Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir.

Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi.

Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi.

Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir.

Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı.

Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.”

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı.

Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır.

Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana!

Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-11-09 21:32:40
8609 baxış

Digər xəbərlər

Brüsseldə növbəti diplomatik nailiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.    Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
“Güləşçilərimizin qələbəsi Azərbaycanın idman dövləti kimi qüdrətindən xəbər verir”

Naqif Həmzəyev: “Uğurlarımız beynəlxalq səviyyədə etiraf olunmaqdadır” Azərbaycan güləşçilərinin istər sərbəst, istərsə də yunan-Roma güləşi üzrə Avropa çempionatında qazandıqları möhtəşəm qələbələr cəmiyyətdə böyük coşğu ilə qarşılanıb. Moderator.az-a açıqlamasında güləşçilərimizin uğurlarını şərh edən millət vəkili Naqif Həmzəyev, bütün bu uğurların Azərbaycanın idman dövləti kimi qüdrətindən xəbər verdiyini vurğulayıb: “Güləşçilərimiz son Avropa çempionatında böyük uğurlara imza atdı və bu uğurlar hər bir azərbaycanlıda böyük sevinc və coşğu yaratdı. Güləşçilərimiz öz uğurları, mübarizələri ilə sübut etdilər ki, Azərbaycan bütün digər sahələrdə olduğu kimi, idman müstəvisində də ən qabaqcıl dövlətlərdən biridir və idman sahəsində böyük potensiala, zəngin ənənələrə malikdir. Mən bu münasibətlə bütün güləşçilərimizi, onların məşqçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Güləşçilərimizin əldə etdiyi zəfərlər Azərbaycan xalqının və dövlətinin qələbəsidir. Bu qələbə dövlətimizin qüdrətindən, onun idman siyasətinin səmərəliliyindən xəbər verir. Ən əsası, bu uğur dövlət başçısının idmana olan mütəmadi diqqət və qayğısının göstəricisidir.  Güləşçilərimizin bu uğurları onu deməyə əsas verir ki, Azərbaycanda idman sahəsində ciddi inkişaf var və bu inkişafın miqyasını yaxın gələcəkdə daha da genişlənə bilərik.   Azərbaycan idman ölkəsidir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana böyük diqqət göstərilir. 2003-cü ildən  bugünə qədər ölkəmizdə 70-ə qədər Olimpiya Kompleksləri, idman mərkəzləri inşa edilib, idmançıların inkişafı üçün münbit şərait yaradılıb. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə Azərbaycan idmançıları ölkəmizi yüksək səviyyədə təmsil edib. Azərbaycanın özündə də mötəbər tədbirlər keçirilib və ölkəmiz bu sahədə yeni standartlar formalaşdırıb. Yəni Azərbaycan idman tədbirlərinin təşkili ilə bağlı meyarları maksimum səviyyəyə qaldırıb ki, bu da beynəlxalq səviyyədə etiraf olunmaqdadır.  İnanıram ki, yaxın gələcəkdə idman sahəsindəki uğurlarımızı daha da genişləndirəcək və yeni-yeni qələbələr əldə edəcəyik”. Seymur ƏLİYEV        

Hamısını oxu
Türkan qəsəbəsində veteranlar və gənclər ağacəkmə aksiyasında iştirak edib

Respublika Veteranlar Təşkilatının əməkdaşları Cabir Kazımov və  Nəbi Hacıyev 7 may 2021-ci il tarixində Xəzər rayonu Türkan qəsəbəsində  ağacəkmə aksiyasında iştirak edib. Tədbirdə Xəzər rayonunun Veteranlar Təşkilatının sədri Məcnunov Səxavət ,”Ölməz alay”ın veteranları, Türkan qəsəbəsinin icra nümayəndəsi və gənclər iştirak etdilər.    “Xatirə bağı”nda keçirilən aksiyada Böyük Vətən Müharibəsində və 44 günlük Vətən Müharibəsində həlak olanların xatirəsinə ağaclar əkilib, yeni yaşıllıq zolağı salınıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
416-cı milli atıcı diviziyasının qəhrəman döyüşçüləri hər zaman xatırlanacaq

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti 416-cı Azərbaycan atıcı diviziyasının Rusiya Federasiyasının Taqanroq şəhərinin alman-faşist işğalçılarından azad olunmasının 76-cı ildönümünə həsr olunmuş bayram tədbirində, eləcə də Taqanroq şəhərində “Hərbi Şöhrət Şəhəri”  abidəsinə və “Sambek yüksəkliyi” memorial abidə kompleksinə əklil qoyma rəsmi mərasimlərində iştirak etmişlər. Səfər proqramına uyğun olaraq Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Taqanroq şəhərinin Administarsiyasında,  şəhər Veteranlar Şurasında və 26 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən 416-cı Azərbaycan atıcı diviziyasına həsr olunmuş muzeydə keçirilmiş rəsmi görüşlərə qatılmış, Hərb Tarixi muzeyində olmuşlar. Bundan əlavə, Taqanroq şəhərində yaşayan Azərbaycanlıların milli-mədəni avtonomiyası - “Dostluq-Дружба” cəmiyyətinin rəhbərliyi və üzvləri ilə görüş keçirmişlər. Taqanroq şəhəri Hərb Tarixi muzeyində olan  Respublika Veteranlar Təşkilatının nümayəndə heyətinə muzeyin yaranma tarixi haqqında, ekskursiya keçirərək nümayiş olunan eksponatlar barədə məlumat verilib. Sonda nümayədə heyəti muzeyin qonaqlar kitabına xatirə olaraq ürək sözlərini qeyd ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti 26 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən 416-cı Azərbaycan atıcı diviziyasına həsr olunmuş muzeyi ziyarət edib. Muzeyin direktoru Kotelevskaya Qalina muzeyin yaranma tarixi, 416-cı diviziyanın keçdiyi şərəfli döyüş yolu haqqında, nümayiş olunan eksponatlar barədə qonaqlara ətraflı məlumat verib. Səfərdə olan nümayəndə heyəti eyni zamanda Taqanroq şəhəri müharibə, təqaüdçülər, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları surasının sədri ilə görüşlər keçirilmişdir. Görüşdə Taqnroq şəhəri Administrasiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin rəisi Dolqorukova Svetlana, şəhərdə fəaliyyət göstərən ictimai birliklərin rəhbərləri və nümayəndələri iştirak etmişlər. Şuranın sədri Başarina Olqa tədbiri açaraq rəhbərlik etdiyi şuranın yaranma tarixi, fəaliyyəti və keçirilən tədbirlər haqqında danışıb.  Görüşün sonunda Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik C.Xəlilovun və A.Qritçenkonun müəllifləri olduğu “Победа и память” kitabı Taqnroq şəhəri Administrasiyasına təqdim olundu.   Səfərdə olan Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti baş tutmuş görüşlərdə təmsil olunduqları Respublika Veteranları Təşkilatının yaranma tarixindən, rəhbərliyi haqqında, fəaliyyətinin əsas istiqamətləri və dövlət rəhbərliyi tərəfindən - Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın veteranlara daim göstərilən diqqət və qayğıdan, veteranların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və son dövrdə Respublikamızın sürətli inkişafından, dünya miqyasında qazandığı uğurlar barədə məlumat vermişlər. Taqanroq şəhəri Administrasiyası rəhbərinin sosial məsələlər üzrə müavini Qolubeva İrina Respublika Veteranlar Təşkilatının nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı 416-cı Azərbaycan atıcı diviziyasının şərəfli döyüş yolu haqqında fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmiş, gələcəkdə belə görüşlərin keçirilməsinə dair razılıq əldə olunmuşdur. Görüş zamanı O.Qolubeva və Taqanroq şəhərində yaşayan Azərbaycanlıların milli-mədəni avtonomiyası - “Dostluq-Дружба” cəmiyyətinin sədri İbrahimov Tacəddin Cəlil oğlu  Respublika Veteranları Təşkilatının təsis etdiyi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan “Həzi Aslanov” medalı ilə təltif olunmuşdur. Səfərin növbəti günü  Taqanroq şəhəri Administrasiyasının inzibati binasını qarşısındakı meydanda “Hərbi Şöhrət Şəhəri”  abidəsi önündə əklil qoyma mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə şəhər Dumasının sədri Titarenko İnna açmış, O, çıxışında şəhərin alman-faşist işğalçılarından azad olunmasında bilavasitə iştirak edən 416-cı atıcı diviziyasının şəxsi heyətinin göstərdiyi fədakarlığı, qəhrəmanlıq və şücaətini xüsusi qeyd etmişdir. Sonra  abidə önünə əklillər və gül-çiçək dəstələri qoyulmuşdur. Səfər proqramına əsasən avqust ayının 30-nda Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti “Sambek yüksəkliyi” memorial abidə kompleksinə yola düşmüşdür. Baş tutmuş tədbirdə  Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti tədbirin rəyasət heyəti tərkibinə daxil edilərək tribunaya dəvət olunmuşdur. Mərasimi giriş sözü ilə Rostov vilayətinin qubernatoru Qolubev Vasiliy açmış və  O, çıxışı zamanı Rostov və Taqanroq şəhərlərinin alman-faşist işğalçılarından azad olunması tarixindən, veteranlara göstərilən qayğıdan və vilayətin bugünkü inkişafından danışmışdır. Rəsmi əklil qoyma mərasimi keçirilmiş və Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti döyüşlərdə həlak olmuş, lakin qalıqları indi tapılmış 45 adsız hərbi qulluqçuların qardaşlıq məzarında dəfn olunması prosesində iştirak etmişdir. Bununla səfər proqramının rəsmi tədbirləri başa çatmışdır.

Hamısını oxu