Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi

Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi

 

Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi.

 

 

Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.

 

Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi

 

Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır.

Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.”

Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur.

Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur.

 

Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura

Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir.

Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.

 

Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.

 

Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı

2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.

 2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır.

2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.

 

Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”

  Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır.

 

Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü

Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır.

“Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil  bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.

 Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib.

Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır.

Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur  lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.

 

Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi

“Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir.

 Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.

 

 Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti

 

Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı.

 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü.

 

Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti

 

Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.

 Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.

 

            Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi.

 Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər.

  

Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik:

Qarabağ Azərbaycandır!

Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq!

 

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-11-04 11:14:07
4055 baxış

Digər xəbərlər

“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə  “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub: “Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək. Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi. Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifinə çevrildi”. Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun mübarizə əzmindən xəbər verir.  Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor, şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət və ehtiramla yad edildiyini bildirib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib.  İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət platformalarda aparılır. Buna görə də hər kəsin milli maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq sərgiləməsi vacibdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris  işləri üzrə müavini professor Əlikram Abdullayev də konfransda iştirak edib. Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar verilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdən öncə qaziləri Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qaziləri təşkilatın fəaliyyəti ilə yaxından tanış edib, onların suallarını cavablandırıb.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə çıxış edən təşkilatın sədri Fatma Səttarova, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın sadəcə milli tariximizə deyil, bütövlükdə dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, qazilərə bayram sovqatı verilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub. Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. video Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır. “Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Tanklarımız atəş mövqeyinə çıxarıldı

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir. Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.

Hamısını oxu