Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur.

Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur.

Sadə həyatdan ölümsüzlüyə uzanan yol...

Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb.

Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb. 

Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir.

Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur.

Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi...

1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir.

Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur.

Şəhidliklə nəticələnən xilas əməliyyatı...

Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi.

“Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı.

Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü.

“Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur.

Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid

İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur.

Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir.

Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək.

Seymur ƏLİYEV

 

2026-01-22 14:48:00
2446 baxış

Digər xəbərlər

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır. Modern.az xəbər verir ki, layihə ölkə üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Azərbaycanda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.

Hamısını oxu
Qələbənin 72-ci ildönümü münasibətilə Ukraynada görüşlər

Artıq bir neçə ildir ki, Ukraynanın “İnter” telekanalı İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər.  Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 may, xüsusi bayram verilişlərinin hazırlanması məqsədi ilə veteranlarla müxtəlif görüşlər təşkil olunur, onlardan keçdikləri döyüş yollarını, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının veteranlara münasibətini əks etdirən müsahibələr götürülür. İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı aprelin 17-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan növbəti tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak etmişlər. Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci dünya müharibəsi veteranı Bəkir Məmmədov və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil etmişlər. İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başladığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan bu cildə İkinci dünya müharibəsinin 100 nəfər günümüzə qədər sağ qalan (təəssüf ki, tədbirə qədər həmin veteranlardan 7 nəfəri vəfat etmişdi) iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. 212 səhifədən ibarət olan fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən mühüm və təsirli məqamlarını əks etdirir. 100 insan taleyindən söhbət açılan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. Respublika Veteranlar Təşkilatının şöbə müdiri Lətif Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir. Tədbirlərin 3-cü günü “İnter” telekanalının 9 may verilişlərində nümayiş etdiriləcək 4 saatlıq xüsusi konsert proqramı nümayiş etdirilmişdir. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və s. mövzuları əhatə edən bu mahnılar iştirakçıların ürəyincə olmuş, veteranlar dəfələrlə ayaqüstə onları alqışlamışlar. Müharibəyə aid təsirli səhnələrdən ibarət olan süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini daha da təsirləndirmiş, bir sıra nömrələr göz yaşları ilə müşayiət edilmişdir. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi qeyd edilmişdir. Azərbaycan nümayəndələri eləcə də, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. 20 aprel 2017-ci ildə Respublika Veteranlar Təşkilatının nümayəndələri Ukraynalı həmkarları ilə görüş keçirmişlər. Bu görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılmışdır.  Görüşün sonunda Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Veteran həmrəyliyi”, “İnter” telekanalının Multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya “Həzi Aslanov”, baş redaktoru Anton Nikitinə “Əliağa Şıxlinski” yubiley medalları təqdim edilmişdir. Tədbir iştirakçıları "Naməlum Əsgər" və "Ana Vətən" abidələrini ziyarət etmiş, hər iki abidənin önünə gül dəstələri qoymuşlar. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər.

Hamısını oxu
Hikmət Hacıyev: Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və UNESCO tərəfindən siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. -Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar? -Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb. Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. 2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi. 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi "İmarət" qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük. İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib. Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib. İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir. UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?! Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini "yaman narahat edir". Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. -Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu? -Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik. Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu "yadından çıxıb". Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. -Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir? -Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir. -Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir? -Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. -Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz? -UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində "İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması" adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi. Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. 2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk "Hərbi bələdçi" hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir. Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub. Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir. Milli.Az

Hamısını oxu
Bu gün 1941-1945-ci illər müharibəsinin başlanmasının 80-ci ildönümüdür

22 iyun 1941-1945-ci illər müharibəsinin başlanmasının 80-ci ildönümüdür.   Xatırladaq ki, 1 sentyabr 1939-cu ildə başlayan İkinci Dünya Müharibəsi 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə daha da genişlənib, miqyas etibari ilə növbəti mərhələyə qədəm qoyub.   Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. 300 mindən çox azərbaycanlı bu döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.   Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər.   Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi. İkinci Dünya Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu ada layiq görülmüşdür. Sovet İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan 14-ü ölümündən sonra bu ada layiq görülüb. Sovet İttifaqı   Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olub. Fransa, İtaliya, Krımda, Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edib.   Böyük Vətən müharibəsi başlamamışdan əvvəl Azərbaycan SSR neft sənayesinin - neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesindəki mütəxəssislərin hazırlanmasında və neft avadanlığı istehsalında lokomotiv idi. Müharibəyə baxmayaraq Bakı yanacaq və sürtkü təchizatında aparıcı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80%-ni təşkil ediblər. Müharibənin ilk ilində 23,5 milyon ton neft göndərildi. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün ümumilikdə 75 milyon ton neft göndərilib.   Sovet İttifaqı marşalı Georgi Jukov qeyd etmişdir: Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün  cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər.   Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov yazırdı: Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində heç bir qələbə qazanmaq olmazdı. Böyük Vətən müharibəsi dövründə Azərbaycan neftçiləri 160 dəfə o illərdə yüksək əmək qabiliyyətinin göstəricisi olan Dövlət Müdafiə Komitəsi, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və SSRİ-nin Neft sənayesi üzrə Xalq Komissarlığının keçici Qırmızı bayrağını almışdılar.   Bakı sakini Nikolay Konstantinoviç Baybakov hərbi hissələri və müəssisələri yanacaqla təmin edən xüsusi təyinatlı qərargahı idarə edib. N.K.Baybakov yazırdı: Sovet döyüş maşınlarının 75-80 faizi bakılıların əməyi sayəsində hərəkət edirdi. Müharibənin taleyi onların işindən asılı idi. Ön cəbhədə olmadan, Azərbaycanın paytaxtı neft arteriyaları vasitəsilə Qırmızı Ordunun əməliyyat qrupu ilə əlaqədə idilər. Sovet İttifaqı marşalı Konstantin Rokossovski Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə yazdığı məktubunda qeyd edirdi:   Qorxmaz şahinlərin hər bir zərbəsində, sovet tanklarının hər basqınında, alman-faşist qüvvələri üzərində hər bir zəfərdə Bakı neftçilərinin payı az deyil.   1945-ci il aprelin 28-də Sovet İttifaqı marşalı Fyodor Tolbuxin "Azərbaycan xalqına eşq olsun" adlı məqaləsində yazırdı:   Qırmızı Ordu Azərbaycan xalqına və cəsur Bakı neftçilərinə çoxlu zəfərlər üçün, keyfiyyətli yanacağın vaxtında çatdırılmasına görə borcludur. Stalinqrad yaxınlığında, Donda və Donbasda, Dnepr və Dnestr sahillərində, Belqradda, Budapeşt və Vyana yaxınlığında vuruşan döyüşçülər Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır və Bakının cəsur neftçilərini salamlayırlar. Müharibədən sonra Bakıya gələn Sovet İttifaqı marşalı Semyon Budyonnı jurnalistlərə deyib: Sizin neftiniz olmadan çətin ki, biz müharibədə süvarilərin köməyi ilə bu qədər qələbə qazana bilərdik.   Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevski yazırdı: Məhz, Azərbaycan nefti Böyük Vətən müharibəsində qələbənin həlledici amillərindən biri olmuşdur.   Böyük Vətən müharibəsi başlayandan sonra bütün respublika "Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin maraqlarına qulluq edirdi. İstehlak mallarının istehsalı hərbi təchizat, qida və digər məhsulların istehsalına keçdi. Ordunun təmin olunması üçün Azərbaycanda əvvəllər istehsal olunmayan böyük miqdarda qida, geyim, ayaqqabı və digər mal növlərinin istehsalına ehtiyac var idi.   Böyük Vətən müharibəsinin ilk dövründə Azərbaycan yüngül sənaye müəssisələri Qırmızı Ordunun ehtiyacları üçün təxminən 30 növ məhsul istehsal edirdilər.   Kimya sənayesi zavodları da hərbi məhsul və digər avadanlıqların istehsalına yönəldilmişdi. Bu zavodlarda yanğınsöndürmə avadanlıqları istehsal olundu, qoruyucu geyimlərin münbitləşdirilməsi prosesi mənimsənildi.   Azərbaycanın ət və süd sənayesi müəssisələri əvvəllər xaricdən gətirilən bir sıra yeni dərman növlərinin istehsalına başlamışdılar. Yerli xammalın istifadəsi əsasında tibbi ləvazimatlar zavodu yaradılmışdı.   Yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Ən qısa müddətdə bu müəssisələrin avadanlıqları cəbhə üçün lazım olan yeni məhsulların buraxılması üçün uyğunlaşdırılmışdı. Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, ​​Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.   Bakı müəssisələri Dnepr SES, Azov limanı və Sovet İttifaqının digər mühüm strateji obyektlərini bərpa etməkdə fəal iştirak edirdi.   Böyük Vətən müharibəsi dövründə Bakıda və ölkə daxilində onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-in xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə edilmişdi. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalıblar. 1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant A.Məcidovun rəhbərliyi altında Brandenburq qapısı üzərində qalibiyyət bayrağını qaldırdılar.

Hamısını oxu