Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş "Murovun Aslanı" adlı kitabının təqdimatı keçirilib.

Tədbirdən öncə Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Təbdirdə şəhid valideynləri və yaxınları, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhidin bacısı Ayna Abdullayeva, şəhid Orxan Paşayevin atası Nazim Paşayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, şəhid qardaşı Sakit Üçtəpəli,   fəlsəfə üzrə fəlsəfə doktoru,  "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi  İlqar İsmayılzadə,  Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti  iştirak ediblər.

Yüksək səviyyədə  keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndiriblər və müəllifə yeni-yeni uğurlar diləyiblər.

Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş  kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki,  şəhid kapitan Rəşad Abdullayev barədə qələmə alınmış bu kitabın ilk təqdimatı bu ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.

2025-10-24 16:48:11
2807 baxış

Digər xəbərlər

Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Elmi-praktik konfrans

28 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Konfransda Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların Kosmik Tədqiqi İnstitunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayev, İkinci Dünya müharibəsi veteranları general-polkovnik Tofiq Ağahüseynov, təyyarəçi mayor Damət Nəbiyev, keçmiş Sərhəd Qoşunlarının komandanı general-mayor Abbasəli Novruzovun,  kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayev, Kərim Kərimovun yaxın qohumu polkovniki Oqtay Əhmədov, veteranlar, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmış, Kərim Kərimovun həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 yanvar 2017-ci ildə xalqımız qarşısında mühüm xidmətlər göstərmiş, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sovet İttifaqı Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuş Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan bu Elmi-praktik konfrans da həmin sərəncamın həyata keçirilməsi ilə bağlıdır. Kərim Kərimov haqqında məruzələr dinləyəcəyinizi nəzərə alaraq, mən onun həyatı və fəaliyyəti barədə qısa qeydlərlə kifayatlənəcəyəm. O, 1917-ci ildə Bakının Pirşagi kəndinda neftçi ailəsində anadan olmuşdur. Hələ orta təhsil dövründən radiotexnikaya maraq göstərən Kərim 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, ali təhsil aldığı vaxt Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur. 1941-ci ildə İnstitutu elektromexanik mühəndis kimi bitirən Kərim Kərimova istedadına görə, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilir. Yüksək biliyə malik Kərim birbaşa akademiyanın V kursuna daxil olmuş, 1943-cü ildə buranı topçu-mühəndis ixtisası üzrə bitirmişdir. O, "Katyuşa" adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Öz işinə can yandıran, silahın təkmilləşdirilməsi barəsində bir neçə dəyərli təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmi və fiziki potensialını əsirgəməmişdir”. C.Xəlilov daha sonra Kərim Kərimovun keçmiş SSRİ və Azərbaycan elminə verdiyi töhfələrdən, SSRİ-də Aerokosmik sahənin inkişafındakı müstəsna xidmətlərindən danışmışdır: “K.Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir.  SSRİ-də kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın, Yuri Qaqarinin kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Kərim Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor Sergey Korolyov 1966-cı ildə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Ancaq bütün bu fəaliyyətlər necə deyərlər, kadr arxasında qalırdı. İnsanlar yalnız kosmonavtları tanıyır, onları hazırlayanlar, bütün fəaliyəti təşkil edənlərin adı isə gizli saxlanılırdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar K.Kərimovun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, çoxmodullu "Mir" stansiyası vardı. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bu sahədə bir çox azərbaycanlı alimin fəaliyyəti və inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. Kərim Kərimov iki dəfə Lenin, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordenlərinə  layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. O, 2 dəfə dövlət mükafatı almışdır”. C.Xəlilov çıxışını Ulu öndər Heydər Əliyevin 15 il əvvəl dediyi təbrik sözləri ilə bitirmişdir: “Sizin əməyiniz istər dövlət, istərsə də kosmik elm və texnikanın görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin topladığınız təcrübə və hərtərəfli biliklər ölkəmizdə kosmik tədqiqatların inkişafına, şübhəsiz töhfəsini verəcəkdir”. Sonra Kərim Kərimovun çoxsahəli fəaliyyəti barədə Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların kosmik tədqiqi institunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayevin məruzə etmiş və general-polkovnik Tofiq Ağahüseynovun, e/o polkovnik Oqtay Əhmədovun çıxışları dinlənilmişdir. Onlar Kərim Kərimov haqqında xatirələrini bölüşmüş, kosmonavtika elminə töhfələrindən danışmış, onun xatirəsini daim  əziz tutulduğunu, qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişlər. Çıxışlardan sonra rejissor Vasif Babayev Kərim Kərimov haqqında çəkdiyi sənədli televiziya filmi nümayiş etdirilmişdir. Kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayevə RVT Rəyasət Heyətinin qərarı ilə verilmiş “Veteran həmrəylilyi” medali ona təqdim olunmuşdur.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

Hamısını oxu
Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib

İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yoluna , qəhrəmanlıq salnaməsinə fəxrlə bir daha nəzər salsaq görərik ki. 1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla,  bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə  qeyd etmişdir ki, bu qələbə heç də asan başa gəlməyib. “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği  bu gün də ciddi əhəmiyyətə malikdir. Həmçinin 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. "Qəhrəmanlar unudulmur" ifadəsi, cəmiyyətin tarixi irsini, mədəniyyətini və dəyərlərini qorumaq üçün vacibdir. Qəhrəmanların hekayələri, gələcək nəsillərə ilham verərək, cəsarət, fədakarlıq və insanlıq dəyərlərini aşılayır. Heç kəs, öz qəhrəmanlarını unutmamalı və onların xatirəsini yaşatmalıdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün qəhtəmanları həmişə minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaq. Bunlardan biri də Sovet İttifaqı qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovdur. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın,Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır. Qəzənfər Əkbərovun adı, xüsusilə Azərbaycanın müharibə tarixində əvəzsiz yer tutur və müasir dövrdə də igidlik, vətənpərvərlik və cəsarət simvolu olaraq yaddaşlarda qalır.Qəzənfər Əkbərovun ömür yolu  və döyüşlərdəki fədakarlığı, gənclərə vətənə sevgi və vətəndaşlıq borcu öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.Qəzənfər Əkbərovun həyatı və müharibə dövründəki qəhrəmanlığı, müasir dövrdə də hər bir vətəndaş üçün böyük bir ilham mənbəyidir. Onun döyüşlərdəki şücaəti, cəsarəti və hərbçi olaraq sərgilədiyi igidlik yalnız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə deyil, həm də Azərbaycan xalqı tərəfindən uzun illər boyu böyük ehtiramla anılmasına səbəb olmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu