Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır.

Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik.

Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq.

Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.

 

Allah rəhmət eləsin.

2025-11-12 12:33:07
9722 baxış

Digər xəbərlər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər. Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var. Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. “Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur. “Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib. Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Hamısını oxu
“Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi”

Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular.  Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: “Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”.   “Ədəbiyyat və incəsənət” (13.08.2026)

Hamısını oxu
"Öz adınızı hər birimizin könlünə, yaddaşına, milli tariximizə qızıl hərflərlə həkk etmisiniz..."

  Hörmətli, cənab Prezident! Hörmətli Ali Baş Komandan!    Sizi 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir,  möhkəm cansağlığı, xoşbəxt illər, ölkəmizin və xalqımızın inkişafı və tərəqqisi naminə yorulmaz xidmətlərinizdə böyük  uğurlar arzu edirəm.   Cənab Prezident!   Siz, Ulu öndər, dünya şöhrətli böyük siyasi və dövlət xadimi   Heydər Əliyevin layiqli siyasi varisi və ideya davamçısı olaraq nəinki onun vəsiyyətlərini uğurla həyata keçirmiş,  habelə öz  şərəfli adınızı Türk Dünyasının,  xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazmışsınız. Milli və beynəlxalq səviyyədə tanınan və sevilən siyasi lider olaraq Azərbaycan tarixində ilk dəfə milli birliyimizi, bir yumruq kimi birləşdirərək, şəxsi səyiniz və böyük sərkərdəlik bacarığınızla erməni faşistlərinin on illərlə   işğal altında saxladığı torpaqlarımızı azad, milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü və Konstitusiya quruluşumuzu bərpa etdiniz.    Bu gün Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında bərqərar olmuş, beynəlxalq və regional səviyyədə söz sahibinə çevrilmiş, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmiş və böyük uğurlara imza atmışsınız. Bütün bunlar da bu gün, ölkə rəhbəri kimi sözünüzün imzanız qədər nüfuzlu və mötəbər olduğunu  tam təsdiq edir.    Əziz Prezidentimiz!  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu günki müstəqil   Azərbaycan Respublikası , Sizin səyinizlə  millətimizin və xalqımızın şah əsərinə çevrilmişdir. Siz, ölkə rəhbəri, ölkə Prezidenti olaraq millətimizin, dövlətimizin və xalqımızın tarixinə  heç vaxt olmayan, çoxsaylı  şanlı səhifələr, tarixi qələbər yazmış, bununla da öz adınızı da hər birimizin könlünə, yaddaşına, milli tariximizə  qızıl hərflərlə həkk etmişsiniz.    Doğum gününüz mübarək olsun! Allah Sizi qorusun və millətimizə çox görməsin! Sizinlə qürur duyur və  fəxr edirik.      Hörmətlə,   Müharibə və Əmək veteranı, Baş Ədliyyə müşaviri,  Hüquq elmləri doktoru, professor Bəhram Zahidov  

Hamısını oxu