Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib:

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 )

Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib:

“Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ).

Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib.

Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ).

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək!

Seymur ƏLİYEV

 

2026-03-06 20:19:00
1816 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
Müstəqilliyin, təhlükəsizliyin və suverenliyin təminatçısı

Hamısını oxu
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur. Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar. Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.  

Hamısını oxu
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Aprel ayının 14-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və  tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər  sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, hər zaman dövlətçiliyə xidmət ediblər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilən Kəlbəcər rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq kəlbəcərlilərin yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlarını bildirib. Rayon Ağsaqqallar Şurasının növbəti tədbirlərinin doğma Kəlbəcərdə keçirilməsi arzusunu dilə gətirən  Azər Qocayev çıxışının sonunda yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar diləyib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq kəlbəcərli ağsaqqallarla növbəti görüşdən məmnun olduğunu bildirib. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi inkişaf yolundan söz açan natiq Azərbaycanın hər bölgəsində olduğu kimi, ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə də ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bayram Yusifov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şurada həyata keçirilən işlərdən də ətraflı bəhs edib. Bildirib ki,  ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük   məsuliyyətin düşdüyünü vurğulayıb. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı və işlərində uğurlar diləyib. Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib. Aqil Məmmədov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin rayon ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və digər tədbir iştirakçıları yeni seçilən sədri təbrik edərək, ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayıblar.

Hamısını oxu