Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlıq Zirvəsinə Ucalan Ömür – Məmməd Mərdanov!

Vətən uğrunda canından keçənlər millətin yaddaşında əbədi yaşayır. Qazax rayonunda keçirilən ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rayon sədri Azər Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranlarını təmsil edən ictimai birliyin rayon sədri Xasay Balayev, şəhid ailələri və qazilər bir araya gələrək qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Bu görüş xalqın öz igidlərinə sədaqətinin ifadəsi idi.

44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışan Azər Məmmədov bildirdi ki, şəhid ailələrinin dərdini azaltmaq mümkün olmasa da, onların yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki bu qələbə qəhrəmanların qanı ilə yazılıb. Belə igidlərdən biri də Məmməd Ələddin oğlu Mərdanovdur.

18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan Məmməd sadə, zəhmətkeş və vətənpərvər bir gənc idi. Taleyinə isə ən uca zirvə – şəhidlik yazıldı. 22 sentyabr 2021-ci ildə Barxudarlı və Sofulu kəndlərinə texnika ilə yol açarkən minaya düşərək şəhid oldu. Bir gün sonra doğma kəndində torpağa tapşırıldı.

Məmməddən iki qız və bir oğul yadigar qalıb. Onun adını yaşadan bulaq isə doğma kəndində daim axaraq qəhrəman ömrünün rəmzinə çevrilib. Görüş zamanı şəhid atası Ələddin Mərdanov övladı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Məmməd Mərdanovun ömrü qısa, amma şərəfli oldu. O, adını tarixə qanı ilə yazdı. İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu torpağın azadlığı uğrunda canından keçənlərin adı daim qürurla çəkiləcək. 

Şəhidlər ölməz, Vətən bölünməz.

 

2026-02-19 14:28:00
2072 baxış

Digər xəbərlər

Şirvan şəhərində veteranlarla görüş keçirilib

9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar. Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkivnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər. Öncə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ uğrunda gedən döyüşlərdə Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində Şirvan şəhərində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun şəhərin İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanın büstü qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq ailələrinin yaşadıqları ərazidə, təhsil aldıqları məktəblərdə xatirə lövhələri ucaldılıb, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilmiş, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi inşa edilib. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində dövlət başçısı ətrafında dəmir yumruq kimi birəşdiyini bildirən polkovnik Cəlil Xəlilov, bu gün də milli maraqların müdafiəsi, ölkəmizin çiçəklənməsi baxımından dövlətimizin ətrafında sıx birləşməyin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, gənc nəslin nümayəndələri, o cümlədən qazi və veteranlar milli maraqların müdafiəsində yaxından iştirak etməli, Prezident İlham Əliyevin tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib. Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, hörmətli polkovnik Cəlil Xəlilova Fəxri Fərman təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.  

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır.   Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filalının  tələbələri, gənclər və media nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.  Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. C.Xəlilov:  “İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.” Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasında səsləndirilən musiqi proqramı proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı.

Hamısını oxu
Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!

                    Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı tədbir 08noyabr  2016-cı il  tarixdə Bakı şəhərində seminar–müşavirə keçiriləcəkdir. Seminar-müşavirə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının əməkdaşları tərəfindən həyata keçiriləcək.         Tədbirdə Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda,  2016-cı ilin  aprel ayında  şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir.       Tədbiririn əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Seminar-müşavirədə Bakı və Bakı ətrafı rayonların veteran təşkilatlarının sədrləri, veteranlar iştirak edəcəklər.       

Hamısını oxu