Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat

Respublikamız özünün çoxəsrlik dövlətçilik tarixinin ən şanlı, ən şərəfli günlərini yaşayır. Bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq, bu günlərə şahidlik etmək hər birimiz üçün sonsuz fəxr, iftixar mənbəyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə bizim qürurlu bir xalq olaraq, qüdrətli bir dövlət olaraq, bundan sonra da gələcəyə böyük ümidlərlə baxmağımıza, ölkəmizin inamlı inkişafına zəmin yaradıb. Eyni zamanda, şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olub. Prezidentimizin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür.

Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr    2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənə ilə qeyd edildi.

Bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik. Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Bildiyimiz kimi Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 19-da qərar qəbul etmişdir.

Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir.

Biz veteranlar bu nəcib, xeyirxah təşəbbüsü alqışlayırıq.

Azərbaycanda veteranlarla bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin fəaliyyətmizin təşkilində mühüm rolu vardır. Prezident İlham Əliyevin hər il İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın məbləğinin artırılması, veteranların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasına dair imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir.

Göstərdikləri diqqət və qayğıya görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

2025-ci il Təşkilatımız üçün uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir.

Təşkilat cari ilin ötən dövrü ərzində 2025-ci ildə İllik planda nəzərdə tutulan tədbirləri, həmçinin, plana daxil olmayan əlavə tədbirlərin icrasını yüksək səviyyədə həyata keçirmişdir. Tədbirlərin əksəriyyətində hörmətli Rəyasət Heyətinin üzvləri  yaxından, fəal iştirak etmişlər.

Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir.

Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Hesabat ilində tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfəri, sadə insanların qələbəyə verdikləri töhfələri və 5 il ərzində quruculuq fəaliyyətini özündə əks etdirən “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib.

İctimai Birliyin və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində də “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad etmişlər.

Zaqatala rayonunda keçirilən tədbirdən sonra Təşkilatın rəhbərliyi tərəfindən Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailə üzvləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir. Görüş zamanı şəhidin ailə üzvləri onlarla görüşdüyümə və müraciətlərini dinlədiyimə görə rəhbərliyə təşəkkürünü bildirmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışmış, buna görə dövət başçısına təşəkkür etmişdir.

II Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixdə Moskva şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında qəbul olunan qərar və müraciət əsasında həm Təşkilatımızın Mərkəzi Aparatında və həm də yerlərdə bir sıra yubiley tədbirləri keçirilmişdir.  Belə ki, Şəhər (rayon) veteranlar təşkilatının sədrlərinin və müxtəlif kateqoriyadan olan veteranların, müharibə iştirakçılarının qohumlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi ziyarət edilmiş, gül dəstələri qoyulmuşdur. Həmçinin veteranlarımız Respublika Veteranlar Təşkilatının sabiq sədrləri - Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın və uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət etmiş polkovnik Rzaqulu Quliyevin məzarları ziyarət olunaraq əziz xatirələri ehtiram hissi ilə yad edilmişdir. Cari ilin may ayının 9-da Respublika Veteranlar Təşkilatında Müdafiə Nazirliyinin köməyi ilə 100 nəfər veterana xidmət üçün səyyar mətbəx qurulmuş, Hərbi orkestrin ifasında konsert təşkil edilmişdir.

Qələbənin 80 illik yubileyi ərəfəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki Zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən sonra Birliyin sədri ilə müxtəlif kateqoriyadan olan veteranların görüşü təşkil edilmiş, müraciətləri dinlənilmiş və onların həlli istiqamətində müvafiq işlər görülmüşdür.

Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Təşkilatımızda Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə görüşlər keçirilmiş, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun təbrikləri veteranlara çatdırılmışdır. Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Yevdokimov Mixail Nikolayeviçin veteranlarla görüşü təşkil edilimiş, İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Təşkilatımıza təqdim olunmuşdur.  

Ötən dövr ərzində Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə 26 iyun - Silahlı Qüvvələr Günü, 8 noyabr – Zəfər Günü və anadan olması münasibətilə təbrik məktubları ünvanlanmışdır.

Təşkilatımızda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Birliyin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçılarının, müxtəlif kateqoriyadan olan veteranların, müəllim və tələbə heyətinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.

Biz şəhər (rayon) veteranlar təşkilatından onların fəaliyyəti, keçirdikləri tədbirlər barədə müntəzəm məlumatlar alır və vəziyyəti qiymətləndirərək, həmçinin təlabatları öyrənərək onlara müvafiq köməklik edirik.

Hesabat dövründə Binəqədi, Masallı, Zaqatala, Qusar və Laçın rayon veteranlar təşkilatında hesabat-seçki konfransları keçirilmiş və yeni sədrlər seçilmişdir. Hazırda İmişli və Naftalan rayon veteranlar təşkilatının sədrləri olmadığından, bu işin daha səmərəli aparılmasında çətinliklər mövcuddur. Həmin rayonlarda yaxın müddətdə yeni sədrlərin seçilməsi üçün yerli icra orqanları ilə birgə iş aparılır.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məlumdur ki, şəhər (rayon) veteranlar təşkilatları öz işlərini yerli icra orqanları ilə qururlar və hansı rayonlarda bu əlaqələr yaxşıdır, iş də qənaətbəxşdir. Ancaq bəzi rayonlarda rayon veteranlar təşkilatı, ümumən veteranlara münasibət heç də ürəkaçan deyil və biz bu məsələni xüsusi diqqətdə saxlayırıq. İnanırıq ki, rayon icra hakimiyyətlərinin başçıları da veteranlara ölkə başçısının göstərdiyi yüksək qayğı və diqqət münasibəti nümunəsindən lazımi nəticə çıxaracaqlar.

Əvvəlki illərdə olduğu kimi bu il də veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onlardan daxil olan müraciətlərin qanunamüvafiq qaydada həll edilməsi istiqamətində işlərimiz davam etdirilmişdir. Bildirirəm ki, dekabr ayının     11-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramovla  rəhbərlik etdiyim nümayəndə heyətinin görüşü keçirilmişdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təşkilatımız arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, mövcud müraciətlərə baxılarkən veteranlarımızın həssas insanlar olmasını nəzərə almaları xahiş edilmişdir.

Cari ilin ötən dövründə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir.

Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir.

Hesabat ilində Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir.

Hesabat ilində veteranlarla iş istiqamətində aparılan işlər icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi, Həmkarlar təşkilatları və digər dövlət və qeyri-hökümət təşkilatları ilə əlaqəli şəkildə təşkil edilmişdir.

Hər il olduğu kimi bu il də respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilib. Məlumatlara görə, 2025-ci ilin dekabr ayınadək İkinci dünya  müharibəsi iştirakçılarının sayı 12 nəfərdir. Onlardan 8 nəfərinin yaşı 100 və 100-dən artıqdır. Leninqrad blokadası iştirakçıları 3 nəfər, veteranların dul qadınlarının sayı 1630 nəfər, arxa cəbhə veteranlarının sayı 845, məhəlli döyüş iştirakçılarının sayı təxminən 3738 nəfər, Silahlı Qüvvələr veteranlarının sayı 11235, əmək veteranlarının sayı 32.473  nəfərdir.

İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, və il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir.

Rayon ictimai təşkilatları və icra strukturları ilə birgə Vətən uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidələrin uçotu aparılmış, abidələrin vəziyyəti diqqətdə saxlanılmışdır. Qardaşlıq qəbirstanlıqlarının səliqəyə salinması üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kommunal təssərrüfatının rəhbərliyi ilə əlaqə saxlanılmış, qəbirstanlıqların abadlaşdırılması təmin olunmuşdur.

Hesabat ilində İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.  

II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra  Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın sədri Cəlil Xəlilov iştirak etmiş,  müzakirələr zamanı aidiyyəti üzrə aşağıdakı təklifləri təqdim etmişdir;

Humanitar-mədəni sahədə əməkdaşlığın inkişafı, möhkəmləndirilməsi üzrə veteran təşkilatlarının işinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, Beynəlxalq veteran hərəkatı Birliyində millətlərarası inamın, xalqlar arasında dostluğun təbliğatı;

Veteran təşkilatlarının yaşlı nəslin, xüsusən müharibə və hərbi xidmət veteranlarının sosial, hüquqi, iqtisadi hüquq və mənafelərinin qorunması, pensiya təminatı problemlərinin həlli, maddi-məişət şəraitinin yaxşılaşdırılması, bütün kateqoriyalı veteranların həyat səviyyəsinin yüksəldilməsi üzrə işin gücləndirilməsi;

Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsinə, hərbi şöhrət abidələrinin qorunmasına xüsusi diqqətin təşkili;

Veteran təşkilatlarının vətənpərvərlik və beynəlxalq dəyərlərin qorunması, komitələrin fəaliyyətinin əlaqələndirilməsi işinin daha da effektiv təkmilləşdirilməsi və əlaqələndirilməsi;

Keçmiş Sovet İttifaqı ərazisində faşizmə qarşı Azərbaycan Respublikasının II Dünya Müharibəsi qəhrəmanlarının və iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər təqdim etmişdir;

Qəhrəmanların şərəfinə büstlərin, xatirə lövhələrinin, xatirə lövhələrinin (Həzi Aslanov, Müseyib Bağırov, Aslan Vəzirov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov və digərləri) quraşdırılması məsələsini nəzərdən keçirmək;

Məktəblərə, küçələrə, metro stansiyalarına qəhrəmanların adlarının verilməsi;

Kalininqradın azad edilməsi üzrə hərbi əməliyyatlarda Azərbaycan Respublikasının yerli iştirakçılarının qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi (döyüşlərdə 400-dən çox döyüşçü həlak olub).

Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir.

Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.

2025-ci il ərzində kadrlar üzrə işlər İctimai Birliyin rəhbərliyinin göstərişinə və illik planına əsasən yerinə yetirmişdir. Görülən işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Nizamnaməsinin tələbləri əsas tutulmuşdur.

Hesabat dövrü müddətində Təşkilat sədrinin tapşırığına əsasən 89 Sərəncam normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmış, müvafiq qaydada vizalar alınmış, imzaya təqdim olunmuş və imzadan sonra qeydiyyata alınaraq aidiyyəti üzrə icraya yönəldilmişdir.

Birlik işçiləri ilə bağlanmış əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində Daxili İntizam Qaydaları hazırlanmış və Birlik sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Birliyin bütün əməkdaşları həmin Qaydalarla tanış edilmişlər.

Hesabat dövründə təşkilatın əməkdaşları Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq qaydada öncədən tərtib edilmiş, həmkarlar təşkilatı ilə razılaşdırılmış və təsdiq olunmuş qrafikə müvafiq olaraq, məzuniyyət hüququndan istifadə etmişlər. 

Hesabat dövründə Birliyin 6 nəfər əməkdaşı Rusiya Federasiyasının müxtəlif şəhərlərində keçirilən tədbirlərdə və 22 nəfər əməkdaşı Respublikamızın regionlarında keçirilən tədbirlərdə iştirak etməsi məqsədilə ezamiyyətə göndərilmişdir.

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatı” İctimai Birliyində nizam intizamın möhkəmləndirilməsi və intizam pozuntusunun gələcəkdə təkrarlanmaması məqsilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq 2 nəfərə “xəbərdarlıq” elan edilmişdir.

İctimai Birliyin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfransın Naxçıvan və Laçın şəhərlərində keçirilməsində göstərdikləri köməkliyə və etdikləri tövsiyələrə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri adından aidiyyəti dövlət orqanlarına təşəkkür məktubları hazırlanıb göndərilmişdir.

Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.    

Hesabat ilində İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir.

Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın “AzərTac”, “Moderator.az”, “AzadMedia.az”, “İki sahil”, “Trend”, “Redaktor.az” saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir.

Hesabat dövründə Respublika Veteranlar Təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti də qənaətbəxş olmuş, ayrılan vəsaitdən maksimum səmərə ilə istifadə edilib və təyinatına uyğun xərclənmişdir.

Hesabat müddətində fəaliyyətin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Vitse Prezident Mehriban xanım Əliyevanın veteranlara göstərdikləri qayğı və diqqətin mühüm rol oynadığını bir daha xüsusi vurğulamaq istərdim. İclas iştirakçıları və veteranlar  adından  yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildiririk.

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri polkovnik Cəlil Xəlilov

2026-02-04 14:24:00
3303 baxış

Digər xəbərlər

Zamanı Aşan Qəhrəmanlar: Qara Sarıyev və Azərbaycanın Şanlı Tarixi

Hər bir tarixi dövr öz qəhrəmanını doğurur. Zamanın sınağından keçən, tarixə möhür vuran, yaddaşlarda iz buraxan insanlar olur. Amma elələri də var ki, onlar təkcə bir dövrün deyil, bir millətin vicdanına, qüruruna çevrilir. Zaman onları deyil, onlar zamanı müəyyən edir. Bu qəhrəmanlar ömürlərini deyil, ruhlarını tarixə yazırlar. Onların səsləri keçmişin səssiz səlnaməsində deyil, xalqın ürəyində əbədi yaşayır. Qara Sarıyev Əli oğlu da məhz belə qəhrəmanlardandır. O, doğulduğu torpağın yaddaşına çevrilən, igidliyi ilə millətin hafizəsinə həkk olunan, adı tarixə qızıl hərflərlə yazılmış bir Vətən oğludur. 1925-ci il sentyabrın 9-da Tovuz torpağında dünyaya göz açan Qara Sarıyev gənclik illərində böyük bir fəlakətlə - Böyük Vətən Müharibəsi ilə üz-üzə gəldi. 1943-cü ilin mayında orduya çağırılan Sarıyev Şimali Qafqaz Hərbi Dairəsinin 46-cı avtomobil alayında xidmətə başladı. Səngərlərdə təkcə mərmilər deyil, insan taleləri də uçuşurdu. O, silah əvəzinə tibb çantasını götürərək, leytenant rütbəsi ilə döyüş meydanlarında yüzlərlə əsgərin həyatını xilas etdi. Qara Sarıyev 1948-ci ilin aprel ayına qədər hərbi xidmətini davam etdirdi. Cəbhədə göstərdiyi igidlik və fədakarlıq "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə qiymətləndirildi. Amma onun ən böyük mükafatı xalqın ürəyində qazandığı əbədi yer oldu. Azərbaycan xalqının müharibədəki xidmətləri misilsizdir. Böyük Vətən Müharibəsi təkcə cəbhədəki döyüşlərdən ibarət deyildi. Bu, ümummilli səfərbərlik idi. Azərbaycan 600 mindən çox övladını bu müharibəyə yola saldı. Onlardan 300 minə yaxını geri qayıtmadı. Onlar şəhid oldular, amma adlarını tarixə, millətin qüruruna çevirdilər. Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş komandirlər, Mehdi Hüseynzadə “Mixaylo” kimi əfsanəvi partizanlar, Ziya Bünyadov, Aslan Vəzirov, Tərlan Əliyarbəyov, Qafur Məmmədov, İsrafil Məmmədov kimi döyüşçülər xalqımızın şanlı igidliyinin obrazı oldular. Hər kəndin, hər şəhərin bir şəhid məzarı, bir qəhrəman hekayəsi var. Tovuzdan çıxan Qara Sarıyev kimi, Azərbaycanın Bakı, Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Qarabağ kimi bölgələrindən cəbhəyə gedən minlərlə oğul və qız tariximizin unudulmaz səhifələrinə çevrildilər. Böyük Vətən Müharibəsində təkcə əsgərlər döyüşmürdü Azərbaycanın torpağı, zəhmətkeş əlləri və zəngin yeraltı sərvətləri də bu savaşın əsas iştirakçısı idi. Müharibənin ilk illərində Sovet Ordusunun ehtiyac duyduğu yanacağın 75 faizi məhz Azərbaycan neftçilərinin əməyi ilə təmin olunurdu. Neftçilər gecə-gündüz çalışaraq, müharibə iqtisadiyyatını ayaqda saxladılar. “Azneft” tresti, “Qara şəhər”, “Bibiheybət”, “Balaxanı” kimi sənaye bölgələri bu gün yalnız arxivlərdə deyil, qələbə tariximizin sinəsində yaşayır. Faşist Almaniyası "Barbarossa" planında Bakı neftini əsas hədəflərdən biri kimi göstərmişdi. Amma bu torpaq əyilmədi, bu neft düşmənə verilmədi. 1941–1945-ci illərdə SSRİ-də hasil olunan 110 milyon ton neftin 75 milyon tonu Azərbaycana məxsus idi. Bu göstərici sadəcə statistika deyil qələbənin mayasında Azərbaycanın imzasıdır.Görkəmli dövlət xadimi Nikolay Voznesenski yazırdı:“Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi.”Bakı yalnız özü ilə kifayətlənmədi. SSRİ rəhbərliyi neft hasilatının şərqə  Volqa-Ural bölgəsinə keçirilməsini planlaşdıranda, Bakı neftçiləri yenə ön sırada oldular. “İkinci Bakı” adlandırılan bu yeni neft bölgələrinin qurulmasına minlərlə azərbaycanlı mühəndis və usta könüllü olaraq köçdü.Elm adamları da bu müharibənin görünməyən qəhrəmanları oldular. Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini, toluol, alkilbenzol və digər mühüm hərbi məhsulların istehsalı mümkün oldu. Sovet Ordusunun texnikasının 75-80 faizi Azərbaycan nefti ilə hərəkətə gətirilirdi. Marşal Georgi Jukov bu həqiqəti belə ifadə edirdi:“Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsi üçün nə qədər lazım idisə, o qədər də yanacaq vermişdilər.” Müharibədən onilliklər ötüb. Amma veteranlar bu unudulmaz günləri, o müqəddəs mübarizəni gənc nəslə danışmaqdan, yaşatmaqdan yorulmurlar. Onlar deyirlər: “Qələbə yalnız silahla deyil, ruhla qazanılır.” Qara Sarıyev və onun kimi igidlər bu ruhun daşıyıcıları oldular. Məktəblərdə keçirilən görüşlər, parklarda ucaldılan abidələr, hər il 9 May – Qələbə Günü ərəfəsində təşkil olunan tədbirlər bu qəhrəmanların adını yaşadır. Bu tarix yalnız keçmiş deyil, həm də bu günkü Azərbaycan Ordusunun ruh kökləridir. Qəhrəmanlar unudulmur onlar bizimlədir. Bu gün Qara Sarıyev kimi oğulların adları yaddaşlarda, tarix kitablarında, evlərin divarlarında asılmış medal qutularında yaşayır. Onlar bir millətin başıuca tarixi, şərəfli yoludur. Unudulmaz qəhrəmanlarımız Azərbaycanın dünəni, bu günü və sabahıdır. Və hər dəfə “Qələbə” sözünü işlətdikdə unutmayaq bu sözün içində Qara Sarıyev kimi igidlərin qanı, canı, ruhu var. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovni

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.   Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:   “Əziz həmvətənlər!   Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.   Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.   Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu
AKF rəsmisi: “Azərbaycan karateçiləri yeni mərhələyə qədəm qoyur”

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə ilə müsahibə – Vüsal müəllim, Azərbaycan karateçilərinin III MDB Oyunlarındakı çıxışı böyük maraq doğurdu. Ümumilikdə bu nəticəni necə qiymətləndirirsiniz? – Bu, təkcə idman uğuru deyil, illərlə formalaşan sistemli işin, dövlətin idmana göstərdiyi diqqətin və federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mingəçevir “Kür” Olimpiya Mərkəzində keçirilən yarışlarda milli komandamız 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanaraq lider federasiyalar sırasında yer aldı. Bu, Azərbaycan karate məktəbinin gücünü və peşəkarlıq səviyyəsini bir daha təsdiqlədi. – Bu uğurun arxasında hansı əsas amillər dayanır? – Ən böyük amil dövlət qayğısı və federasiya rəhbərliyinin düzgün strategiyasıdır. Federasiyanın prezidenti Ülvi Quliyevin rəhbərliyi altında həm idmançıların hazırlığı, həm də yarışlara təşkilati baxımdan yüksək səviyyədə yanaşılır. Məşqçi heyətimiz: Kişilər üzrə baş məşqçi Şahin Atamov, kata üzrə baş məşqçi Vahid Ayvazov, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov çox səmərəli iş aparıblar. Onların peşəkarlığı və fədakarlığı komandanın inamlı çıxışına zəmin yaradıb. – MDB Oyunlarına hazırlıq prosesi necə təşkil olunmuşdu? – Yarışlardan öncə iki mühüm təlim-məşq toplanışı keçirildi: biri Türkiyənin Mərmərə bölgəsində, digəri isə Qusar rayonunda. Bu toplanışlarda həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığa xüsusi diqqət ayrıldı. Bu proseslər nəticəsində komanda yarışlara tam formalaşmış və hazır vəziyyətdə çıxdı. – Qarşıda komandanı hansı beynəlxalq yarışlar gözləyir? – Hazırda çox intensiv dövrə daxil olmuşuq. Ən yaxın mərhələdə Fransada keçiriləcək dünya çempionatına lisenziya qazandıran kvalifikasiya yarışlarında iştirak edəcəyik. Ardınca İslam Həmrəyliyi Oyunları, daha sonra isə lisenziyalı idmançıların dünya çempionatı gəlir. Bundan əlavə, noyabrın 7-10-u tarixlərində yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçiriləcək. Həmin yarış nəticəsində formalaşacaq komanda 2026-cı ilin fevralında Avropa çempionatında Azərbaycanı təmsil edəcək. – Milli komandada gəncləşmə prosesi müşahidə olunur. Bu, planlı siyasətdirmi? – Bəli, tam şəkildə planlı prosesdir. Hazırda milli komandamızda yeni nəsil karateçilər yetişir. Bu, karatenin gələcəyi üçün vacib mərhələdir. Biz anlayırıq ki, nəticə qazanmaq zaman tələb edir.  Yaş kateqoriyası dəyişdikcə məsuliyyət də artır. Amma bu dəyişikliklər idmançıların daha yetkin və rəqabətədavamlı olmasını təmin edir. Təcrübə qazandıqca onlar beynəlxalq arenada da daha inamlı çıxış edəcəklər. – Federasiya rəhbərliyi və məşqçilər korpusu üçün bu nəticələr hansı mesajı verir? – Bu nəticələr göstərir ki, biz doğru yoldayıq. Ülvi Quliyevin rəhbərliyi ilə federasiyada formalaşan idarəetmə modeli artıq öz bəhrəsini verir. Biz yalnız nəticəyə deyil, həm də idmançılarımızın şəxsiyyət kimi yetişməsinə önəm veririk. Karate  idman növü eyni zamanda  nizam, hörmət və milli ruhun məktəbidir. Biz çalışırıq ki, bu dəyərlər yeni nəsildə daha güclü formalaşsın. – Sonda, bu uğurların davamlılığı üçün hansı hədəflər müəyyən olunub? – Əsas hədəf karatenin ölkəmizdə daha geniş yayılması və beynəlxalq səviyyədə Azərbaycan adının daha yüksəkdə ucaldılmasıdır. Federasiya olaraq çalışırıq ki, hər bir uğur dövlətimizin idman siyasətinə töhfə versin. Gənclərimizə nümunə olmaq, onların idmana marağını artırmaq və yeni çempionlar yetişdirmək bizim borcumuzdur. Əminik ki, dövlətimizin dəstəyi, federasiyanın planlı fəaliyyəti və idmançılarımızın əzmi sayəsində qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.

Hamısını oxu
Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.   Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı. Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir. Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

Hamısını oxu