Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır.

AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”.

Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.

 

2024-09-01 14:20:56
2591 baxış

Digər xəbərlər

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu
AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

08 may 2017-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq, veteranlara göstərilən dövlət qayğısından danışmış, onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,  problemlərinin vaxtında həll olunduğunu qeyd etmişdir. Cəlil Xəlilov ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını, alman faşizmi üzərində qələbənin 72-ci ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının məhz bunun əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən C.Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yadda qalan olur. Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya veteranlarının sayının günü-gündən azaldığını narahatlıqla bildirərək, onların xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmişdir. O, həmçinin, İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və Daməd Nəbiyev Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu
Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan görkəmli alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılıb. Aida İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. Alimin fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. O, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edirik. video

Hamısını oxu
Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən birini dünya miqyasında güc mərkəzlərindən olan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi işi təşkil edir. Bu siyasətin təməlində suverenlik, müstəqillik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə hörmət dayanır.  Çinlə ikitərəfli münasibətlərdə bu dəyərlərin qarşılıqlı qəbul olunması əməkdaşlığımızı daha da dərinləşdirir. 2023-cü il iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də Çinin aparıcı informasiya agentliyi Sinxuaya verdiyi müsahibədə bu Bəyannamənin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkilmiş, əməkdaşlığımızın gələcək inkişafı üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində bir sıra vacib prinsiplər önə çəkilmişdir. Bunlara qarşılıqlı hörmət, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq daxildir. Tərəflər vurğulamışlar ki, diplomatik münasibətlərin qurulmasından bəri yəni 1992-ci ildən etibarən əldə olunan nailiyyətlər yalnız başlanğıcdır və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi əsas hədəfdir. Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yeridən, regional və qlobal sülhə, sabitliyə töhfə verən mühüm tərəfdaşlardır. Bu baxımdan Astana görüşü zamanı iki ölkə liderlərinin qarşılıqlı səfərlər üçün dəvətləri, yüksək səviyyəli siyasi dialoqun davamlı olmasının göstəricisidir. Eyni zamanda nəqliyyat, logistika, enerji kimi sahələrdə əməkdaşlıq gündəlikdə xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz layihəsi, Çinlə Avropa arasında təhlükəsiz, sürətli və səmərəli birləşdirici marşrut kimi diqqətəlayiqdir. Bu infrastruktur təşəbbüsləri hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun inteqrasiyasına da ciddi töhfə verir. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməkdə maraqlıdırlar. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan etmiş, bu prinsiplərin pozulmaz olduğunu vurğulamışdır. Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən model bir münasibətdir. Mövcud razılaşmalar və qarşılıqlı etimada əsaslanan bu əlaqələr gələcək onilliklərdə daha da inkişaf edəcək, ortaq maraqlara xidmət edəcəkdir. Bu münasibət təkcə ikitərəfli əlaqələrin deyil, həm də Asiya ilə Qafqazı, Şərqlə Qərbi birləşdirən böyük bir sülh və əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilməkdədir. Bu tərəfdaşlıq dərin geosiyasi dəyişikliklərin fonunda müstəqilliyini qoruyub saxlayan, öz yolunu azad şəkildə seçən Azərbaycanın dünyaya açılan mühüm pəncərələrindən biridir. Əminliklə demək olar ki, mövcud razılaşmalar, iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahəsində əldə edilən uğurlar gələcək onilliklər ərzində də davamlı inkişaf üçün zəmin yaradacaq, xalqlarımız arasında dostluğu daha da dərinləşdirəcək. Bu strateji xəttə xalqımızın müxtəlif təbəqələri böyük dəyər verir. Onlar yaxşı bilirlər ki, davamlı sülh, güclü diplomatiya və sağlam beynəlxalq tərəfdaşlıqlar yalnız silah gücünü deyil, siyasi müdrikliyi və xalqın rifahını önə çəkən dövlətin gücünü göstərir. Veteranlarımız bu münasibətləri qazanılmış sabitliyin, qorunan ərazi bütövlüyünün, uğurla aparılan xarici siyasətin parlaq təzahürü kimi qiymətləndirir. Onlar üçün bu tərəfdaşlıq – sülhün, iqtisadi tərəqqinin və gələcək nəsillərə ötürüləcək etibarlı mirasın bir hissəsidir. Azərbaycan-Çin münasibətləri bu gün artıq model bir əməkdaşlıq nümunəsinə çevrilmişdir. Bu münasibət nəinki keçmişin təmkinli baxışını, bu günün uğurlu nəticələrini, eyni zamanda gələcəyin güclü təməlini əks etdirir. Bu tərəfdaşlıq körpüsünün hər bir sütunu dostluq, qarşılıqlı fayda və strateji sabitliklə ucaldılır ki, bu körpüdən gələcək nəsillər inamla keçəcəklərdir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu