Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böhtan kompaniyasını davam etdirməkdə cumhuriyyet.az-ın məqsədi nədir?

   İki həftə əvvəl ölkə KİV-ində yayılmış təkzibimizə baxmayaraq, cumhuriyyet.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasını davam etdirir. Heç bir fakta əsaslanmadan, öz təbirləri ilə desək “baş verən proseslər haqda silsilə yazılar dərc edən” bu saytın kimlərə və nəyə xidmət etdiyi bizə tam aydındır.     Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu.      Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər.    Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar.    Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik.     Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.

2016-11-24 00:00:00
4244 baxış

Digər xəbərlər

“Qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır”

Əflatun Amaşov: “Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır” “Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır”. Veteran.gov.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşov jurnalist adından sui-istifadə hallarına qarşı mübarizədə görülən və görülməsi gərəkən işlərə də diqqət çəkib: “Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün "reket jurnalistika" anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur. Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki MŞ problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Şura onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var. Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir. Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 05

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq. Bu günlərdə təşkilat Bakı şəhərində keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetinin və Dünya məktəbinin müəllim və tələbələri ilə görüş keçirdi. Qeyd edək ki, bu görüşlər Universitetin təklifi ilə orada həyata keçirilib. Tədbiri çıxış sözü ilə açan məktəbin Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, Nizami adına Ədəbiyyat müzeyi Seminar Şurasının üzvü Mədinə Karahan bildirdi ki, belə tədbirlər gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların Ermənistandan sürgün ediləsi haqqında iştirakçıların ətraflı məlumat verdi. Eləcə də o bildirdi ki, bu gün əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyyəsini aşılamaq, həmçinin yeniyetmə və gənclərin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Təşkilat növbəti tədbirlərini Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oldu. Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi. Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim  diqqət və qayğı ilə yanaşdığını söylədi. 9 iyul 2025-ci il tarixdə veteranlar layihə çərçivəsində sonuncu tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında həyata keçirdilər. Vətənpərvərlik və ideoloji təhlükəsizlik məsələsi birinci növbədə maarifləndirmə, savadlandırma, təbliğat tələb edən ciddi, məsuliyyətli bir fəaliyyətdir. Biz də bu məqsədlə Kitabxananın təklifini qəbul edərək, sonuncu tədbirin burada keçirilməsini istədik. Layihə rəhbəri I Qarabağ müharibəsi zamanı “qaynar” nöqtələrdə jurnalistlik fəaliyyətindən danışaraq, əsgərlərimizin göstərdiyi şücaətdən danışdı. O, qeyd etdi ki, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.   Bədirxan Əhmədov layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Vətən və Zəfər nəğmələri” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi. Ümumən görüş çox məhsuldar keçdi və qərara alındı ki, kitabxanada sentyabr ayında şagirdlərlə bu mövzuda tədbir keçirilsin.     “Azərbaycan Respublikası Müharibə,  Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı”  İctimai Birliyinin layihə rəhbəri:                            prof. Bədirxan Əhmədli Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru    «09»  iyul 2025- ci il     

Hamısını oxu
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.   İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sumqayıtda veteranlarla görüş keçirib

13 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib.  Tədbirdən öncə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb. Polkovnik qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs verib: “Veteranlarımızın 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərdiyi, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında şəhidlərimizin, veteranlarımızın tarixi qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların qəhrəmanlığını bütün dünyaya örnək adlandırıb. Bu, veteranlarımıza, onların vətən qarşısındakı xidmətlərinə verilən ən böyük qiymətdir. Vətən müharibəsindən sonra yeni reallıqlar meydana çıxıb ki, bu reallıqlar veteranlarımız qarşısında da yeni vəzifələr qoyur. Bu vəzifələrədn biri birliyimizi qorumaq, Müzəffər Ali Baş Komandanın ətrafıdna sıx birləşməkdə davam etmək, bütün anti-milli qüvvələrə qarşı barışmaz mübarizəmizi davam etdirməkdir. Onu da xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında bu məsələyə daha geniş tərkibdə toxunmuş, Prezident İlham Əliyevə dəstək bəyanatı ünvanlamışdır. Bəyanatda veteranların Müzəffər Ali baş Komandanın yanında yer aldığı, onun hər bir tapşırığını yerinə yetirməy hazır olduğu qeyd olunmuşdur. Bildiyiniz kimi, cari ilin 7 fevral tariximizdə ölkəmizdə prezident seçkiləri keçiriləcək. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək, seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinə öz töhfəsini verməyə çalışacaq. Mən bütün veteranları seçki prosesində aktiv olmağa, dövlətimizin, xalqımızın, vətənimizin keşiyində ayıq-sayıq dayanmağa səsləyirəm”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranlarımızın dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdiyi tarixi şücaətdən bəhs edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Sovet Şükürov, veteranların hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduğunu, onun hər bir çağırışını dəstəklədiyini bildirib. Daha sonra müxtəlif katoqoriyadan olan veteranlar çıxış edərək yaxın tarixi keçmişimizin ən mühüm hadisələrinə toxunub, ölkəmizin gələcək inkişafı ilə bağlı arzu və gözləntilərini dilə gətiriblər. Çıxış edən veteranlar ölkəmizin bundan sonra da Müzəfər Ali Baş Komandanın rəhbərliyi altıdna yeni uğur və nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər. Tədbirin sonunda xatirə şəkli şəkilib.  

Hamısını oxu