Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında hesabat yığıncağı keçirilib

26 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illə bağlı hesabat yığıncağı keçirilib.

Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəli sükutla yad edilib.

Tədbiri açıq elan edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov 2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığını bildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranın müraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasında konkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci il üçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilin fəaliyyət planının təsdiq edildiyini vurğulayıb.

Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Kərim Rzayevin məruzəsi dinlənilib.

Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev, Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz Rayon Təşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindən görülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunu bildiriblər.

Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi veteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib, ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldar İbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovu yubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr və təltiflər təqdim ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general Müşfiq Məmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib.

Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

 

2025-12-26 13:55:00
2590 baxış

Digər xəbərlər

Sizin sayənizdə qalib gəldik - PREZİDENTƏ MİNNƏTDARLIQ

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. ABŞ-ın Hyuston şəhərindən Samir Novruzov yazır: “Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Laçının azad olunması münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycan xalqını zirvələrə ucaltdınız. Müharibə dövründə biz hamımız bir olduq və sonda ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Siz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni şanlı və qürurlu səhifə yazdınız, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdiniz. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti!”. Türkiyənin İstanbul şəhərindən İsmail Çağlıyan: “Müzəffər Ali Baş Komandan, cənab Prezident, bütün türk xalqlarına yaşatdığınız bu mübarək Zəfərinizə görə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirik. Allah-Təala Sizi qorusun! Yaşasın əbədi Azərbaycan! Qəlbimiz daim Sizlərlə döyünür. Hörmət və minnətdarlığımla əllərinizdən öpürəm”. Ağsu rayonundan Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız. Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir. Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız. Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun! Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər. Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır. Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”. Şəmkir rayonundan Əziz Aslanovun məktubunda deyilir: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, biz Aslanovlar ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda, qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi Aslanovlar ailəsi adından ürəkdən təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun! Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu qürurverici və sevinc hisslərini bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Torpaqlarımızı özümüzə qaytardınız. Xalqımızın həsrətinə son qoydunuz. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, bu torpaqlar Azərbaycanındır. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Azərbaycanın gələcəyi isə düşünürəm ki, çox parlaqdır. Çünki bu ölkənin Sizin kimi əvəzolunmaz Prezidenti, Ali Baş Komandanı var”. Samux rayonundan Natiq Allahverdiyev: “Əziz və hörmətli Prezidentim, mən bir sadə kəndli kimi möhtəşəm Qarabağ Qələbəsi münasibətilə Sizi üzbəüz təbrik etmək, bir ağsaqqal kimi Sizi bağrıma basmaq istərdim. Çünki Siz uzun illər ərzində millətin qəlbində olan nisgilə son qoydunuz, xalqımızı torpaqlarımız üçün ayağa qaldırdınız, xalqımızın qürur hissini bərpa etdiniz, azərbaycançılığın nə demək olduğunu balalarımıza əyani göstərdiniz, Qarabağımızı Azərbaycanımıza qaytardınız. Sizə ömrümün sonuna kimi minnətdaram, cənab Ali Baş Komandanım. Uca Allahdan arzu edirəm ki, Sizə uzun ömür, cansağlığı versin. Allah-Təala Sizi çəkdiyiniz əziyyətlərin bəhrəsi olaraq dövlətimizi arzuladığınız bir dövlət kimi görmək xoşbəxtliyi qismət eləsin. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Allah Sizi və xalqımızı qorusun!”. Gəncə şəhər sakini Mürsəl Əliyevin məktubunda deyilir: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq. Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik. Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz. Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin. Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”. Zərdab sakini Rəşid Mahmudov: “Müzəffər Ali Baş Komandan, Sizi və xalqımızı təbrik edirəm. Bu Qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Sizin sayənizdə bu xoş günləri biz yaşadıq. Bir gənc olaraq mən Sizinlə eyni bir əsrdə yaşadığım üçün, gözəl günlərin şahidi olduğum üçün çox sevinirəm. Cənab Prezident, mənim qardaşım da könüllü döyüşlərdə iştirak edib hazırda Qarabağ ərazisindədir. Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz. Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun. Daim Sizin arxanızdayıq, Sizinləyik. Dövlətimizi Sizə, Sizi isə Uca Allaha əmanət edirəm”. Qusardan Tahirə Nurəhmədova dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, bu məktubu Qələbə müjdəli xoş xəbərlərdən ruhlanaraq yazıram. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etməyə məcbur oldu. Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir ki, işğalda olan torpaqlarımız itkisiz geri alındı. Bu münaqişənin siyasi, diplomatik həll yoludur və buna Sizin sayənizdə nail olduq. Cənab Prezident, mən şəhid anasıyam, oğlum oktyabr ayında Vətən müharibəsində şəhid olub. Ana üçün bala itkisi böyük dərddir. Amma təskinliyi onda tapıram ki, işğal altında olan torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Təki Vətən sağ olsun! Allah Sizləri qorusun! Müzəffər Ordumuza eşq olsun!”. Qəbələ Zahir Seyidov: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Siz, 27 ildən artıq sürən həsrətə 44 günlük Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad etməklə tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız. Biz Sizə güvəndik və inandıq, yenə də inanırıq və həmişə inanacağıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”. Sabirabad rayonundan Ramiz Nifbalayev: “Müzəffər Ali Baş Komandan, bizə yaşatdığınız möhtəşəm Qələbə sevincinə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Erməni işğalçıları ilə cəbhədə qəhrəman əsgərlərimiz, Ermənistan və ermənipərəst ölkələr qarşısında isə Siz vuruşdunuz. Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdiniz. Biz bütün Azərbaycan xalqı olaraq hazırda böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən və müdrik siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Dualarımız hər zaman Sizinlədir”. İmişli rayonundan Tural Əhmədov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 2003-cü il oktyabrın 15-də Siz Azərbaycan Respublikasının Prezidenti seçilərkən hər bir gənc kimi mənim də sevincimin həddi-hüdudu yox idi. Aprel döyüşlərində məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində qalibiyyət əldə edərək, Lələtəpədə üçrəngli bayrağımızı dalğalandırmaqla sevinc üstünə sevinc bəxş etdiniz. Rəşadətli Ordumuzun şücaəti və Sizin uğurlu siyasətiniz nəticəsində doğma torpaqlarımızı bütünlüklə düşməndən azad etdiyiniz üçün, bizə bütöv Azərbaycanı bəxş etdiyiniz üçün təşəkkür edirik. Bu günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman demisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm və bunu sübut etmisiniz. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Neftçaladan Eldar Əhmədov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”. İmişli sakini Novruz Hüseynov: “Hörmətli, cənab Prezident, Zati-aliləri, Müzəffər Ali Baş Komandan, müqəddəs müharibə olan Vətən müharibəsində Ordumuzun qazandığı möhtəşəm Qələbəyə görə, ən əsası, 30 ilə yaxın xain Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, müstəqil və ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın inkişafı naminə görəcəyiniz işlərdə Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!”. Qax rayon sakini Nemət Məmmədov: “Salam olsun Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Qarabağın tam azad olunması münasibətilə Sizi və Azərbaycan Xalqını, Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Siz bu möhtəşəm Qarabağ qələbəsi ilə Azərbaycan xalqını çox sevindirdiniz. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Sizin yürütdyünüz siyasəti dəstəkləyirəm”. Bakı sakini Azər Sadıqov: “Allahımın xoş xasiyyətli və mərd bəndəsi, xalqımın Prezidenti, Ordumun Müzəffər Ali Baş Komandanı və qədim Şuşamın igid Fatehi möhtərəm İlham Əliyev, Azərbaycanda hər il Anım və Qələbə günlərinin qeyd olunması barədə imzaladığınız Sərəncamla sanki biz Qarabağ müharibəsi veteranlarına bir nəfəs vermiş oldunuz. Sevincimdən göz yaşlarımı gizlədə bilmədim və sevincimi Sizinlə paylaşmağı qərara aldım. Üç il bir tankçı zabit kimi səngər həyatını yaşadım. Öz-özümə deyirdim ki, görəsən Allah bizlərə Qələbə gününü qismət edəcəkmi?! Çox şükür Allaha. Allahın nəzəri üstünüzdən əskik olmasın! Amin!”. Lerik sakini Naib Quliyev: “Cənab İlham Əliyev, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti, cənab Prezident, Sizin qətiyyətli, yenilməz sərkərdə cəsarətiniz və diplomatik məharətiniz sayəsində tarixin şanlı günlərini yaşayır. Düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyiniz və müzəffər Ordumuzun qüdrəti ilə azad edilmiş və ərazi bütövlüyümüz bərpa olunmuşdur. Sizin dəmirdən möhkəm yumruğunuz düşmənin başını əzdi. Cənab Prezident, Siz 44 gün ərzində ermənipərəst dövlətləri layiqincə dəf etdiniz. İnanmaq olmur ki, 27 il ermənilərin işğalında olan Qarabağımız 44 günə azad edildi. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün xalqımız böyük sevinc və qürur hissi keçirir. 74 yaşlı bir insan, 46 ilin müəllimi kimi ailəmizlə bərabər Sizi və xanımınızı ürəkdən təbrik edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev! Eşq olsun rəşadətli, şanlı və məğlubedilməz Azərbaycan Ordusuna! Gözün aydın, Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Füzuli sakini Fəxri Balakişizadə: “Cənab Prezident, mən Sizi ürəkdən təbrik edirəm. Yaxşı ki, varsınız, cənab Prezident. Həqiqətən Siz həm xarici qüvvələrlə müharibədə qalib gəldiniz, həm də Ali Baş Komandan kimi Ordumuzla, millətimizlə birlikdə düşmənin belini qırıb, məğlub etdiniz. Təbii ki, bunu Sizin rəhbərliyinizlə və Ordumuzun şücaəti ilə bacardıq. Mən Sizinlə fəxr edirəm, Allah Sizə uzun ömür, cansağlığı versin. Cənab Prezident, inanın ki, bizlər həmişə Sizin yanınızdayıq və Sizi ömür boyu Azərbaycanın Prezidenti görmək istəyirik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Biz birlikdə güclüyük! Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Qarabağ Azərbaycandır!”. Naftalan sakini Gülnar Quliyeva: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, əziz Sərkərdəmiz, doğma Qarabağımızı böyük zəfərlə bizə qaytardığınıza görə ailə üzvlərim və öz adımdan Sizə və çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Çox xoşbəxtik ki, dünya diplomatiyasında sözünü deyən, hərbidə əsl sərkərdə, həyatda humanist insan, uzaqgörən Prezidentimiz var. Biz naftalanlılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi hər zaman Sizinlə bir olmuşuq. Bundan sonra da bu yolla daim sədaqət və fədakarlıqla gedəcəyik. Sizin səhiyyə işçilərinə olan qayğınız məni bir tibb işçisi olaraq hər zaman daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır. Bu qayğıya və verdiyiniz dəyərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Uca Allah Sizə yar olsun!”. Zaqatala sakini Zahid Ramazanov: “Hörmətli cənab İlham Əliyev, mən sadə bir kənd sakiniyəm və Sizə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Hörmətli İlham Əliyev, Siz bu gün sadəcə Prezident deyilsiniz, ondan da qat-qat yüksəkdəsiniz. Siz bütün Azərbaycan xalqını xoşbəxt edən, bütün xalqımızı qürurlandıran bir Sərkərdəsiniz. Mən yaxşı bilirəm ki, bütün insanlar belə düşünür, bu gün qazanılan Qələbə uzun illər görülmüş işlərin nəticəsidir. Bu işləri Siz görmüsünüz. Cəbhədə qazanılan Qələbədə əlbəttə ki, əsgərlərimizin əməyi və qorxmazlığı böyük rol oynayıb, bu, danılmazdır. Amma nə qədər qorxmaz və cəsarətli əsgərlər olsa da, onlara səhv rəhbərlik edilsə, onlar qalib gələ bilməzlər. Ona görə də hər şeydən əvvəl hesab edirəm ki, Sizin düzgün və hesablanmış siyasətini bizim Qələbəmiz üçün ən vacib amil idi. Bütün xalqımız kimi, mən də fəxr edirəm ki, biz qalib xalqıq və bu Qələbənin başında İlham Əliyev dayanır. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
İlham Əliyev – Zəfər və Qələbənin Memarı

Heydər ƏLİYEV:  Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm   Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə, inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə həsr edən, əbədi istiqlaliyyətinə nail olmaq üçün əlindən gələni əsirgəməyən müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanın taleyində əvəzsiz rolu, xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qüdrətli bir dövlət xadimini, mənəvi və siyasi Varisini yetişdirməsi olmuşdur. Ulu Öndərin varlığını fəda etdiyi, qurduğu, memarı olduğu müasir Azərbaycanın taleyini etibar edəcəyi dövlət xadiminin seçilməsində nümayiş etdirdiyi “müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır”. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” kəlamı Ulu Öndərin uzaqgörənliyinin sübutudur. Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual potensialı və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” nidası ilə əlini “Qurani-Kərim”ə və Anayasaya basaraq and içən Prezident İlham Əliyev qısa zaman kəsiyində xalqın böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. “Ötən illərin reallıqları Ulu Öndər Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun əvəz olunmazlığını sübuta yetirməklə kifayətlənmədi, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəyə çevirdi”. Bu səbəbdən də Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı, örnək bir məkana çevrilir.  “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik” nidası ilə tarix yaradan, idarəçilik təlimini təkmilləşdirən Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bu prioritetlərlə islahatların yeni mərhələsinin başlanğıcını qoymuş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların təməl prinsiplərini müəyyən etmiş, üstündən ötən yeddi il ərzində bir dövlət başçısı olaraq istəyinə nail olmuşdur. Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu qazanan, dünyaya gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı, dünyanın düzənini, mizanını dəyişdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticəsində Azərbaycan 30 illik işğala, intizara son qoydu, ərazi bütövlüyünü bərpa etdi. “Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu”, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, Lider – Xalq birliyinə nail olaraq birliyin, bütövlüyün rəmzinə çevrildi. Azərbaycan xalqı dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha dərk etdi. Prezidentin xarici televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olmaqla yanaşı, illərin informasiya blokadasına son qoydu. “Bavariya sizin üçün nədirsə, Qarabağ da bizim üçün odur. Bioresurslarsa burada – Bakıdadır!” cavabı ilə alman jurnalisti susdurduğu kimi hər qarış torpağın Vətən üçün nə qədər dəyərli, qiymətli olduğunu sübut etdi. Şuşanın fəthi ilə Ata vəsiyyətinə əməl edən Liderin Fəxri xiyabanda Ulu Öndəri ziyarəti isə bir başqa dünya, aləm idi. Həmin gün Müzəffər Ali Baş Komandan təkcə general atasına, sərkərdə xaqan ucalığı ilə hesabat vermədi. Ana sevgisindən, Ana Vətən sevgisinə körpü saldı. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün əlamətdar tarix kimi təqvimə qovuşdu”. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlərin ruhunu şad etdi. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandı. Məcburi köçkünlər tikilib-qurulan, qarış-qarış dirçələn ata-baba yurdlarına qayıtdı. “Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisi idi. Son 22 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini İlham Əliyevə verməklə Heydər Əliyev irsinə etibarını, sədaqətini nümayiş etdirdi”. Nadir şah Əfşarın fütuhatlarından 300 il sonra Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan beynəlxalq əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. “Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər, ölkəmizlə əməkdaşlığa önəm verirlər.” Bu gün Azərbaycan Respublikasının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan qüdrətli dövlətə çevrilib. Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzu getdikcə artırıb. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. Qarabağda, Şərqi Zəngəzurda əldə olunan tarixi zəfər, möhtəşəm qələbələr sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək “Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur”. Bu səbəbdən də dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün analitiklər qeyd edirlər ki, həqiqətən də, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir. “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yaradan, mənsub olduğu millətin haqq səsinə dönən, siyasi hakimiyyətinin hər iki mərhələsində Odlar Yurdu Azərbaycanın kompleks inkişafına nail olan Ulu Öndər Heydər Əliyev haqqında ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevanın tarixi bir kəlamı var: “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır.” Bu müdrik kəlamı tərəddüt etmədən, 22 ildir mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan kimi millətinin imzasına, Zəfər, Qələbə memarına çevrilən “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi ədaləti bərpa edən, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var!” hikməti ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atan, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, Naxçıvanın blokadadan xilasına, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, Platonun “Xalqı yaşat ki, dövlət yaşasın” kəlamlarını gerçəyə çevirən Zəfər, Qələbə memarımızın irsinə, şəxsiyyətinə aid etmək olar. Prezident İlham Əliyev əyilməz iradəsi, bütöv xarakteri, mütəfəkkir dövlət xadimlərinə xas xüsusiyyətləri ilə sübut edir ki, həqiqətən də Tanrı onu mənsub olduğu millətin, məmləkətin birlik, bütövlük rəmzi olaraq dünyaya gətirib! Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
RVT-nin Rəyasət Heyətinin iclası keçirilmişdir

12 sentyabr  2017-ci  ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatının Rəyasət  Heyətinin iclası keçirilmişdir. Gündəliyinə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barəsində məsələ müzakirə edilmişdir. RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik C.Xəlilov Təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci üzrə fəaliyyətini yüksək qiymətləndirmiş, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclətrin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördüyü işləri qənaətbəxş hesab etmişlər. Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar Təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunmuşdur. RVT-nin ümumi fəaliyyətinin gücləındirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif olunmuşdur. Hər iki təklif səsə qoyularaq, yekdilliklə qərar qəbul olunmuşdur.  

Hamısını oxu
“TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilkdir”

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilk, bir başlanğıcdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, adıçəkilən forumun iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Bakıda keçirilən bu tədbir türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu: “Bakıda TDT-ə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum forumda iştirakı bütövlükdə bu tədbirin önəmindən xəbər verir.  Hər şeydən öncə qeyd edək ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Belə ki, Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirlər həyata keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. TDT üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Bakıda keçirilən həmrəylik forumu, tədbridə iştirak edən bütün QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, bu forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”.  Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanan məktubunun və bu məktubda yer alan nüansların da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Prezident İlham Əliyev Forum iştirakçlarına ünvanlanan məktubunda bu mühüm tədbirin əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu yada saldı, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyini vurğuladı. Dövlət başçısı məktubunda konkret təkliflə də çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin türk dünyası QHT-lərinin gələcək əməkdaşlğına böyük ümidlər bəslədiyini, bundan sonra da bu əmədkaşlığa dəstək verməyə hazır olduğunu, sözügedən əməkdaşlığın nəticələri ilə bağlı ciddi gözləntilərə malik olduğunu göstərir. Prezident İlham Əliyevin bu yanaşması Forum iştirakçıları, habelə türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lər üzərində mühüm məsuliyyət qoyur. TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən Forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirməli, bu əməkdaşlıq mahiyyət etibarilə bütün türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə buna nail olacaq, QHT-lər olaraq dövlətlərimizin və xalqlarımızın əldə etdiyi müvəffəqiyyətlərə daha ciddi töhfələr verəcək, türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu