Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”

Cəlil Xəlilov: “Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır”

“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın mülki infrastrukturunun heç bir əsas olmadan hücuma məruz qalması İranın ölkəmizə olan düşmən münasibətindən xəbər verir:

“İranın Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi və riyakar mövqe sərgilədiyi heç kimə sirr deyil. Bunun ən bariz nümunəsi İranın Ermənistanın işğalçılıq siyasətinə qarşı heç vxt öz etiraz səsini qaldırmaması, əksinə, təcavüzkar rejimə dəstək verməsidir.

Hamıya məlumdur ki, İran torpaqlarımız işğal altında olduğu müddətdə nəinki Ermənistanla bütün sahələrdə geniş əməkdaşlıq həyata keçirib, həm də işğaldakı kənd və şəhərlərimizin talanmasında, qarət edilməsində yaxından işitrak edib. Bütün bu faktlar İranın Azərbaycana olan gerçək münasibətini əks etdirir. Bu gün İran dronlarının Naxçıvana hücumu bir daha sübut edir ki, İranın Azərbaycana olan münasibəti dəyişməyib və bu münasibət hər zamankı kimi riyakar, hər zamankı kimi qərəzlidir.

Bildiyiniz kimi, artıq İranın məlum addımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını keçirib, mühüm açıqlamalar verib. Dövlət başçısı haqlı olaraq İranın xain hücumunu namərdlik, nankorluq nümunəsi kimi xarakterizə edib. Dövlət başçısı eyni zamanda “Dəmir yumruq” faktorunu xatırladıb və bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarılıb. Bu baxımdan, İran Azərbaycana qarşı təxribatlara son qoymalı, Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır. Yaxşı olar ki, İran ona səmimi qonşuluq münasibəti bəsləyən dövlətlərə qarşı təxribatlar törədincə, hər qarışını raketlərlə şumlayan ABŞ-İsrail ordusunun hücumlarının qarşısını almaq haqqında düşünsün. Eyni zamanda unutmasın ki, yeni bir təxribata imza atacağı təqdirdə, Azərbaycan tərəfindən layiqli şəkildə cəzalanacaq, “qazancı” eynən Ermənistan kimi göz yaşı və peşmanlıq olacaq”.

Seymur ƏLİYEV

 

2026-03-05 18:47:00
1946 baxış

Digər xəbərlər

“Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına və milli-mənəvi dəyərlərinə sevgisinin təzahürüdür”

22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib.  İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir.  22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”

“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:   “Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəs məlumdur. Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdiyi müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu ədalətsiz yanaşma kimi şərh etmək gülüncdür.   Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki, guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.   Hesab edirəm ki, Zatulin və onun kimilərin anti-Azərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan dostluğuna da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır. Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi  gözləyir, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.  Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Hamısını oxu
Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.  Səfir  Ravkov Andrey Alekseyeviç ölkəsinin faşist işğalından azad edilməsinin 80 illik yubileyi münasibətilə Fatma Səttarovanı Belarus Prezidenti adından medalla təltif edib, Belarus torpağının azadlığı uğrunda döyüşən azərbaycanlıların tarixi qəhrəmanlığına diqqət çəkib. Diqqətinə görə Belarus dövlətinə öz təşəkkürünü bildirən Fatma Səttarova, Belarus və Azərbaycan xalqının bu gün də tarixi dostluq ənənələrini davam etdirməsindən məmnunluğunu bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov  Belarus səfirinə Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı haqqında ətraflı məlumat verib, iki dövlətin veteran təşkilatları arasındakı əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğulayıb. Görüşdə Belarus səfirinin müavini, müşavir-elçi Çuşev Vladimir Nikolayeviç və Səfirliyin I-ci katibi Xlebakazov İvan Sergeyeviç də iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu