Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevdən siyasi demarş: Erməni qatillərini ermənipərəst dövlətin televiziyasında ifşa etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Sülh Konfransında iştirak çərçivəsində bir sıra media orqanlarına, eləcə də Fransanın “France 24” telekanalına müsahibə verib. Müsahibədə Fransa-Azərbaycan münasibətlərində yaşanan gərginliyə toxunan dövlət başçısı, bütün problemlərin rəsmi Parisin anti-Azərbaycan siyasətindən qaynaqlandığını, rəsmi Bakının isə buna cavab olaraq müəyyən addımlar atmaq məcburiyətində qaldığını bildirib. 

İlham Əliyev qeyd edib ki, iki dövlət arasındakı münsibətlərin gərginliyinə görə məsuliyyət Fransa tərəfinin üzərinə düşür. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın heç bir dövlət, eləcə də Fransa ilə problem yaşamaq istəmədiyini, münasibətlərin yenidən yaxşılaşacağına ümidvar olduğunu bildirib.

İlham Əliyevin “France 24” müsahibəsində diqqət çəkən ən başlıca məqamlardan biri isə Prezidentin erməni qatillərini məhz ermənipərəst Fransaya məxsus telekanalda – “France 24”də ifşa etməsi oldu. Bakıda məhkəmə hökmü ilə ağır cəzalara məhkum edilən separatçıları günahsız insanlar kimi təqdim etməyə çalışan telejurnalisti dəmir məntiqi və təkzibedilməz faktları ilə susduran İlham Əliyev, onların törətdiyi cinayətlər diqqət çəkib:

“Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 ).

Daha sonra öz fikirlərini davam etdirən dövlət başçısı, separatçıların alman faşistlərindən daha ağır cinayətlərə imza atdığını vurğulayıb:

Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.

Müxbir: Bu, Sizin üçün eyni şeydir?

Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 )

Göründüyü kimi, İlham Əliyev sadəcə Silahlı Qüvvələrin deyil, həm də Azərbaycan diplomatiyasının Ali Baş Komandanı kimi media müstəvisində də böyük peşəkarlıq və qeyri-adi ustalıq sərgiləməkdədir. Məhz bu peşəkarlığın nəticəsidir ki, dövlət başçısı erməni faşizmini erməniprəst Fransaya məxsus telekanalda uğurla ifşa etməyi bacardı və bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir. Prezident İlham Əliyev bu uğuru ilə isbatladı ki, həqiqət həqiqətdir və heç bir platformada, heç bir formada onu inkar etmək, yox saymaq, görməzdən gəlmək mümkün deyil.

Bu baxımdan, İlham Əliyevin “France 24”-ə müsahibəsini həm rəsmi Parisin ermənipərəst siyasətinə, həm də erməni faşizminə böyük zərbə hesab etmək olar. Əminliklə demək olar ki, bütün baş verənlərdən sonra “France 24” Azərbaycan mövzusuna daha həssaslıqla yanaşacaq və Prezident İlham Əliyevdən müsahibə götürməzdən öncə ən az iki dəfə düşünməli olacaq.

Seymur ƏLİYEV

 

2026-02-17 19:02:00
2044 baxış

Digər xəbərlər

Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
Qəhrəmanlar unudulmur

Yavər Əliyev: Səmamızın şahini 44 günlük Vətən Müharibəsində tarixi qələbəyə imza atan ölkəmizdə min illər boyu qəhrəmanlıq tarixini yaradan igidlər olub. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyevdir. 1956-cı il iyunun 27-də Bakı şəhərində anadan olan Yavər Əliyev Pirallahı adasında 235 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuşdur.1977-ci ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Zabrat aviabirliyində pilot kimi fəaliyyətə başlamışdır. Öncə o, Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət etmiş, sonradan həmin helikopterin komandiri olmuşdur. Sonra isə yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilmişdir. Ötən əsrin 90-cı illərində hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında imtahana çəkildi. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər kəsi bir şüar altında birləşdirdi: Ana Vətən çağırır! Yavər Əliyev Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmməov, Məzahir Abbasov, Züleyxa Seyidməmmədova, Fatma Səttarova kimi qəhrəmanların vətənində doğulmuşdu. Vətən torpaqlarının müdafiəsi uğrunda 1941-45-ci illərdə qəhrəmanlıq tarixi yaradan bu igidlərin yolunu davam etdirmək Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün Yavər Əliyev kimi igidlər arxa cəbhəni ön cəbhəyə dəyişdilər.Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri könüllü olaraq helikopterin sükanı arxasına keçərək ön cəbhəyə yollanmaq qərarı alır. Bu elə bir dövr idi ki, erməni daşnakları dəstək aldıqları ölkələrin hərbi qüvvələri ilə Qarabağda, Şərqi Zəngəzurda qanı su yerinə axıdırdılar. Təşkilatçılıq məharətinə, döyüş qabiliyyətinə, yüksək peşəkarlığına görə milli aviatorlar arasında xüsusi nüfuz qazanan Yavər Əliyev hərbi helikopterin birinci eskadrilasının komandiri kimi mülki aviasiyasının peşəkar aviatorları Zakir Yusifovu, Zakir Məmmədovu, Xanlar Səmədovu, Firuz Cəlilovu, Faiq Məmmədovu və digər qəhrəman pilotlardan ibarət peşəkar döyüş kollektivi formalaşdıraraq hərbi aviasiyanın qurulmasına töhfə verir.Ağdam və Şuşa istiqamətində mövcud olan kəndlər arasında hava körpüsünün salınmasına nail olan Yavər Əliyev və onun peşəkar pilotları on minlərlə soydaşımızı ölüm təhlükəsindən, məhv olunmadan xilas edir. Hərbi hissələrə silah – sürsat daşınmasında, ərzaq təminatının təşkilində də xüsusi xidmətlər göstərir. Yavər Yaqub oğlu Əliyev qəhrəmanlıq tariximizə yazılan döyüş uçuşları ilə igidliyini, cəsurluğunu, Vətənə sonsuz məhəbbətini sübut edir. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin, qüdrətli ordumuzun iradəsi ilə işğaldan azad edilən Qarabağda, Zəngəzurda 1990-1992-ci illərdə Mİ-24 helikopteri ilə döyüş uçuşları həyata keçirən, düşmən mövqeyinə zərbələr endirən, növbəti döyüş əməliyyatını 1992-ci il fevralın 29-da yerinə yetirərkən Şəhidlik zirvəsinə yüksələn Yavər Yaqub oğlu Əliyev elə həmin il ölümündən sonra “Azərbaycanın Respublikasının Milli Qəhrəmanı” adına laiq görülür. Yavər Əliyev qəhrəmanlıq tarixini səmada, göy üzündə yazdı. Ölümü ilə ölümsüzlüyə qovuşdu. Düşmənlərə sübut etdi ki, Yavər kimi igidləri olan Azərbaycan xalqı canından keçər, bir qarış torpağından keçməz. 44 günlük Vətən müharibəsi bu həqiqəti dünyaya sübut bir daha bəyan etdi. Milli Qəhrəmanımızın adı çox yerlərdə, ünvanlarda əbədiləşib. Təhsil aldığı Pirallahı adasındakı 235 saylı orta məktəb onun adını daşıyır. Sabunçu və Xətai rayonlarında adını daşıyan küçələr mövcuddur. Övladları onun yolunu davam etdirir. Yavər Yaqub oğlu Əliyev Qəhrəmanlıq dastanını al qanı ilə yazdı. Şəhidlik zirvəsinə ucaldı. Vətən sevgisindən uca heç nəyin olmadığını sübut etdi. Şəhidliyə qovuşmasından 28 il sonra uğrunda qan töküb can verdiyi Qarabağ Şərgi Zəngəzur işğaldan azad olundu.30 il öncə Yavər Əliyev və pilotları yerli sakinləri düşməndən xilas etmək üçün təxliyə edirdilər. İndi Bakıdan Qarabağa köç başlayıb. Qarabağ tikilir, qurulur, dirçəlir. Qarabağın müxtəlif  bölgələrində hava limanları istifadəyə verilir. Azərbaycan bayrağı  həkk edilən təyyarələr, helikopterlər Azad Qarabağın, Şərqi Zəngəzurun Azad Səmasında qanad çalır. Yavər Əliyev kimi igidlərin, qəhrəmanların ruhunu şad edir.

Hamısını oxu
Çexiya Respublikasinin Azərrabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab  Milan Ekertin başçılıq etdiyi nümayəndə heyəti ilə 25 fevral 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Təşkilatın sədri Tofiq Ağahüseynov Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışmışdır. İkinci Dünya müharibəsi veteranı general-polkovnik Tofiq Ağahüseynov Çexiyada 7 il hərbi xidməti barədə eləcə də, bu ölkə və çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.   Görüş iştirakçılarına milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki şücaətindən danışmış, diviziyanın zabit və əsgərlərindən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  Səfir Milan Ekert Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq,  İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəninin 75 illik yubileyinin yaddaqalan olacağını qeyd etmişdir.  Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.  

Hamısını oxu