Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

Tarixə inqilablar, repressiyalar, texniki tərəqqilər, elmi nailiyyətlər əsri kimi daxil olan XX əsr insanlığın yaddaşına qan, göz yaşı və dağıntılarla yazıldı. Bu sınaqların ən amansızı isə İkinci Dünya müharibəsi idi. Qitələri titrədən bu fəlakət yalnız orduların toqquşması deyil, bütöv xalqların taleyini alt-üst edən, milyonlarla insanın həyatını yarımçıq qoyan qlobal bir faciə idi. Müharibə şəhərləri xarabalığa çevirdi, ölkələri, ailələri parçaladı, insanlıq üçün bəşəri dəyərlərin hansı uçurumlara yuvarlana biləcəyini bütün amansızlığı ilə dünyaya nümayiş etdirdi. 1939–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi isə bu ümumbəşəri faciənin ən ağır və həlledici mərhələsi oldu. Alman faşizminə qarşı aparılan bu ölüm-dirim savaşında Sovet İttifaqının bütün xalqları kimi Azərbaycan xalqı da tarix səhnəsinə böyük məsuliyyətlə çıxdı. Azərbaycan torpağının yetirdiyi oğul və qızlar yalnız silah gücü ilə deyil, iradə, fədakarlıq və sarsılmaz inamla bu mübarizənin ön cəbhələrində yer aldılar. Məhz bu əzm və birlik sayəsində faşizm üzərində qazanılan tarixi qələbənin salnaməsində Azərbaycan Respublikasının və onun vətəndaşlarının adı qızıl hərflərlə yazıldı.

Müharibənin ilk günlərindən Azərbaycan xalqı alman faşizminə qarşı mübarizəyə qalxmışdır. Respublikamızın minlərlə vətəndaşı könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etmişdir. Təkcə müharibənin ilk günlərində 40 mindən artıq azərbaycanlı könüllü şəkildə cəbhəyə getmək istəmiş, həmin dövrdə 180 min nəfər xalq ordusuna yazılmışdır.1941–1945-ci illərdə, eləcə də ondan əvvəlki dövrlərdə Azərbaycanın oğul və qızları döyüş meydanlarında igidliklə vuruşmuş, böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərmişlər. Müharibə illərində Azərbaycan Respublikasından təxminən  600 mindən çox oğlan və qızları  cəbhəyə yollanmışdır. Onlardan 300 min nəfəri faşizmə qarşı mübarizədə canından keçmişdir. Azərbaycanlı döyüşçülər alman faşizminə qarşı müharibənin son gününədək amansız və cəsarətli mübarizə aparmış, göstərdikləri şücaət və qəhrəmanlıqla qələbənin əldə olunmasına öz layiqli töhfələrini vermişdir. On minlərlə azərbaycanlı döyüşlərdə fərqləndiklərinə görə yüksək orden və medallarla təltif edilmişdir. Cəbhədə göstərdikləri misilsiz igidliyə görə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən qayıdanların bir qismi əlil və şikəst olmuş, bir çoxu isə sonradan aldığı yaraların fəsadları nəticəsində həyatını itirmişdir. Bu gün də aramızda müharibənin ağrılarını və izlərini öz taleyində daşıyan insanlar az deyil. Bir sözlə, Alman faşizminə qarşı aparılan bu müharibədə Azərbaycan xalqı qəhrəmanlıq və şücaət göstərərək tariximizin ən şanlı səhifələrindən birini yazmışdır.

Lakin bu tarixi zəfər yalnız ön cəbhələrdə qazanılan hərbi uğurların nəticəsi deyildi. Qələbənin görünməyən, lakin taleyüklü bir cəbhəsi də vardı: düşmən içərisində aparılan partizan mübarizəsi və arxa cəbhədə göstərilən misilsiz fədakarlıq. Müharibənin taleyini həll edən bu səssiz, amma qüdrətli cəbhədə Azərbaycan xalqı bütün gücü ilə səfərbər olmuşdu.

 Müharibənin ilk günlərindən etibarən respublikanın şəhər və kəndlərində həyat bir məqsədə - qələbəyə xidmət etməyə başladı. Zavodlarda, fabriklərdə, neft mədənlərində, kolxoz və sovxozlarda insanlar gecə ilə gündüzü bir-birindən ayırmadan çalışır, ön cəbhəyə silah, yanacaq, ərzaq və ümid göndərirdilər. Arxa cəbhədə atılan hər bir addım, görülən hər bir iş döyüş meydanında sıxılan tətik qədər dəyərli idi və məhz bu ümumxalq fədakarlığı faşizm üzərində qələbəni yaxınlaşdıran əsas amillərdən birinə çevrilmişdir.

Azərbaycanın müharibədəki xüsusi rolu, hər şeydən əvvəl, onun nefti ilə bağlı idi. Həmin illərdə Sovet İttifaqında hasil olunan neftin təxminən 70 faizi Azərbaycanın payına düşürdü. Bu qədər böyük həcmdə neftin istehsalı Azərbaycan neftçilərinin misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur. Əgər Azərbaycan nefti olmasaydı, motorlar və texnika müharibəsi bu qədər uğurlu və səmərəli nəticə verə bilməzdi. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emalı və cəbhəyə çatdırılması üçün ağır və təhlükəli şəraitdə çalışırdılar. Onların hər biri bu yolda canını belə əsirgəmədən faşizm üzərində qələbəyə xidmət edirdi. Eyni zamanda Azərbaycan alimləri tərəfindən yüksək oktanlı benzin, kerosin və digər neft məhsulları ixtira edilərək respublikada istehsal olunurdu.

Müharibə illərində Azərbaycanın sənaye müəssisələri, xüsusilə maşınqayırma zavodları silah və sursat istehsalına tam gücü ilə cəlb edilmişdi. Bu dövrdə respublikada 130 növdən artıq silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi.

Dəhşətli müharibənin qarşısının alınması üçün  SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı atıcı diviziyaları formalaşdırılmışdır. Şəxsi heyətinin böyük hissəsi azərbaycanlılardan ibarət olan bu diviziyalar Qafqaz dağlarından başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmiş və qələbənin qazanılmasında mühüm rol oynamışdır. 416-cı Taqanroq diviziyasının döyüş şücaətini əbədiləşdirmək məqsədilə Rostov vilayətində, 77-ci Simferopol diviziyasının qəhrəmanlığını yaşatmaq üçün isə Krımda, Sapun dağında möhtəşəm abidələr ucaldılmışdır.

 Alman faşizminə qarşı partizan hərəkatının təşkili Böyük Vətən müharibəsinin ilk günlərindən dövlət səviyyəsində həyata keçirilməyə başlandı. SSRİ Xalq Komissarları Sovetinin və ÜİK(b) MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində, eləcə də 1941-ci il 19 iyul tarixli “Alman ordularının arxasında mübarizənin təşkili haqqında” qərarında müvəqqəti işğal olunmuş ərazilərdə düşmən üçün dözülməz şərait yaratmaq əsas vəzifə kimi müəyyən edilirdi. Bu sənədlər işğalçılara qarşı süvari və piyada partizan dəstələrinin yaradılmasını, gizli partiya təşkilatları şəbəkəsinin qurulmasını və düşmən arxasında mübarizənin bütün formalarına rəhbərliyin təmin edilməsini nəzərdə tuturdu.

Müharibənin ilk aylarında sovet ordusunun yaşadığı ağır itkilər nəticəsində minlərlə döyüşçü faşistlərin əsirliyinə düşmüşdü. Lakin düşərgələrdə tətbiq olunan dözülməz işgəncələr, alçaldıcı təbliğat və təxribatlar onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, əksinə, hərbi təlim və döyüş təcrübəsinə malik olan bu insanlar fürsət düşən kimi əsirlikdən qaçmış və partizan dəstələrinə qoşularaq faşizmə qarşı mübarizəni davam etdirmişdilər. Bu mübarizədə azərbaycanlı döyüşçülər də xüsusi fəallıq göstərmişlər. Onlar Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın digər işğal olunmuş vilayətlərində fəaliyyət göstərən partizan dəstələrinin tərkibində qəhrəmanlıqla vuruşmuşlar.

İkinci Dünya müharibəsi illərində Avropanın işğal olunmuş ərazilərində, o cümlədən İtaliyada formalaşdırılmış müqavimət hərəkatında da azərbaycanlı döyüşçülər xüsusi şücaət nümayiş etdirmişlər. Ölümü hər gün gözləri ilə görən, möcüzə nəticəsində sağ qalan azərbaycanlı əsirlər fürsət düşən kimi düşərgələrdən qaçır, faşizmə qarşı mübarizənin ön sıralarına  - antifaşist hərəkatına və yerli partizan dəstələrinə qoşulurdular. Onlar yad torpaqlarda, naməlum dağlarda və meşələrdə vuruşsalar da, qəlblərində Vətəni daşıyır, Azərbaycan adını ləyaqətlə təmsil edirdilər. Bu igidlər faşizmə qarşı mübarizədə yalnız silahın gücünə deyil, ruhun sarsılmazlığına arxalanırdılar. Onların qələbəsi güllənin sürətində yox, iradənin möhkəmliyində idi. Məhz bu mənəvi üstünlük onları ən ağır sınaqlarda belə sınmayan döyüşçülərə çevirirdi.

 1941–1945-ci illərdə faşist Almaniyası işğal etdiyi ərazilərdə və SSRİ-nin tərkibində yaşayan müsəlman və digər xalqların nümayəndələrindən ibarət hərbi dəstələr yaratmaq siyasətini həyata keçirməyə çalışdı. Bu siyasət zahirən “könüllülük” pərdəsi altında təqdim olunsa da, əslində əsir düşmüş insanların ağır fiziki və psixoloji vəziyyətindən istifadə etməyə hesablanmışdı. Faşistlər insan iradəsini sındıraraq onu öz məqsədlərinə tabe etdirmək istəyirdi.

Lakin alman faşizmi bu niyyətində yanılmışdı. Zorla yaradılan bu dəstələrdə ruhən əsarəti qəbul etməyən insanlar vardı. Onlar fürsət düşən kimi gizli müqavimət göstərir, silahı faşizmə qarşı çevirirdilər. Zaman sübut etdi ki, düşmən insanı əsir ala bilər, amma onun vicdanını və inamını əsla əlindən ala bilməz. Legionlar daxilində getdikcə artan narazılıq, açıq itaətsizlik və gizli müqavimət faşistləri ciddi şəkildə narahat edirdi. Nəticədə 1944-cü ilin yanvarında Şərq legionlarının Qərb cəbhələrinə köçürülməsi barədə qəti qərar qəbul olundu. Bu qərara əsasən, SSRİ ərazisində yerləşdirilən Azərbaycan legionları Fransanın Normandiya və Bretan bölgələrinə göndərildi. Bu isə legionçular arasında kəskin etiraz doğurdu. Öz iradələrinə zidd şəkildə başqa cəbhələrə sürgün edilən azərbaycanlılar açıq itaətsizlik nümayiş etdirir, bəziləri isə meşələrə çəkilərək Ukrayna millətçilərinə və Avropada fəaliyyət göstərən partizan dəstələrinə qoşulurdular.

Artan itaətsizlik dalğasını nəzərə alan Almaniyanın hərbi-siyasi rəhbərliyi 1943-cü ilin sonlarında sovet hərbi əsirlərindən ibarət böyük bir qrupun Şimali İtaliyaya göndərilməsi qərarını verdi. Faşistlər bu insanlara “azadlıq” və “yaxşı həyat şəraiti” vəd etsələr də, əsl məqsəd onları İtaliya və Yuqoslaviya partizanlarına qarşı cəza dəstələrində istifadə etmək idi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, faşizm bu hesablamada da yanılmışdır. Bu sınaq dolu, taleyüklü günlərdə sovet sərhədlərindən uzaqlaşdırılan azərbaycanlı hərbi əsirlər arasında gizli antifaşist təşkilatlanma prosesi başladı. Müqavimət hərəkatının ön sıralarında Rza Ağazadə, Cavad Həkimli, Mehdi Hüseynzadə, Mikayıl Qulubəyov və digər azərbaycanlı döyüşçülər dayanırdı. Onların yaratdığı gizli təşkilat minlərlə sovet hərbi əsirinin birləşməsində və işğal olunmuş ərazilərdə faşizmə qarşı mübarizədə mühüm rol oynadı.

İtaliya ərazisində, xüsusilə Triyest ətrafında fəaliyyət göstərən Yuqoslaviya və İtaliya partizanları ilə əlaqə yaratmaq ilk mərhələdə as

an olmadı. Bunun əsas səbəbi faşistlərin yerli əhali arasında yaydığı məqsədli şayiələr idi. Guya sovet hərbi əsirləri partizanlara qarşı cəza tədbirlərində iştirak etməyə hazırlaşırdılar. Lakin zaman keçdikcə bu yalanlar ifşa olundu və düşmənin hiyləsi iflasa uğradı.

Stranse əsir düşərgəsindən İtaliyaya, Triyest və Yuqoslaviya ərazilərinə köçürülən sovet hərbi əsirləri arasında xeyli sayda azərbaycanlı var idi. Onlar Yuqoslaviya - İtaliya partizan diviziyasının tərkibində ayrıca rota yaradaraq alman faşizminə qarşı mübarizədə fəal iştirak etdilər və düşmənə sarsıdıcı zərbələr endirdilər. Eyni zamanda, alman ordusunun tərkibində döyüşən “Türküstan diviziyası”nda olan azərbaycanlılar da 1944-cü ildə İsrafil bəy İsrafilbəyovun komandanlığı altında Şimali İtaliyaya göndərilərkən artıq müharibənin taleyinin həll olunduğunu dərk edərək silahlarını faşizmə qarşı çevirdilər.

Bu mübarizənin rəmzinə çevrilmiş adlardan biri əfsanəvi partizan Mehdi Hüseynzadə idi. O, Vətəndən minlərlə kilometr uzaqda Adriatik dənizi sahillərində İtaliya və Yuqoslaviya partizanları ilə çiyin-çiyinə döyüşərək xalqımızın adını dünyada ucaltdı. Mehdi Hüseynzadə, Cavad Həkimli, Qasım Əmrahov, Sadıq Nadirli, Cabbar Quliyev, Mikayıl Qulubəyov, Əsəd Qurbanov, Cəmil İsmayılov ilə birlikdə sovet əsirlərindən ibarət gizli “rus rotası”nı yaratdı.

 İtaliyanın Florensiya şəhərindəki “Toskana-nuova-2” nəşriyyatında həmvətənimiz, tanınmış bakılı jurnalist, yazıçı, politoloq Ruqiyyə Əliyevanın “Azərbaycanlı partizanlar İtaliyada” kitabı çapdan çıxmışdır. Bu nəşrin italyan dilində versiyasının əsasını hitler faşizmi üzərində Qələbənin 60 illiyi münasibətilə Ruqiyyə Əliyevanın Bakıda “Vətən” nəşriyyatında çapdan çıxmış “Avropa müqavimət hərəkatında azərbaycanlılar” adlı kitabının “İtaliyada müqavimət hərəkatı” fəsli təşkil edir. Xatırladaq ki, həmin kitab üç fəsildən ibarətdir: “Yuqoslaviyada müqavimət hərəkatı”, “Fransada müqavimət hərəkatı” və “İtaliyada müqavimət hərəkatı”. Arxivlərdə çalışan Ruqiyyə Əliyeva “Patriot sertifikatı” almış 35 azərbaycanlının italyan dilində tərtib edilmiş siyahısını tapmağa müvəffəq olmuşdur. Bu sənəd həmin şəxslərin İtaliya müqavimət hərəkatında fəal iştirak etməsinə sübutdur.

“Azərbaycanlı partizanlar İtaliyada” kitabını italyan dilinə tərcümə edən Florensiya Universitetinin professoru, əvvəllər Aqliana şəhərinin meri olmuş Renato Rizaliti həm də kitaba ön söz yazmışdır. 1976-cı ildə İtaliyada Renato Rizalitinin “Pistoyada antifaşist müqavimət hərəkatı” adlı kitabı nəşr edilmişdir. Müəllif həmin kitabın bir nüsxəsini Bakıya, vaxtilə “Ubaldo Fantaççi” partizan dəstəsinin üzvü olmuş, Pistoyada azadlıq mübarizəsinin fəal iştirakçısı, İtaliyanın ali hərbi mükafatları sayılan “Qaribaldi ulduzu” və “Əsgəri rəşadətə görə” ordenlərinə layiq görülmüş Məmməd Bağırova göndərmişdir. Müəllif kitabın titul vərəqində rus dilində bu sözləri yazmışdı: “Yaşasın antifaşist müqavimətinin qəhrəmanları!”. 1983-cü ildə Məmməd Bağırovun dəvəti ilə Bakıya gələn Rizaliti 1 May nümayişi zamanı Hökumət Evinin tribunasında parad iştirakçılarını salamlamışdır.   31-ci Qaribaldi briqadasının partizan dəstəsinin (yeri gəlmişkən, həmin dəstənin komandiri həmvətənimiz İbrahim İbrahimov idi) üzvü olmuş 35 azərbaycanlı döyüşçüdən hələlik yalnız 8-nin sənədləri aşkar edilmişdir. 

İkinci Dünya Müharibəsində azərbaycanlıların Avropa müqavimət hərəkatında iştirakı hələ də olduqca aktualdır. İtaliyadakı ilk sovet partizanları 27 sentyabr 1943-cü ildə Neapol (Napoli) yaxınlığında Santa Maria Kapua Vetere bölgəsində həlak olmuş azərbaycanlı iki qardaş olub. İtalyanlar onların adlarını təhrif olunmuş Taşibayo və Naşibayo Mikay kimi xatırlayırlar. 

1975-ci ilə qədər Mussolinini həbs edənlər arasında olmuş azərbaycanlı Vilayət “İlya” Hüseynovu italyanlar ukraynalı hesab edirdilər, belə ki, səhvən onun doğulduğu şəhər Kirovoqrad kimi qeyd edilmişdi. Arxiv sənədləri onun 1944-cü il dekabrın 30-da, Duçenin həbsindən 4 ay əvvəl vəfat etdiyini əminliklə söyləməyə imkan verir. İsmayıl İbrahimova və başqa bir partizana komandanlığın əmri ilə mərmər obelisk – lövhə qoyulmuşdur. Onların komandiri Hilal Cavadov sağ-salamat qayıtmış və bu məlumatların qorunmasında mühüm rol oynamışdır.

Məlumat üçün onu da qeyd edək ki, İtaliyada döyüşmüş 6000 Sovet partizanlarından yalnız biri - Məmməd Bağırov İtaliyanın hərbi təqaüdçüsü idi. O, həmçinin Pistoya şəhərinin fəxri vətəndaşı idi.

1945-ci il 7 fevral tarixində Udine şəhərində yerləşən həbsxanaya ordakı partizanları azad etmək məqsədilə hücum olunub, hücumu həyata keçirən 21 nəfərdən üçü Sovet İttifaqından olub. Onlar Qafqazlı Pietto, Moskvalı Mixail və Xarkovlu Vittorio Litovko idi. Bütün sənədlərdə Qafqazlı Pietto kimi qeyd olunan əslində naxçıvanlı Əli Babayev idi. O, Çapayev adlı batalyonun komandiri idi. Moskvalı Mixailin güman olunan adı şəmkirli Oruc Əliyevdir. Əli Babayevin gümüş medala layiq görülməsinə dair sənəd Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunmaqdadır.

Məmməd Səməd oğlu Bağırovun İkinci Dünya müharibəsi zamanı döyüş yolu cənub-qərb cəbhəsindən - Xarkov vilayətindən başlamışdır. Burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşmüşdür. Bu zaman almanlar qələbədən ruhlanaraq çoxsaylı qüvvə ilə Sovet İttifaqının içərilərinə doğru hücumlarını davam etdirdilər. Onlar Lozevoy, Barvenko və başqa yaşayış məntəqələrini alanda Məmməd Bağırovun bölüyü düşmən mühasirəsinə düşür. Ciddi müqavimətə baxmayaraq Bağırov ağır yaralanaraq əsir düşür. Əsirlik zamanı o tif xəstəliyinə tutulur. Başına faşistlər tərəfində “27” damğası vurulur. Çox keçmədən Məmməd Bağırovu Azəbaycanlı əsirlərdən ibarət olan Azərbaycan legionunun sıralarına daxil edirlər.

Legiondan qaçan Bağırov çox keçmədən partizanların dəstəsinə qoşulur. 1944-cü ildə İtaliyada Umberto Fantaççi adına beynəlmiləl partizan dəstəsi tərkibində faşizmə qarşı mübarizə aparanların sırasında yer almışdır. Onu da qeyd edək ki, həmin dəstədə 20 millətin nümayəndəsi mübarizə aparmış və onlar 1944-cü ilin sentyabrında İtaliyanın Pistoya şəhərini faşistlərdən azad etmişdilər.

1944-cü ilin sentyabr ayında alman faşistlərinin məğlubiyyətinin yaxınlaşdığı bir vaxtda Məmməd Bağırov digər sovet antifaşistləri ilə birlikdə Cənubi İtaliya, Şimali Afrika, Misir, İraq və İrandan keçməklə SSRİ-yə göndərilmişdir. Bakıya çatdıqdan dərhal sonra Moskva vilayətinin Podolsk şəhərinə aparılmış və burada əks-kəşfiyyat xidməti tərəfindən ciddi yoxlamadan keçmişdir. Yalnız bundan sonra Bakıya bir aylıq məzuniyyətə buraxılmışdır.

Müharibə qurtaranadək o, baş leytenant rütbəsində Moskva hərbi dairəsində qulluq etmişdir. Müharibə bitdikdən sonra isə bir müddət Bakı Hava Hücumundan Müdafiə Mərkəzində xidmətini davam etdirmiş, 1946-cı ilin baharında ordudan tərxis olunmuşdur. 1976-cı ildə Florensiya Universitetinin professoru Renato Rizaliti tərəfindən “Pistoyada antifaşist müqaviməti” adlı kitabı nəşr olundu. Kitabda antifaşist hərəkatında iştirak etmiş şəxslərin siyahısı da qeyd edilmişdi.

Bu kitabda Məmməd Səməd oğlu Bağırov haqqında demək olar ki, başqa antifaşistlərdən daha çox məlumat verilmişdi. Kitab dərc ediləndən sonra Məmməd Bağırovun döyüş yoldaşları onu axtararaq, nəhayət, Sovet Veteranları Komitəsi vasitəsilə tapır və İtaliyaya dəvət edirlər. 1978-ci ildə Məmməd Bağırov həyat yoldaşı Şəfiqə xanımla birgə İtaliyaya səfər edir. Səfər çərçivəsində o, döyüş yolu keçdiyi yerlərə baş çəkir. Həmin səfər zamanı İtaliyanın prezidenti, müqavimət hərəkatının fəallarından biri olmuş Aleksandro Pertini tərəfindən qəbul edilmişdir. Ona İtaliyanın partizanı fəxri diplomunu təqdim edilmişdir. 1978-ci ildə həmçinin Məmməd Bağırovun İtaliyanın ən yüksək hərbi mükafatı Qızıl Ulduz (Harribaldi Ulduzu) ilə təltif olunması haqqında qərar qəbul olunmuşdur.

1980-ci ildə həmyerlimizə İtaliya hökuməti tərəfindən fərdi təqaüd təyin olunur. Bundan başqa, 1984-cü ildə Məmməd Bağırov İtaliyanın Şöhrət ordeninə layiq görülür. Eyni zamanda o, İtaliya şəhərlərinin azad olunmasına həsr edilmiş 14 yubiley medalı, 2 fəxri diplom, SSRİ-nin II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Məmməd Bağırov 1997-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində İtaliya torpağına son dəfə ayaq basmışdır.

İtaliyaya etdiyi son səfərdən qayıtdıqdan bir neçə gün sonra igid həmyerlimiz Məmməd Bağırovun hələ böyük amallar uğrunda mübarizə etmək əzmi ilə döyünən ürəyi qəflətən, yuxuda ikən dayanmışdır. Respublika rəhbərliyinin qərarı ilə İkinci Fəxri Xiyabanda dəfn olunmuş, dəfnolunma mərasimində İtaliyanın ölkəmizdəki səfiri və səfirliyin bütün əməkdaşları da iştirak etmişdir.

Tarixi mənbələrə, arxiv sənədlərinə istinad edərək deyə bilərik ki, Azərbaycan partizanları II Dünya Müharibəsi illərində bütün Avropada döyüşmüşlər. Məmməd Məmmədov "Medo" Niderlandda milli qəhrəmana çevrilərək ölkənin ən yüksək ordenini almışdır. Partizanlarımızın İtaliyadakı qəhrəmanlığının həddi-hüdudu isə məlum deyildir. İlk həlak olan azərbaycanlı partizanlara Neapol yaxınlığında, Santa Maria Kapua Vetere adlanan ərazidə döyüşdə həlak olmuş Mikay qardaşlarını göstərə bilərik. Bu, 1943-cü ilin sentyabr ayının sonlarında baş verib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) Triestdə, Əli "Piotto" Babayevin komandanlığı altında Çapayev batalyonu isə Udine yaxınlığında döyüşüb. Çoxsaylı Azərbaycan partizanları Pyaçenza əyalətində həm Beynəlxalq Briqadaların tərkibində, həm də tamamilə Azərbaycanlılardan ibarət ən azı iki dəstənin - Kaio Briqadasının və 31-ci Qaribaldi Briqadasının tərkibində fəaliyyət göstəriblər.

Məhərrəm Məmmədovun komandanlığı altında 24 nəfərlik Azərbaycanlı dəstəsinin daxil olduğu partizan briqadası Pyaçenza yaxınlığında fəaliyyət göstərirdi. Bölmənin döyüşçülərindən biri olan Azər Əmirxanov 1945-ci ilin fevral ayında Bettola kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur. Partizanlar arasında o, "Azər Amerikanov" (Əmirxanov soyadının təhrif olunmuş versiyası) kimi tanınırdı. Bu partizanın şərəfinə briqada komandanlığı dəstələrdən birinə "Distaccamento Amerkanoff" – “Amerika Dəstəsi” adını vermişdir. Dəstənin həlak olmuş döyüşçünün adını daşıması nadir haldır; yalnız üç belə hal məlumdur ki, bunlardan biri Azərbaycan partizanının adı ilə əlaqələndirilir. Xüsusilə, bu dəstənin döyüşçüləri (Əliyev və Şamilov) italyan tarixçisi Mauro Qalleninin "Ciao Russi: Partigiani sovietici in Italia" (2001) kitabının üz qabığında yer almışdır.

İtalyanların mərmər obeliskləri – lövhələri ucaltdıqları Vilayət Hüseynov və İsmayıl İbrahimov da Pyaçensa şəhəri yaxınlığında həlak olmuşlar. Təəssüf ki, İbrahimovun məzarı indi itmişdir, lakin Vilayət Hüseynovun obeliski qalmaqdadır. Vilayət Hüseynov və İsmayıl İbrahimovun komandiri Hilal Cavadov müharibədən sonra sağ-salamat Vətənə qayıtmışdır.

 Füzuli rayonunda doğulan Qara Əkbərov, Gəncədə anadan olan Ənvər Abbaszadə, Moskvada dünyaya gələn İvan Melnikov və təəssüf ki, soyadı rəsmi sənədlərdə qeyd edilməyən lənkəranlı Allahverdi, Sergio kimi tanınan kapitan Əsgər Hacıyev də Pyaçenza əyalətinin Bobbio kəndində dəfn olunmuşlar. İbrahim İbrahimovun komandanlığı altında 31-ci Qaribaldi Briqadasında otuz beş nəfərin xidmət etdiyi də məlumdur. Digər bir Azərbaycan komandiri partizan, ləqəbi Tenente olan Məzaim Əliyev də İtaliyada tarix yazmışdır.

Bu dəhşətli illərdə həmçinin Şimali İtaliyada - Udine şəhəri yaxınlığında Əli Babayevin rəhbərlik etdiyi Çapayev Batalyonu fəaliyyət göstərirdi. Batalyonda digər Azərbaycanlılar da var idi, o cümlədən italyan yoldaşları onu "Mixail Moska" adlandıran Şəmkir rayonundan Oruc Əliyev. Əli Babayev və Oruc-Mixail İtaliya Müqavimətinin əks-səda doğuran əməliyyatlarından birində - Udinedəki həbsxanaya hücumda iştirak etmiş və oradan 73 məhbusu bir döyüşçü də itirmədən azad etmişdir. bu uğurlu əməliyyata rəhbərlik edən və həbsxanaya ilk girən Əli Babayev olmuşdur. Döyüşdəki şücaətinə görə o, Qaribaldi diviziyalarının komandanlığı tərəfindən gümüş medalla təltif edimişdir.

Digər həmyerlimiz Tair İsayev "Serafino" və Nəsib Abdullayev Berqamo yaxınlığındakı Fiamme Verdi diviziyasında vuruşmuşlar. Hər ikisi çoxsaylı İtaliya ordenləri ilə təltif edilmişlər. 1974-cü ildə İsayevin şərəfinə "Onun adı Serafino idi" adlı sənədli film çəkilmiş, film rəqəmsallaşdırılaraq YouTube-da yerləşdirilmişdir.

 Ravenna yaxınlığındakı döyüşlərdəki şücaətinə görə isə Şahbaba Məcidov və Əvəz Mirzoyev Qaribaldi medalı ilə təltif edilmişlər.

Qəhrəmanlığı ilə tarix yazan Cəlil Rəfiyev isə "Vittorio" Matteoti Briqadasında vuruşmuşdur. O, müharibədən sonra özünün və yoldaşlarının döyüş qəhrəmanlıqlarını çoxsaylı məqalələrdə, esselərdə və kitablarda əks etdirmişdir.

Triestenin faşistlərdən azad edilməsi zamanı bir neçə azərbaycanlı, o cümlədən 1909-cu il təvəllüdlü Cəmaləddin Abdullah oğlu Mənsimov həlak olmuşdur. Şəki rayonunun Aydın-Bulaq kəndindən olan bu şəxs müharibə sənədlərində Maksimov kimi qeyd alınmışdır.

Tanınmış yazıçı Mixail Talalayın “Qafqazdan Apenninlərə qədər” kitabının ön sözündə məhşur tədqiqatçı alim Valentino Parlato “İtaliya Müqavimət Hərəkatında azərbaycanlılar” adlı məqaləsində qeyd edir: “Faşizmin məğlub edilməsində azərbaycanlıların töhfəsi əhəmiyyətli idi: 1941-ci ildə 3,4 milyon əhalisi olan bu ölkədən 681.000 nəfər döyüşlərdə iştirak etmiş, 300.000 nəfər həlak olmuşdur. Müqavimət Hərəkatında 5000-dən çox Sovet partizanı italyanlarla birlikdə vuruşmuşdur ki, onlardan bir neçə yüz nəfəri azərbaycanlı idi.” Sənədlərdən və fotoşəkillərdən istifadə edilərək ilk dəfə nəşr olunan bu kitab onların qəhrəmanlığından söz açılmışdır. Qafqazdan Apenninlərə qədər şərəfli döyüş yolu keçən azərbaycanlılardan qürurla söz açan yazıçı qeyd edir ki: “Sovet Ordusundakı bir neçə yüz Azərbaycan əsgəri SSRİ-yə hücum zamanı nasistlər tərəfindən əsir götürülmüşdür.”

Monte di Nezedə kütləvi qətl

1945-ci ilə qədər hər iki tərəfdən İtaliyanın şimalında minlərlə sovet əsgəri vuruşdu. Əksəriyyəti hərbi əsir olan bu əsgərlərdən bəziləri nasistlərin tərəfində döyüşməyi seçmiş, bəziləri isə əsirlikdən qaçaraq partizanlara qoşulmuşdu.

O dövrdə Şimali İtaliyada, xüsusən Lombardiya əyalətində güclü bir anti-faşist hərəkatı mövcud idi. Bunlardan ən böyüyü Garibaldi partizan briqadası idi. Azərbaycan əsgərləri Qaribaldi briqadasına qoşulmaq üçün Berqamo yaxınlığındakı Alzano Lombardoya yollanmışdılar. Şahid ifadələrinə əsasən məlum olur ki, azərbaycanlılar gecəni Monte di Nezedə keçirmişlər. Həmin hadisənin şahidlərindən biri də Karolina Letinidir.

İkinci dünya müharibəsiylə bağlı hər bir sənəd, foto, kino-xronika, xatirə tarixin canlı şahididir. O dəhşətli günləri xatırlayan Karolina Letininin xatirəsi kədərli olsa da, Vətən tarixi üçün çox qiymətlidir: “İtaliyanın şimalındakı Berqamodan 120 km şimalda yerləşən Monte di Neze kəndində 121 azərbaycanlının faciəvi şəkildə həlak olmasının şahidi olmuşam. Bu barədə danışarkən indi də göz yaşlarımı saxlaya bilmirəm. Döyüş səhər 6-da başladı və günortaya qədər davam etdi.

Azərbaycanlılar qəhrəman kimi sona qədər vuruşdular, ancaq cəmi 121 nəfər var idi və təxminən 2500 faşist tərəfindən mühasirəyə alınmışdılar. 13 aprel 1945-ci ildə baş verən dəhşətli hadisələr Monte di Nezedə hələ də xatırlanır, burada sakinlər 121 azərbaycanlının şərəfinə xatirə lövhəsi qoydular. Hadisədən təxminən 70 il keçməsinə baxmayaraq, Monte di Neze sakinləri hələ də onların yolunda ölümə gedən qəhrəmanları unuda bilmirlər. Hər il qələbə günü onları təntənəli şəkildə yad edirlər.

Tarixi mənbələrə, rəsmi dövlər sənədlərinə, arxiv materiallarına, fotoşəkillərə, kino-xronikalara istinad edərək bir daha qeyd edə bilərik ki, II Dünya Müharibəsi illərində azərbaycanlı partizanların İtaliyanın faşizmdən azad olunmasında mühüm rolu olmuşdur. Bu qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin bərpası və gələcək nəsillərə düzgün çatdırılması mühüm vəzifədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu istiqamətdə araşdırmalar aparmağı, beynəlxalq əməkdaşlığı genişləndirməyi və ortaq tarixi yaddaşın qorunması naminə İtaliya tərəfi ilə birgə fəaliyyət göstərməyi vacib hesab edir.

Qürurverici, sevindirici haldır ki, hələ ötən əsrin 60-cı illərindən Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan – İtaliya münasibətlərində tarixi nailiyyət hesab olunan səhifə açılmışdır. Bu ənənə Ulu Öndərin siyasi hakimiyyətinin ikinci mərhələsində inkişaf etdirilmişdir.

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Pezidenti Mehriban xanım Əliyevanın iradəsi ilə Azərbaycan – İtaliya münasibətləri uğurla davam etdirilir. Hər iki ölkənin liderlərinin dəstəyi ilə mühüm layihələr gerçəkləşdirilir, tərəfdaşlıq sazişləri imzalanır. İtaliyanın məhşur şirkətləri ilə yanaşı, universitetləri də ölkəmizlə əməkdaşlıq edir. Dünyəvi təhsil modelinin ölkəmizdə ən ali nümunəsi sayılan ADA Universitetinin bazasında Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulması, İtaliyada Azərbaycan, Azərbaycanda İtaliya mədəniyyətinin təbliğinə həsr olunan forum, konfrans və simpoziumların təşkili tarixi dostluq, qardaşlıq, əməkdaşlıq ənənələrinin bərpası ilə yanaşı, İtaliyanın faşizmdən azad olunması naminə canından belə keçməyə hazır olan qəhrəman Azərbaycan vətəndaşlarının ruhunu şad edən amilə çevrilir. Silahları kitabların əvəz edəcəyinə ümidi artırır. Heç kəsin unudulmadığını, heç kəsin yaddan çıxmadığını sübut edir!

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

 

2026-02-09 16:31:00
1538 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı ..

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.  Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.  Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir. Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən: • dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur; Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.  Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.  Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.  Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.  Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Hamısını oxu
Ermənistan indi də ABŞ-dan dron alır: Əcaba niyə?

Ermənistan ABŞ-dan dəyəri 11 milyon dollar olan pilotsuz kəşfiyyat texnologiyaları alacaq. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib. Bundan başqa, Ermənistanın TRIPP fondu vasitəsilə 9 milyard dollar investisiya əldə edəcəyi də məlum olub. Məlumat üçün qeyd edək ki, 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasından sonra da Hindistandan silah idxalını davam etdirən Ermənistanın indi də ABŞ-dan dronlar alması ciddi suallar doğurur. Hər addımında “sülh” bağıran, Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi münasibətləri tədricən inkişaf etdirməyə başlayan, yeni müharibə ehtimalını təkidlə inkar edən Ermənistanın ABŞ-dan hərbi dronlar alması nə ilə bağlıdır? Hansı zərurət Ermənistanı ABŞ-la hərbi əməkdaşlığa vadar edir? Şübhsəsiz, Ermənistanın sürətlə silahlanma yarışını davam etdirməsi rəsmi İrəvanın qaranlıq məqsədlərindən, “ehtiyat variant və gələcəyə hesablanan bədxah niyyətlərindən” xəbər verir. Həm Fransa və Hindistandan, həm də ABŞ-dan həbi məhsullar alan Ermənistanın bununla yeni hərbi qarşıdurmalara hazırlaşdığı göz önündədir. Mövcud reallıqlar Ermənistanı hazırkı stats-kvo ilə barışmağa vadar etsə də, erməni faşizminin özü üçün əlverişli hesab etdiyi bir zamanda yenidən baş qaldıracağı birmənalıdır. Azərbaycan tarixi bu cür faktlarla zəngindir. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə yeni qarşıdurma ehtimalının mümkünlüyünü vurğulayıb, hər zaman belə bir qarşıdurmaya hazır olmağın zəruriliyini qeyd edib. Nümunə üçün qeyd edək ki, 14 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu ehtimalı bir daha dilə gətirib, yeni qarşdırurmalara hazır olmağın vacibliyini qeyd edib: “İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. (https://president.az/az/articles/view/52446 ). Dövlət başçısı 21 avqust 2025-ci ildə Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə məskunlaşan sakinlərlə görüşü zamanı da daim ayıq-sayıq olmağın önəmini vurğulayıb. Dünyada proseslərin sürətlə dəyişdiyini bildirən Prezident İlham Əliyev, bütün gözlənilməzliklərə hazır olmağın əhəmiyyətinə toxunub: “Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”. (https://president.az/az/articles/view/69911 ). Prezident İlham Əliyevin məlum xəbərdarlıq və tövsiyyələri, eləcə də, Ermənistanın durmadan silahlanması mümkün hərbi qarşıdurmalarla bağlı deyilənlərin mif olmadığını, hər an gerçəkləşə biləcək ehtimallar olduğunu göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın silahlanma cəhdlərini ifşa etməklə yanaşı, öz müdafiə və təhlükəsizliyini gücləndirməkdə davam etməli, 8 Noyabr zəfərini təkrarlamağa hazır olmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Başsağlığı

İkinci Dünya müharibəsi veteranı Qaflan Ömərovun qızı Zeynalova Nazilə Qaflan qızı haqq dünyasına qovuşub.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazilə Zeynalovanın vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun atası Qaflan Ömərova dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir. Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı. Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub. Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir. Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.

Hamısını oxu