Digər xəbərlər
Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib. Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır. AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb. Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV
Hamısını oxu
Plenumda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib Bakı, 16 fevral, AZƏRTAC Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib. C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib. Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib. Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər münasibətilə ölkəmizin çoxsaylı veteranları adından Sizi - bu Qələbənin memarını ürəkdən təbrik edirik. Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan bu Qələbəyə doğru çətin və şərəfli yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbr və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda müqəddəs Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz. Siz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, ölkə vətəndaşlarını öz ətrafınıza səfərbər edərək milli birlik formalaşdırdınız. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız. Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular. Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etdi, torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və milli təhlükəsizliyinin bərpasına nail oldu. Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz. Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə qürur duyur. Əminik ki, yüz illər bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər. Bu gün Siz ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları və veteranlar adından Sizə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.
Hamısını oxu