Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü.

Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər.

Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

“44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur.

“Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

“Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.

Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.

Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.

Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

2025-11-08 19:39:39
7971 baxış

Digər xəbərlər

Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi.  Tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb. Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır. Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı  

Hamısını oxu
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Aprel ayının 14-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və  tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər  sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, hər zaman dövlətçiliyə xidmət ediblər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilən Kəlbəcər rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq kəlbəcərlilərin yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlarını bildirib. Rayon Ağsaqqallar Şurasının növbəti tədbirlərinin doğma Kəlbəcərdə keçirilməsi arzusunu dilə gətirən  Azər Qocayev çıxışının sonunda yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar diləyib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq kəlbəcərli ağsaqqallarla növbəti görüşdən məmnun olduğunu bildirib. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi inkişaf yolundan söz açan natiq Azərbaycanın hər bölgəsində olduğu kimi, ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə də ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bayram Yusifov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şurada həyata keçirilən işlərdən də ətraflı bəhs edib. Bildirib ki,  ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük   məsuliyyətin düşdüyünü vurğulayıb. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı və işlərində uğurlar diləyib. Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib. Aqil Məmmədov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin rayon ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və digər tədbir iştirakçıları yeni seçilən sədri təbrik edərək, ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayıblar.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı 2 aylıq layihə icra etməkdədir. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır,  milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən əsas fəaliyyətlərdən  biri də aztəminatlı və şəhid ailələrinə yardım göstərməkdir. Belə ki, layihə dövründə 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərilib.  

Hamısını oxu