Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.

Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.

Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?

Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.
 

Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.


Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.

Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.

Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.

Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.
 

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər.


Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.
 

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.


İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. 

Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.
 

Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir.


Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.

Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

2026-02-20 22:50:00
12371 baxış

Digər xəbərlər

20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  baş  mütəxəssisi Nəbi Hacıyev 15 yanvar 2024 –cü ildə Nizami rayonunda tədbirdə iştirak edib. Tədbir Nizami rayonunda yerləşən Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə baş tutub. 20 yanvar  Ümumxalq Hüzn Gününün 34–cü il dönümü ilə əlaqədar tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, ”20 Yanvar “İctimai Birliyinin sədri Sultan Əzimzadə, 44 günlük Vətən müharibəsi iştirakçısı Abbas Məmmədov, məktəbin direktoru Kamran İsalı, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Kamran İsalı açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk olaraq çıxış üçün soz Nizami rayon VT-nın sədri Yəhya  Ağayevə verilib. Yəhya Ağayev 20 yanvar faciəsindən, onun səbəb və nəticələrindən ətraflı bəhs edib. Daha sonra ”20 Yanvar “İctimai Birliyinin sədri Sultan Əzimzadə və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib    

Hamısını oxu
Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib

Veetran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib.  Tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb. Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır. Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib. Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb. Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib. 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi fəaliyyətinin mühüm istiqamətlərindən birinin də müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması olduğunu bildirib.  S. Hüseynli qeyd edib ki, 2 noyabr 1993-cü ildə Ulu Öndərin radio və televiziya ilə xalqa müraciəti ilə vətəndaşlar respublikanın bütövlüyünü qorumaq üçün ayağa qalxdı. Bu müraciət həmçinin yeni ordu quruculuğu prosesinin əsasını qoydu.  

Hamısını oxu
Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat səfri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Slovakiya səfirliyinin hərbi atteşesi polkovnik Juraj Beskid, İkinci Dünya müharibəsində iştirak edən bəzi azərbaycanlılar və onların ailə üzvləri, yaxın qohumları iştirak edib. Görüş zamanı Azərbaycan və Slovakiya xalqlarının faşizmə qarşı apardıqları birgə mübarizədən, bu mübarizənin ümumbəşəri əhəmiyyətindən bəhs edilib. Həmçinin, İkinci Dünya müharibəsində Slovakiyada faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların məzarlarının tapılması, onlar haqqında məlumatların əldə edilməsi və həmin döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkənin müharibə veteranları təşkilatları arasında ikitərəfli münasibətlərin yaradılması, qarşılıqlı səfərlərin təşkili müzakirə edilib. Tədbirin sonunda Slovakiya səfirliyinin müşaviri bəzi veteranları və onların yaxınlarını təltif edib. Xatırladaq ki, Azərbaycanla Slovakiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlıq veteran təşkilatları arasında əlaqələrin genişlənməsini zəruru edir. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib

Moskva, 8 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Müxbir: Siz bu günlərdə Amerikanın Azərbaycana qarşı sanksiyaları ilə bağlı çox açıq danışdınız. Məlum olduğu kimi, indi Rusiya minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı? Prezident İlham Əliyev: Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.

Hamısını oxu