül, hər ziyarət, hər baxış bu torpağın o igid övladlarına ehtiramdır. Əli Qurban oğlu Əliyev tək bir əsgərin adı deyil, bir millətin ləyaqət rəmzidir. Onun timsalında Borçalı igidləri, Gürcüstandan çıxan mərd azərbaycanlılar, vətən torpağı üçün canından keçən bütün qəhrəmanlarımız bir daha ucalır gözümüzdə. Biz onların yoluna həm baş əyir, həm də onların yolunda addımlayırıq. Bu torpaq qəhrəmanların canı ilə yoğrulmuş müqəddəs əmanətdir. Onların qanı ilə yazılan tarix, alın təri ilə sulanan azadlıq, sevgisi ilə möhkəmlənən birliyimiz bu günkü müstəqil Azərbaycanın ruhudur. Əli Qurban oğlu Əliyevin timsalında biz zamanı yarıb gələn səslərə qulaq asırıq. Onlar deyir:“Unutmayın bizi, çünki siz bizimlə varsınız, biz də sizinlə yaşayırıq...”

 

          Cəlil Xəlilov: Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-07-23 15:22:39
4791 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
“Tarix yazan qəhrəmanlar“ layihəsi davam edir

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində klub üzvləri ilə birgə II Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər. Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olmuşlar.    Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçmüşdür. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər. Bu soyqırımda Turalın qohumlarından bir ailə tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissı ilə böyüyən Tural, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki,  Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural  III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.   “Boz qurd" ləqəbli döyüşçü II Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. T.Abdullayev 30 sentyabr 2020- ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucaldı. Bir çox arzuları yarımçıq qalsada ən böyük arzusuna nail oldu. Xocalı qətlamının qisasını düşməndən aldı.   T. Abdullayev yaşadığı illər ərzində bir dəfə də olsun doğum gününü qeyd etmədi. Çünki, onun doğum günü 613 nəfər Xocalı sakininin qətl edildiyi günə təsadüf edirdi.   Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi muzeyin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.   Mənbə: http://azhistorymuseum.gov.az 

Hamısını oxu
“Bu qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.  Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, noyabr ayının 1-də İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, habelə ağsaqqallar, ziyalılar, gənclər, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Tədbiri giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevi və bütün toplantı  iştirakçılarını salamlayaraq ölkəmizin dünya dövlətləri arasındakı nüfuzundan, iqtisadi, siyasi və hərbi qüdrətindən, xalqımızın mənfur erməni işğalçılarına qarşı 44 gün davam edən Vətən müharibəsindən və düşmən üzərində qazanılan möhtəşəm Qələbədən bəhs edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı öz canları, qanları bahasına düşmən tapdağından azad edən şanlı Ordumuzun qəhrəmanlıqlarından söz açıb və vurğulayıb ki,  İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı qarşıdan gələn, hamımızın ən dəyərli və müqəddəs bayram hesab etdiyimiz “Zəfər Günü”nə həsr olunub. Saleh Səmədov öz  çıxışında Azərbaycanda hər zaman ağsaqqal sözünə, öyüd-nəsihətinə böyük hörmətin olduğunu qeyd edərək, İmişli rayonunda da ağsaqqalların yüksək nüfuz sahibi olduqlarını bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın nəzərəçarpacaq inkişaf mərhələsi keçdiyini vurğulayaraq əlavə edib ki, İmişli Rayon Ağsaqqallar Şurası da xüsusilə son aylarda öz fəaliyyətini səmərəli və hərtərəfli şəkildə qurub. 2024-cü ilin may ayına qədər İmişli Rayon Ağsaqqallar Şurasının  ümumilikdə 177 nəfər üzvü olduğunu xatırladan natiq bildirib ki, sonrakı dövr ərzində Şura rəhbərliyinin həyata keçirdiyi ardıcıl və səmərəli tədbirlər sayəsində rayonun  kəndlərində, idarə və müəssisələrində 24 yeni ərazi təşkilatı yaradılıb ki, nəticədə onları sayı 49-a,  Rayon Ağsaqqallar Şurası üzvlərinin sayı isə 1348 nəfərə çatıb və bu proses hazırda uğurla davam edir.  Natiq ağsaqqallara göstərilən hörmət və qayğıdan danışarkən onlara ən yüksək qiymətin və dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xüsusilə vurğulayaraq, Ümummilli Liderin "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur" fikrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.  Bildirib ki, bu nəcib ənənəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirərək ağsaqqallara yüksək səviyyədə qayğı və diqqət göstərirlər. Çıxışının sonunda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov konfransın işinə uğurlar arzulayıb. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və konfrans iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin  ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərimizin maarifləndirilməsində, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın, o cümlədən İmişli rayonunun ağsaqqallarının üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb. Sonra İmişli Rayon Ağsaqqallar Şurasının son 6 ay  ərzindəki fəaliyyəti barədə hesabat  məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Şuranın gördüyü işlərdən ətrafli bəhs edilib. Vurğulanıb ki, Saleh Səmədovun sədr seçildiyi  axırıncı konfransdan keçən 6 ay ərzində İmişli Rayon Ağsaqqallar Şurası təşkilatlanma, quruculuq, maarifləndirmə və bir sıra digər sahələrdə yüksək fəallıq nümayiş etdirərək diqqətəlayiq, əlamətdar nəticələrə nail olub, ərazi təşkilatlarının və üzvlərinin sayı həm kəmiyyət, həm də keyfiyyət baxımından dəfələrlə artırılıb. Milli Azərbaycançılıq məfkurəsi ilə silahlanmış İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənc nəslin Vətənə, dövlətə sadiqlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Hesabat məruzəsində, həmçinin, rayon ağsaqqalarının bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə yaxından iştirakından, eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar seçkilərdə yüksək fəallıq nümayiş etdirmələrindən, gənclərlə vətənpərvərlik tərbiyəsi, elm və təhsilin inkişafı mövzularında  keçirilən tədbirlərdən, rayonun ərazisində yaşayan digər millətlərin nümayəndələri ilə sıx əlaqələrin saxlanılmasından, aztəminatlı ailələrə göstərilən yardımlardan və görülən bir çox digər işlərdən ətraflı söz açılıb. Vurğulanıb ki, İmişli Rayon Ağsaqqallar Şurası aktiv fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcək, rayon ağsaqqalları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklər.      Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, növbəti dəfə İmişlidə - bu gözəl diyarda ağsaqqallarla görüşməyindən çox məmnun olduğunu bildirib və hər kəsi qarşıdan gələn “Zəfər Günü” münasibətilə təbrik edib.  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Qələbədən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, unudulmaz şəhidlərimizin və igid qazilərimizin bizə bəxş etdiyi Zəfər sevincindən söz açıb. “Zəfər Günü”nü Azərbaycan əsgərinin ürəklərdə ucaldılmış əsl qəhrəmanlıq, şücaət və fədakarlıq abidəsi adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmizin dayanıqlı və davamlı iqtisadi inkişafa nail olduğunu vurğulayan natiq dünyada durmadan nüfuzu artan Vətənimizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, yüksək hədəflərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik fəaliyyətini yüksək dəyərləndirərək təşkilat üzvlərinə görülən işlərə görə öz minnətdarlığını ifadə edib. O, həmçinin, dövlət başçısının proqram xarakterli məruzələrində toxunduğu vacib məqamlara da diqqət çəkərək Azərbaycan ağsaqqalları üçün önəmli olan məsələlərin üzərində dayanıb. Bildirib ki, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinin açılışında söylədiyi “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir” dəyərli fikirləri bizi daha da aktiv olmağa çağırır. Möhtərəm Prezidentimizin təbirincə desək, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Gənclərlə aparılan  bu maarifləndirmə işlərində ağsaqqalların rolu danılmazdır və biz hamımız gələcəyimiz üçün çox önəmli  olan bu prosesdə yaxından iştirak etməliyik. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs edərək vurğulayıb ki, Şura hər zaman olduğu kimi, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, Vətənimizin tərəqqisi naminə daha böyük səylər göstərəcəkdir.  Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası, onun rayon və şəhər təşkilatları möhtərəm Prezidentimizin siyasətini dəstəkləməklə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmindədir. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərinə böyük vəzifələr düşür. Çıxışının sonunda Vahid Novruzov İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə bir daha yüksək qiymət verərək, təşkilatın bundan sonra da öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ağsaqqalların hər birinə möhkəm cansağlığı, uzun ömür arzulayıb. Konfransda çıxış edən Bəhrəmtəpə qəsəbə ərazi təşkilatının sədri, şəhid atası Yaqub Hüseynov və digər natiqlər Saleh Səmədovun  sədrliyi ilə Şuranın fəaliyyətindəki ciddi canlanmanı xüsusi vurğulayaraq, görülən işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Əmin olduqlarını bildiriblər ki, İmişli rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər. Sonra təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti yenidən formalaşdırılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılan konfransın Qərar layihəsi yekdilliklə qəbul olunub. Bununla da konfrans öz işini başa çatdırıb. Konfransdan sonra Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor  Vahid Novruzovu, Aparat rəhbəri Ramin Həsənlini və digər qonaqları İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında görülən işlərlə və yaradılan şəraitlə tanış edib. Binanın qarşısında Saleh Səmədovun təşəbbüsü ilə əslən İmişlidən olan, dünyasını dəyişmiş, rayonun inkişafında müstəsna xidmətlər göstərən insanların foto portretlərindən ibarət “Dəyərlərimiz unudulmur!” başlıqlı lövhənin quraşdırılması böyük maraq və rəğbət hissi ilə qarşılanıb. 

Hamısını oxu