Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları General-leytenant Şahin İsgəndər oğlu Məmmədovun Şərəfli Xidməti

8 Noyabr  - Zəfər Günü Azərbaycan xalqının tarixində əzəmətli qürur və şərəf səhifəsidir. Bu gün biz azadlığımız və suverenliyimiz uğrunda canını, qüvvəsini, biliyini Vətən yoluna sərf etmiş qəhrəman oğullarımızı ehtiramla yad edirik. Zəfərimizin təməlində belə igidlər, vətənpərvər, mərd, dövlətə sədaqətli komandirlər dayanır. Onların sırasında Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədov xüsusi yer tutur. Onun həyat yolu Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin necə olmalı olduğunu göstərən parlaq bir nümunədir.

Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandanlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1982–1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almış, 1986–1992-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1992-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana dönərək xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində davam etdirmişdir. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, qərargah rəisi, alay komandiri vəzifələrində, 1998-ci ildən etibarən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Qərargah rəisinin birinci müavini kimi yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ona general-mayor, 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Daxili Qoşunların komandanı vəzifəsi verilmişdir. 11 mart 2015-ci il tarixli Sərəncamla isə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Xidməti fəaliyyətində yüksək peşəkarlıq və vətənə sədaqəti ilə seçilən general Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, “Qarabağ” ordeni, “Hərbi xidmətlərə görə” medalı və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak etmiş, 1992-ci ildə Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi ilə yüksəklik düşməndən azad edilmiş, özü isə yaralanmışdır.

Bu gün Zəfər Günündə biz bir daha anlayırıq ki, Azərbaycanın qalib ordusu belə sərkərdələrin qətiyyəti, belə zabitlərin fədakarlığı sayəsində formalaşıb. General-leytenant Şahin Məmmədov kimi komandirlər öz həyatlarını dövlətin təhlükəsizliyinə, xalqın rifahına və torpaqlarımızın müdafiəsinə həsr ediblər. Onların xidmət yolu gənclərimiz üçün örnək, vətənə sədaqət məktəbidir. Bu gün Azərbaycan gəncləri bu qəhrəmanlardan ilham alır, onlardan öyrənir. Azərbaycan Veteranlar Təşkilatı adından general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu və onun timsalında bütün vətənpərvər zabit və əsgərlərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizlərin şərəfli xidmətiniz, fədakarlığınız və dövlətə sədaqətiniz xalqımız üçün qürur mənbəyidir. Qoy Zəfər ruhu daim yaşasın, Vətənimizin səsi hər zaman qalib səslə ucalısın! Yaşasın Azərbaycan əsgəri! Yaşasın qalib Ordumuz! Zəfər Gününüz mübarək!

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

2025-10-15 15:17:04
5678 baxış

Digər xəbərlər

Şamil Süleymanov-85

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yevlaxda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Yevlax şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Elnarə Əzizova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin  müdir müavini Hümbət Əhmədovun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu
Bir qrup şəhid ailəsi və Qarabağ əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu