Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu.

Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu.

Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir.

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir.

Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir.

İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.

Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

28 May – Müstəqillik Gününüz mübarək olsun!"

2026-05-28 17:49:00
1242 baxış

Digər xəbərlər

Müxtəlif peşə sahibləri Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

Azərbaycanda çalışan müxtəlif peşə sahələrinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılan videoda müxtəlif sahələrdə çalışan insanlar Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Milli.Az

Hamısını oxu
Milli maraqların keşiyində: Heydər Əliyevin təhlükəsizlik siyasəti

Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər?  Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. ​Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22)   Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı  DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə  başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi  sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti,  28 mart 1999-cu il) Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26) Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:                    Başı kəsiləndə bu məğrur elin                   Qəlbin ağrısını hiss etdinizmi -                   Qoca Füzulinin, igid Babəkin                   E’tiraz səsini eşitdinizmi?                   Cənablar, bir damcı mürəkkəblə siz                   Düşünün, nələrə qol çəkmişsiniz? Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı  təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın  qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı. Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:                                   Doğransam da qıymə-qıymə,                  Tikə-tikə, rizə-rizə,                  Mübarizə! Mübarizə! Mübarizə!                                                    Mübarizə!və elə həmin illərdə yazdığı:                                     Yox, bunu görməyin Arpa çayından,                   Kim deyir Saranı sellər apardı:                   Şahənşah bağından, Qış sarayından                   Yurduma uzanan əllər apardı. və yaxud da:                   Azadlığı istəmirəm,                   zərrə-zərrə, qıram-qıram,                   Qolumdakı zəncirləri                   Qıram gərək! Qıram, Qıram!  Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3) Ədəbiyyatımızda, elmimizdə yuva salmış  “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi. Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il). Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının  paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur. Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik

Hamısını oxu
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri Əbdüləziz Zakirov, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliknazarov, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri Rahman Qurbanmuradov, Şimali Kiprin Dini İşlər sədri Hakan Moral, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) baş direktoru Mahmut Erol Kılıç, Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri, Şimali Qafqaz Koordinasiya Mərkəzinin sədri Salah-Hacı Mejiyev, Beynəlxalq İslam Fiqhi Təşkilatının baş katibi Seyid Əbdül-Qasim Əd-Dibaci, Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqaz üzrə qazısı, Dərbənd Cümə məscidinin imamı Şaqabitdin Kərimov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Həmid Şəhriyari və Suriyanın vəqflər naziri Məhəmməd Əbu Əl Xeyr Şükri daxildir. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Hörmətli şeyx həzrətləri. Hörmətli qonaqlar. Sizi səmimiyyətlə salamlayıram. Qonaqlara “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər. Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir. Bilirəm ki, bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Onları xüsusilə salamlayıram. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir. Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək. Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir. Bilirəm ki, səfər zamanı siz Qarabağa da gedəcəksiniz. Mənə verilən məlumata görə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqsınız. Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz. Bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Artıq Xocalıda Xocalı Memorial Kompleksi də yaradılıb və əgər vaxtınız olarsa, oraya da baş çəkə bilərsiniz. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq. Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir. Əlbəttə ki, Qarabağa səfəriniz, yenə də deyirəm, çox maraqlı olacaq. Çünki siz dirçələn Qarabağı da görəcəksiniz. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq. Onu da bildirməliyəm ki, bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq. Otuz il ərzində işğal dövründə Qarabağda Ermənistan dövləti bir daşı daş üstə qoymamışdır, bir bina tikməmişdi, ancaq öz yırtıcı, rüşvətxor və qaniçən rəhbərləri üçün villalar, imarətlər tikmişdir. İndi gedib görərsiniz, biz 4-5 il ərzində bütün o böyük ərazini, - təqribən 15 min kvadratkilometrə yaxın olan ərazi, - yəni bir ölkə boyda ərazini hansı hala gətirdik. Onu özünüz görərsiniz. Mən bir daha sizi salamlayıram. Xüsusilə şeyx həzrətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir. Onun fəaliyyəti həm Azərbaycan xalqı tərəfindən, həm qonşu dövlətlər, xalqlar tərəfindən yüksək qiymətləndirilir. Onun himayəsi, təşəbbüsü ilə keçirilən bu tədbirlərin çox böyük mənası var - həm xalqımız üçün, həm Qafqaz üçün, Türk dünyası üçün, İslam aləmi üçün. Ona görə hörmətli şeyx həzrətləri, sizə öz təşəkkürümü bildirmək istəyirəm. Qonaqlara da təşəkkürümü bildirirəm ki, bu gün bizimlə bir yerdədirlər. Sizə uğurlar, təmsil etdiyiniz xalqlara, ölkələrə xoşbəxtlik, əmin-amanlıq, cansağlığı arzulayıram. Sağ olun. x x x Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək dedi: -Bismillahir-rəhmanir-rəhim. Möhtərəm Prezident İlham Əliyev cənabları, Zati-aliləri. Sizin sözünüzün qüvvəti, mən bir şeyxülislam kimi Allah-taalanın nəsib etdiyi, Azərbaycanın müəyyən qədər sonrakı tarixində bu yeniliklərin əvvəlini də görmüşəm. Bu gün də mənə bu ahıl dövrümdə, bu yaşı keçmiş dövrümdə çiçəklənən Azərbaycanı görmək nəsib olub. Mən buna görə Allahıma şükür edirəm. Sizə də minnətdarlığımı bildirirəm ki, biz Sizin himayədarlığınız ilə Türk Dövlətləri Təşkilatının rəhbərləri böyük filosof, mötədil İslamı təbliğ edən Seyid Yəhya Bakuvinin işığında yığışmışıq. Bu himayədarlığı da Siz etmisiniz, hər cəhətdən kömək göstərmisiniz və ona görə də Sizə minnətdarlığımı bildirirəm. Həqiqətən də Sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir. Mənim dünənim, - Allah rəhmət eləsin, - Ulu Öndər Heydər Əliyev cənabları ilədir, onunla bərabər addımlayırdıq, görürdük, o, bizə gələcəyi göstərirdi. Hələ o dövrdə o, Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra bizi, din xadimlərini digər din nümayəndələri ilə birlikdə yığdı, bizə multikulturalizm yolunu öyrətdi, doğru yolu öyrətdi, dinlərlə birlikdə olmaq, qardaş olmaq, dost olmaq yolunu öyrətdi. Amma bir şeyi də deyim ki, o mənə deyərdi, şeyx, mən səni göndərmişəm oxumağa. Sən mənim tələbəm olmusan o dövrdə. Onu da mən demək istərdim ki, hələ 1968-ci ildə mənim mədrəsəyə gedib oxumağım Heydər Əliyev cənablarının istəyi ilə olubmuş. Mən onu bilmirdim, sonrakı dövrlərdə mənə dedi. Bu gün mən görürəm ki, Azərbaycan çiçəklənir, Sizin rəhbərliyinizlə dünyada zirvələr fəth edir. Xüsusən Zati-alinizin rəhbərliyi ilə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük, fikirləşirdik. Amma həyatda Allah-taala mənə nəsib etdi. Çünki bəzi adamlar var idi, deyirdilər ki, bu, ola bilməz, biz buna inanmırıq. Amma əlhəmdülillah, Sizin rəhbərliyinizlə, Sizin siyasətinizlə, Sizin apardığınız həm daxili, həm xarici siyasət, həm xalqın birliyi ilə Qələbə qazandıq, Zəfər qazandıq. Allah-taala həmişə Sizi uca eləsin, Zəfərinizi uca eləsin, bizim dualarımız Sizinlədir. Minnətdaram ki, Siz mənə bu cür qiymət verdiniz, verirsiniz və mənim qarşımda daha böyük vəzifələr qoyursunuz. Yəni verdiyiniz bu qiymətə görə mən imkan daxilində həyatımda əlimdən gələni edəcəyəm ki, gələcəkdə də İslam dünyasında, dinlər arasında münasibətləri, qardaşlıq münasibətlərini, bir də ki, Azərbaycanın İslam həmrəyliyini, tolerantlığını bütün dünyada yaya bilim və çatdıra bilim. Mən bir daha Sizə təşəkkürümü bildirirəm ki, sıx iş qrafikinizə baxmayaraq, bizi qəbul etdiniz. Bu, Sizin milli-mənəvi dəyərlərə verdiyiniz böyük qiymət deməkdir. Ona görə də bizi qəbul etdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk. Allah-taala Sizə cansağlığı versin! Allah-taala Azərbaycanımızı qorusun! Allah-taala Sizə yeni-yeni Zəfərlər nəsib etsin, inşallah! Prezident İlham Əliyev: Sağ olun. Şeyxülislam Allahşükür Paşazadə: Mən istərdim ki, sözü Türk Dövlətləri Təşkilatının Baş katibinə verim. Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. x x x Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək dedi: -Zati-aliləri, biz Sizin ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və Siz bunu bu gün bir daha göstərdiniz. Dünən də Türk dünyasının dini liderlərinin 7-ci görüşünü keçirdik. Əlbəttə ki, sonrakı beynəlxalq konfrans Bakının beynəlxalq aləmin paytaxtına necə çevrilməsini nümayiş etdirir. Həmin Qələbədən sonra təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlılar Sizin liderlik keyfiyyətlərinizdən fərəhlənir. Mən çox qısa danışacağam. Bildiyiniz kimi, Türk dünyamızın liderliyi sayəsində biz 60-dan çox sahədə əməkdaşlıq edirik və bu sahələrdən biri dindir. Bu məsələ çox vacibdir. Xüsusilə biz Fətva komitəsinin qərarlarını bəyan etmək üçün qərarlar qəbul edirik. İcazə verin, buna görə müftilərimiz adından Zati-alinizə məktubları təqdim edim. x x x Şeyxülislam Allahşükür Paşazadə: Çox sağ olun. Onu da deyim ki, bu Türk dövlətlərin dini liderlərinin bu toplantısının ideyası da Sizindir. Sizin adınızdan gəldilər, məsləhət oldu və biz də onu yerinə yetirdik. İnşallah, bunu da davam etdirəcəyik. Türkdilli Dövlətlərin Dini Liderləri adından çıxış edən Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş dedi: -Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli qardaşınız, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev: Sağ olun. Safi Arpaquş: Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşünün və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bu gözəl Azərbaycan şəhərində keçirilməsindən məmnunluğumuzu bildirmək istəyirəm. Ev sahibliyinizə və qonaqpərvərliyinizə görə bütün dostlarım adından ehtiramımı bildirirəm. Azərbaycan xalqına və Azərbaycan dövlətinə əbədi davamlı birlik, həmrəylik və İslam ümməti daxilində qardaşlıq arzulayır, bunun dünya mövcud olduğu müddətdə davam etməsini diləyirik. Bu hisslərlə Sizə bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm və Zati-alinizə hörmətimi bildirirəm. x x x Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun. Şeyxülislam Allahşükür Paşazadə: Çox sağ olun, minnətdaram. Biz həm də belə qərara gəlmişik ki, bu konfransı Zati-alinizin qarşısında dayanıb çıxış etdiyiniz Ağdam məscidində davam etdirək. Çünki yadımdadır, hələ o dövrdə bütün Qarabağ şəhidlərinin dini mərasimləri həmin məsciddə olurdu. Prezident İlham Əliyev: Bəli, o cümlədən Xocalı qurbanlarının. Şeyxülislam Allahşükür Paşazadə: Bəli, o məscid çox şeylərə şahiddir. Ona görə də belə məsləhət oldu ki, bu gün oraya yola düşək. Sabah, inşallah, orada həm Seyid Yəhya Bakuvi, həm də Türk Dövlətləri Təşkilatı dini liderlərinin konfranslarını həmin məsciddə davam etdirək. Həm də Xocalını, inşallah, ziyarət edəcəyik. Bizim belə bir məsləhətimiz var. Prezident İlham Əliyev: Düzdür, şeyx həzrətləri, tamamilə haqlısınız. Ağdam məscidi tarixi bir məsciddir və hamımız yaxşı bilirik ki, işğal dövründə hələ ki, Ağdam işğal olunmamışdı, bizim şəhid olmuş soydaşlarımızın dini tədbirləri, mərasimləri orada keçirilirdi. O cümlədən Xocalı qurbanlarının da bütün mərasimləri orada keçirilmişdi. Onu da bildirməliyəm ki, biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir. O cümlədən siz Şuşada yeni inşa edilən məscidin tikintisi ilə də tanış olacaqsınız. Yəni bir daha demək istəyirəm, xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə o qədər böyük sevgi və hörməti var ki, biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir. Ona görə çox yaxşı bir qərardır və Ağdam da faktiki olaraq indi yenidən qurulur. Onu da bildirməliyəm ki, işğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar. Bu, birinci məqsəd idi. İkinci məqsəd, əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri - hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Biz, bax belə misli görünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar. Bütün bunları dünya bilməlidir. Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik. Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Elə mən özüm şəxsən 2001-ci ildə, - o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, - bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik? Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir. Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır. Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır. Mən bizim görüşümüzün çərçivələrini bir qədər genişləndirdim, yəni sadəcə olaraq, öz fikirlərimi sübutlarla əsaslandırmaq üçün. Yəni bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır. Buyurun. x x x Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edərək dedi: -Bismillahir-rəhmanir-rəhim. Zati-aliləri Prezident İlham Əliyev. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri. Möhtərəm alimlər, mötəbər konfransın hörmətli iştirakçıları. Cənab Prezident, icazənizlə, çıxışıma Sizin sözlərinizə münasibət bildirməklə başlamaq istərdim. Cənab Prezident, Siz ölkənizi həm dünyaya, həm də İslam aləminə İslam qardaşlığının aparıcı nümunəsi kimi təqdim etməyə nail olmusunuz. Bu qardaşlıq bütün parçalanmaları, qarşıdurmaları, məzhəb və təriqət ayrı-seçkiliklərini aşaraq, Sizin də qeyd etdiyiniz kimi, həll yolunun İslam həmrəyliyindən və birliyindən keçdiyini bəyan edir. Alimlərin və fəqihlərin rolu olduqca mühüm məsələdir. Çünki diplomatiyanın və siyasətin səsi ilə yanaşı, alimlərin və mütəfəkkirlərin də güclü səsi olmalıdır. İcazənizlə, Siz danışarkən və ölkənizin keçdiyi bu mühüm, həssas mərhələləri bütün aydınlığı ilə nəql edərkən ağlıma gələn bir fikri Sizinlə bölüşüm. Bu, Sizi dinləyənlərin ilk dəfə eşitdiyi bir fikir deyil. Mən Sizi bir neçə dəfə dinləmişəm və Sizin öz məsələnizdən, öz amalınızdan iman və inamla danışdığınızın şahidi olmuşam. Bütün bunları bir ifadə ilə belə təsvir etmək istərdim: Siz müharibədə Sərkərdə olduğunuz kimi, sülhdə də Sərkərdəsiniz. Bu gün bizim ehtiyac duyduğumuz məhz budur. Cənab Prezident, icazənizlə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd ət-Tayyib həzrətlərinin salamlarını, ehtiramını, məhəbbətini və dualarını çatdırım. O, bu ölkəyə böyük dəyər verir və məndən xahiş etdi ki, dünən keçirilən konfransda onun Şeyx Yəhya Bakuvi həzrətlərinin müridlərindən olduğunu, Misirdə onun davamçıları arasında yer alan Xəlvətiyyə təriqətinə mənsub olduğunu bəyan edim. Bu təriqətin əsas sütunlarından və böyük simalarından biri də qədim dövrün, eyni zamanda, müasir dünyamızın müsəlman filosofu Şeyx Seyid Yəhya Bakuvidir. Sizin də qeyd etdiyiniz və vurğuladığınız kimi, dünyamızın getdikcə daha çox qarşıdurma və parçalanmalarla üzləşdiyi bir vaxtda biz belə alimlərin irsinə ehtiyac duyuruq. Biz Seyid Yəhya Bakuvinin elmi irsinə, düşüncəsinə və təliminə ehtiyac duyuruq ki, mötədillik, mehriban qonşuluq, dövlətlərin suverenliyinə hörmət, xalqların və ölkələrin təhlükəsizliyinin qorunması kimi dəyərlərin yalnız beynəlxalq münasibətlərdə, diplomatiyada və siyasətdə qəbul edilmiş qaydalar deyil, həm də dini, əxlaqi və bəşəri dəyərlər olduğunu bir daha təsdiq edək. Sizin çıxışınızda qeyd etdiyiniz, eləcə də konfransda mötəbər alimlərin vurğuladıqları kimi, din adı altında insanın öz vətəninin hüdudlarını, ləyaqətini və sabitliyini aşan, vətənin, eləcə də digər ölkələrin təhlükəsizliyini və sabitliyini təhdid edən hər hansı sədaqət anlayışı mövcud ola bilməz. Cənab Prezident, biz hamımızın - Əl-Əzhər Əş-Şərifin, bu müdrik insanın - şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin üzvü olmaq şərəfinə nail olduğu Müsəlman Ağsaqqalları Şurasının, həmçinin türk dövlətlərinin ölkələrin möhtərəm alimlərinin adından bəyan edirik ki, Şeyx Seyid Yəhya Bakuvinin elmi irsi və İslam həmrəyliyinə dair sufi fəlsəfəsi bu gün dünyamızın ən çox ehtiyac duyduğu dəyərlərdəndir. Bu irs insan ləyaqətini, xalqların və dövlətlərin sabitliyini qorumağa xidmət edir. Cənab Prezident, sonda Sizə demək istəyirəm ki, xalqınız Sizinlə fəxr etdiyi kimi, biz də Sizinlə fəxr edirik. Biz Sizin əməyiniz, fədakarlığınız, İslam ümmətinə sədaqətiniz, İslama və müsəlmanlara, xalqınıza və regionunuza xidmətiniz, həmçinin alimlərin irsinə göstərdiyiniz hörmət və ehtiram ilə fəxr edirik. Çıxışınızın əvvəlində alimlərin yaşadıqları tarixləri və bu ölkədən keçmiş, burada yetişmiş böyük alimləri xronoloji ardıcıllıqla qeyd etməyiniz mənim üçün çox təsirli oldu. Siz bu irsin bu gün də həyatımız üçün bir dəyər olduğunu vurğuladınız. Bütün dünyada liderlərdən, mütəfəkkirlərdən və alimlərdən ehtiyac duyduğumuz yanaşma məhz budur. Bir daha qeyd edirəm: Siz müharibədə qəhrəman oldunuz, eyni zamanda, sülhdə də qəhrəman oldunuz. Dünən Siz böyük sevgi və ehtiramla bəyan etdiniz ki, layiq olduğunuz və böyük xidmətinizə, Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında göstərdiyiniz böyük səylərə görə qazandığınız “Zayed İnsan Qardaşlığı Mükafatı”nı xalqınıza, azad edilmiş ərazilərə və onun inkişafına töhfə vermək məqsədilə bağışlayırsınız. Bu, Sizin vətəninizə və ümmətinizə sədaqətinizin daha bir nümunəsidir. Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizə bərəkət versin, Azərbaycana bərəkət versin. Qardaşımın da qeyd etdiyi kimi, Azərbaycan artıq konfranslar paytaxtına çevrilib. Həqiqətən də Azərbaycan mühüm və əhəmiyyətli konfransların paytaxtına çevrilmişdir. Zati-alinizə, Sizinlə birlikdə çalışan bütün şəxslərə, eləcə də bizim qardaşımız və ağsaqqalımız hesab etdiyimiz möhtərəm şeyxülislam həzrətlərinə dərin ehtiramımızı, minnətdarlığımızı və ən xoş arzularımızı bildiririk. Allah Sizə bərəkət versin. Təşəkkür edirəm. x x x Prezident İlham Əliyev: İlk növbədə, xahiş edirəm ki, mənim salamlarımı və hörmətimi böyük İmama çatdırasınız. Onunla Misirdə, Əl-Əzhərdə görüşümü mən heç vaxt unutmayacağam. O cümlədən onun Bakıda olmasını da məmnunluqla xatırlayıram. Onu yenidən Bakıda görməyi çox istərdim və müvafiq məktublar da göndərildi. Ümid edirəm ki, bizim dəvətimizi qəbul edəcək. Eyni zamanda, sizə bir daha təşəkkürümü bildirmək istəyirəm, Şeyx Zayed adına olan bu mükafata görə. Bu mükafat çox böyük məna daşıyır, təbii ki, mənim üçün. Çünki çox mötəbər bir münsiflər heyəti tərəfindən qərar verilmişdir və bilirəm ki, orada seçim prosesi çox dəqiqdir və çox həssasdır, bir çox amillər nəzərə alınır. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu mükafat sülhə atılmış növbəti bir addım idi. Bu, bizim sülh gündəliyimizi dəstəkləyən bir addım idi. Çünki mən bir daha demək istəyirəm, biz indi Ermənistanla sülh şəraitində yaşayırıq. Ancaq bizim ürəyimizdə olan yaralar sağalmayıb. Xalqımızın qəlbində olan o yaralar sağalmayıb və nə vaxt sağalacaq, bunu heç kim bilə bilməz. Qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq çox böyük həm cəsarət tələb edir, uzaqgörənlik tələb edir və eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir. Əlbəttə, müxtəlif yollar seçilə bilərdi və təbii ki, seçim Azərbaycanın idi. Çünki Azərbaycan müharibədə qalib gəlmişdir. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik. Ancaq biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya, necə deyərlər, aydındır və bütün dünya bunu görür. Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi. Biz onu dayandırmasaydıq, bu, elə əbədi davam edəcəkdi, qan töküləcəkdi, şəhidlər veriləcəkdi və ölkəmizin normal inkişafı mümkün olmayacaqdı. Ona görə bax, bu sülh gündəliyini praktiki işlərlə dəstəkləyən məhz Sizin mənə və Ermənistanın Baş nazirinə verdiyiniz mükafat idi. Bəli, bəyanatlar verilmişdir. Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin paraflanmasına, demək olar ki, bütün beynəlxalq birlik dəstək vermişdir, yəni siyasi bəyanatlar verilmişdir. Amma bu mükafat onları daha da gücləndirdi. Əbu-Dabidə sizin təşkil etdiyiniz o təntənəli mərasim, sizin şəxsi münasibətiniz və orada dünya liderlərinin sülh prosesinə dəstək vermələri, əlbəttə ki, bu müsbət meyilləri gücləndirir. Biz cəmi bir ildən bir qədər çox - bir il bir aydır sülh şəraitində yaşayırıq. Sülh hələ ki, tam oturuşmayıb. Bəli, bizim güclü iradəmiz var. Biz sülh gündəliyinə sadiqik. Ancaq dünyada və ətrafımızda gedən proseslər, - indi hər kəs görür, - faktiki olaraq idarəolunmaz səviyyəyə gəlib çıxıb və hətta xaotik vəziyyət dərinləşə bilər, həm mövcud münaqişələr çərçivəsində, həm də genişlənə bilər. Biz görürük ki, artıq bir çox ölkələr müxtəlif bölgələrdə qarşıdurmadadırlar. Yəni bu, iki ölkə arasındakı qarşıdurmalar deyil. Artıq bir çox ölkələr bu qarşıdurmalarda fəal iştirak edir və bu qanlı toqquşmaların coğrafiyası genişlənir. Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Ona görə mən bir daha sizə təşəkkürümü bildirirəm ki, sizin bizə verdiyiniz o mükafat həm ictimai fikirdə, həm ondan sonra siyasi addımların atılmasında və sülhü artıq geridönməz etməsində çox böyük rol oynadı. Ona görə bir daha təşəkkür edirəm və bütün xoş sözlərinizə görə sizə minnətdaram. x x x Şeyxülislam Allahşükür Paşazadə: İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç cənabları da bir-iki kəlmə danışmaq istəyir. Prezident İlham Əliyev: Buyurun. IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) baş direktoru Mahmut Erol Kılıç çıxış edərək dedi: -İslam Əməkdaşlıq Təşkilatının (İƏT) törəmə mədəniyyət qurumu olan IRCICA adından gözəl Bakı şəhərində bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə, cənab Prezident, Sizə bir daha minnətdarlığımı ifadə etmək istəyirəm. Bildiyiniz kimi, İƏT 57 üzv dövləti bir araya gətirir və onlardan biri Azərbaycandır, biri də mənim ölkəm Türkiyədir. Tarix, mədəniyyət və incəsənət üzrə fəaliyyət göstərən İƏT-in törəmə qurumu IRCICA-nın mənzil-qərargahı İstanbuldadır. Biz gözəl konfranslar təşkil edirik. Mən fikirlərimdən birini sizinlə bölüşmək istəyirəm. Xüsusilə İslam dünyasında dinin anlayışı dəhşətli şəkildə təhrif olunur. Buna bəzi regionlarda sələfilik və bu kimi adlar verilir. Bu kimi məfhumlar dini məhv edir. Lakin biz bilirik ki, Azərbaycanda gözəl Sufizm tarixi var. Füzuli, Seyid Yəhya Şirvani, Neymətulla Naxçıvani kimi mülayim düşüncəli sufi mütəfəkkirlər və bir çox digərləri olub. Ona görə mən sizdən şəxsən xahiş edirəm ki, xüsusilə İslam dünyasına və bütün dünyaya İslamın bu gözəl və mülayim tərəfini göstərmək üçün tərəfimizdən daha çox tədbirlər görülməlidir. Bir daha çox sağ olun. x x x Şeyxülislam Allahşükür Paşazadə: Mən də sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz nəyi? Mədrəsə, Mir-i Ərəb mədrəsəsi, Siz ki, oraya getdiniz. Prezident İlham Əliyev: Şəkil də çəkdirdik Sizin portretinizin fonunda. Mən Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin. O şəkil ki, onun mədrəsəsində dostumuzla çəkdirdik. Şeyxülislam Allahşükür Paşazadə: Şavkat Mirziyoyevin babası da orada oxuyub. Prezident İlham Əliyev: Bəli, şəkli var, sizin də şəkliniz. Şeyxülislam Allahşükür Paşazadə: Bəli, mənim də şəklim var. Minnətdaram ki, Siz o milli-mənəvi dəyərlərə bir daha qiymət verdiniz. Əlbəttə, bu görüş bizim hamımızı çox sevindirdi. Bu, türk dövlətlərinin xüsusi bir görüşü idi. Prezident İlham Əliyev: Belə tez-tez yığışırsınız. Şeyxülislam Allahşükür Paşazadə: Bu görüşlərdə bir mülayimlik, bir mərhəmət var. Bu görüşlər türkdilli xalqları daha sıx birləşdirir. Prezident İlham Əliyev: Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm. Şeyxülislam Allahşükür Paşazadə: Minnətdarlığımızı bildiririk, çox sağ olun, bu qədər vaxtınızı bizə ayırdınız. Prezident İlham Əliyev: Sağ olun. x x x Sonda xatirə şəkli çəkdirildi. https://president.az/az/articles/view/73502     

Hamısını oxu
İlham Əliyev 20 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib

Dövlətimizin başçısı İlham Əliyev 20 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir. Prezident İlham Əliyevin veteranlara, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək qiymətləndirdiyini göstərir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin 20 illik fəaliyyətinin bütün vətəndaşlar, eləcə də veteranlar tərəfindən məmnunluqla qarşılandığını, ölkə başçısının ümumxalq sevgisi qazandığını bildirib: “Son 20 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Nümunə üçün qeyd edək ki, yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, “YAŞAT” Fondunun yaradılması, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılması gerçəyi də ölkə başçısının veteranlara, onların sağlamlığına verdiyi diqqətin göstəricisidir: “Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. İndiyədək yüzlərlə veteranın “YAŞAT” Fondu vasitəsi ilə Türkiyə və digər ölkələrdə müalicəsi, respublikamızdakı ən müasir xəstəxanaların, tibbi avadanlıqların imlanlarından yararlanması faktı buna nümunədir. “YAŞAT” Fonduna vətəndaşlarla yanaşı, dövlətimiz tərəfindən də ciddi maliyyə dəstəyi göstərilməkdədir. Prezidentin bu ilin 19 aprel tarixli Sərəncamı ilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “YAŞAT” Fonduna 5 milyon manat vəsait ayrılıb. Həmin vəsait “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün” nəzərdə tutulub”. Respublika Veteranları Təşkilatının sədr müavininin sözlərinə görə, şəhid ailələrinə, müharibə əlilləri və veteranlara Heydər Əliyev Fondu tərəfindən də mütəmadi diqqət göstərilməkdədir: “Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, habelə veteranlarla bağlı mühüm sosial kampaniyalar həyata keçirən qurumlardan biri də Heydər Əliyev Fondudur. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə ümumilikdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, 89 Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir”. Cəlil Xəlilov deyib ki, dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının da inkişafına böyük töhfə verib, veteranların sosial durumunun, mənzil şəraitinin yaxşılaşması, veteranların təcrübəsindən gənc nəslin faydalanması üçün daha optimal şəraitin yaradılmasını istiqamətində mühüm addımlar atıb: “Prezident İlham Əliyev 20 illik fəal siyasi fəaliyyəti dövründə veteranlara da ciddi dəstək verib, onların qayğı və problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Bunu təşkilatımıza olan münasibətin timsalında da aydın şəkildə görmək olar. “Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının açılışında iştirak edib. Hansı ki, müasir tələblərə yüksək səviyyədə cavab verən bu binada veteranların aktiv ictimai fəaliyyət göstərməsi üçün hər cür imkan mövcuddur. Məhz bizə yaradılan şəraitin nəticəsidir ki, Respublika Veteranlar Təşkilatı kimi binamızda mütəmadi şəkildə ölkənin ictimai-siyasi gündəmini əhatə edən məsələlərlə bağlı mütəmadi tədbirlər təşkil edilir. Binada digər veteranlar təşkilatları da müxtəlif tədbirlərin keçirilməsində iştirak edir, ictimai maarifçilik fəaliyyətlərində Təşkilatımıza yaradılan bu imkandan faydalanırlar. Bütün bunların hamısı Prezident İlham Əliyevin veteranlara, onların məşğulluğuna verdiyi önəmi göstərir. Prezidentin biz veteranlara olan münasibəti, diqqət və qayğısı bizə böyük mənəvi stimul verir, üzərimizə düşən məsuliyyət hissini artırır. Biz veteran təşkilatı olaraq bir daha bəyan edirik ki, bundan sonra da Prezidentimizi, onun müdrik siyasətini dəstəkləyəcək, hər zaman dövlətimizlə birlik sərgiləyəcək, onun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublika Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın və Ordumuzun yanında olub, erməni faşizminin dezinformasiyalarına qarşı fəal mübarizə aparıb. Müharibə zamanı beynəlxalq tədbirlərdə, habelə, yerli və xarici mediaya verilən məlumatlarda erməni vəhşiliklərini və erməni vandalizmini ifşa edib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bu konkret faktlar, sübutlar əsasında göstərmişik ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu məsələdə həm hüquqi, həm də mənəvi baxımdan haqlı olan tərəf dövlətimizdir”, - deyə hərbi-siyasi ekspert fikrini yekunlaşdırıb.  

Hamısını oxu