Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya Müharibəsinin Sonu: Qələbənin və Dağıntının Hekayəsi

Səssiz gecələri qıran top səsləri, yanğınların qızılı işığında əks olunan dağıdılmış şəhərlər, palçığa bulaşmış əsgər çəkmələri, sönmək bilməyən bir ümid... 1944-cü ilin qışında müharibənin nəfəsi artıq daha sərt, daha yaxın hiss olunurdu. Bəşəriyyətin yaddaşına qara hərflərlə yazılmış İkinci Dünya Müharibəsi öz son, lakin ən qanlı mərhələsinə qədəm qoyurdu. Artıq alman işğalı altında inləyən sovet torpaqları bir-birinin ardınca azad edilir, SSRİ-nin sərhədləri bərpa olunurdu. Müharibənin alovu Avropanın dərinliklərinə qədər yayılır, tanklar şəhər küçələrini keçib keçmişi dəyişmək üçün irəliləyirdi. Bu, insanlığın faşizm zülmündən xilasına yönəlmiş ümumbəşəri bir savaş idi. Müttəfiqlər artıq təkcə cəbhələrdə deyil, siyasi masalar arxasında da gələcəyin konturlarını çəkirdilər. Alman faşizminin və Yaponiya militarizminin çöküşü yaxın idi. Amma bu çöküş minlərlə əsgərin canı, milyonlarla insanın göz yaşı bahasına başa gələcəkdi. Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar  1945-ci il sentyabr) Alman faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna,  avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədləri bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumilikdə hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın" hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, Fürerə qarşı sui-qəsdlər başladı. Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən - Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlara və sovetmeylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Almaniyanın gələcəyi barədə də yekdil qərarlar qəbul olundu. Tərəflər faşizmdən azad olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu. Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust  28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda  Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu: xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan İkinci Dünya Müharibəsi altı il sonra 1945-ci il sentyabrın 2-də sona çatdı. Dünyanı cənginə alan bu qanlı fırtına milyonlarla insanın həyatına son qoydu, saysız-hesabsız şəhərləri, kəndləri viran qoydu. Lakin bu dəhşətli faciənin içində ümidini itirməyən xalqlar da vardı ki, onlardan biri də Azərbaycan xalqı idi. Bu müharibə yalnız böyük dövlətlərin və generalların savaşı deyildi. Bu, həm də sadə insanların, doğmalarını cəbhəyə yola salan anaların, səhra hospitallarında yaralı əsgərlərə yardım edən tibb bacılarının, hərbi zavodlarda gecə-gündüz çalışan fəhlələrin, torpağa alın təri tökən kəndlilərin döyüşü idi. Azərbaycan xalqı isə bu mübarizənin hər cəbhəsində vardı. 600 mindən çox azərbaycanlı övladı müharibəyə yollandı. Onların çoxu doğma yurda geri dönməmiş, torpağın azadlığı, bəşəriyyətin sabahı uğrunda can vermişdilər. İgid oğullarımız Leninqraddan tutmuş Berlinə qədər hər bir döyüş meydanında rəşadət göstərdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, partizan hərəkatının siması olmuş Mehdi Hüseynzadə kimi yüzlərlə ad tariximizin şanlı səhifəsinə çevrildi. Arxa cəbhədə isə Azərbaycan nefti savaşın taleyini həll edən əsas silahlardan biri oldu. Bakı neftçiləri, metallurqları, kənd adamları yorulmadan çalışır, cəbhəyə sursat, yanacaq, ərzaq göndərirdi. Qadınlar kişilərin yerini tutdu, zavod və fabriklərdə, tarlalarda, xəstəxanalarda gecəni gündüzə qataraq vətənə xidmət etdilər. Azərbaycan xalqı bu müharibədə həm silahla, həm də zəhmətlə döyüşdü. Onun qəhrəmanlığı təkcə keçmişin deyil, həm də gələcəyin yaddaşına həkk olundu. O günlər göstərdi ki, torpaq uğrunda ölən varsa Vətəndir.

Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-09-02 07:25:53
4155 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.

Hamısını oxu
Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz

Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb.   Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Cəlilabadda şəhid Sənan Ağayevin anım mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib.  Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri  qoyulub. Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar. Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb. Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Tədbirdən sonra  kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı  ziyarət  olunub və şəhidlərimizin ruhuna dualar oxunub.

Hamısını oxu
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib. Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib.    

Hamısını oxu