Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur.

Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar.

Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır.

Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.

 

2026-09-29 19:32:00
22 baxış

Digər xəbərlər

MİRİİB sədri Zamin Zeynal: Sosial Şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğinə ehtiyac var

MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir. İnformasiya mədəniyyəti nədir? İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır: – Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri; -İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək); -İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq); -İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı; -İnformasiyanın emalının müxtəlif üsullarını bilmək; – Müxtəlif növ informasiya ilə işləmək bacarığı. Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb? Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub. Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq: “Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır; “YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir; “WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir; “Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir; “TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir; “Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər; “LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır; “Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır; “Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır; “Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir; “Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir; “WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir. Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir. Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur. Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir. Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər. Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar. Zamin ZeynalMüasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır

Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini  təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.

Hamısını oxu
"Dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb"

"AŞPA-da Azərbaycanın iştirakı olmadan, Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir". Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib. Deputat qeyd edib ki, dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb: "Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. Paralel olaraq, ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd, Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda, erməni məsələsinin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Onlar gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda, həmin qüvvələrin nə Azərbaycana, nə də ki, Türkiyəyə təsir imkanları qalmır. Qlobalistlər bundan çox narahatdırlar". Deputat vurğulayıb ki, ermənilər, insan haqqları sadəcə bəhanədir: "Bakı həbsxanaslndakı separatçılar beynəlxalq Haaqa və Cenevrə konvensiyalarlna görə, konkret ağır cinayətlər törətmiş şəxslərdir. Araik Arutyunyanın Gəncəni və digər şəhərləri gecə vaxtı bombalanması əmrini verdiyi barədə videoyazılar var. Digər separatçılarla bağlı həmçinin. Hər şey şəffafdır. Hesab edirəm ki, onlarla bağlı məhkəmə prosesləri açıq şəkildə aparılmalıdır. Qiyabi də olsa, Xocalıda və digər bölgələrdə qətliam törətmiş Koçaryanlar, Sarkisyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Eybi yox, hələlik qiyabi cəza verilməlidir. Sonra isə, İnterpol xətti ilə axtarışa verilə bilər. Məhkəmə prosesinə, cinayətkarlara himayədarlıq edən dövlətlərin nümayəndələrinin iştirakının təmin olunması, vacib şərtdir. Bəlkə vicdanları bir az ağrıdı. Məhz, həmin dövlətlərin dəstəyi hesabına balaca bir Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, 1 milyona yaxın qaçqın, məcburi köçkünün həyatını zəhərlədi, qətliamlar törətdi. Bütün bunların kökündə, beynəlxalq hüquqa, insan haqqlarına selektiv yanaşma, ikili standartlar, geosiyasi rəqabət, regiona nəzarət uğrunda mübarizə nəticəsində baş verir. Qərbin ikiüzlü siyasətinin arxasında dayanan amillər bunlardır".  

Hamısını oxu
Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.   Tarixi Qələbədən sonra ən mühüm görüş   Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası  kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.   Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.   Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi   Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması  çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.   Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır   Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.   Sülh, sabitlik və inkişaf naminə   Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.   Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu