Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”. 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib:

“Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir. 

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”.

Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb:

“Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb.

Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.

2026-03-13 11:32:00
1924 baxış

Digər xəbərlər

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluğun peşə bayramında yeni kursantlarla görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi İnstitutuna, Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni qəbul olunmuş kursantlarla görüşüb. Görüş zamanı kursantlara hərbi təhsil müəssisələrinin məzunlarının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb və ölkə rəhbərliyi tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib. Çıxışlarda həmçinin, müasir dövrdə elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi vurğulanıb və kursantlara gələcək təcrübələrində tətbiq etmələri üçün elmi yenilikləri dərindən öyrənmələri, süni intellektin tətbiqi yollarını araşdırmaları tövsiyə edilib. Tədbirin sonunda hərbi təhsil müəssisələrinə ən yüksək göstərici ilə qəbul olunmuş kursantlara hədiyyələr təqdim edilib və kursantlara təhsildə uğurlar arzulanıb.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Tacirə Qaziyeva vəfat edib

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsinin veteranı Qaziyeva Tacirə Həmid qızının  vəfatından kədərləndiyinii bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Qaziyeva Tacirə Həmid qızı  29.12.1924-c ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1942-ci ildə Naxçıvan MR Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qafqazın alman faşistlərindən azad olunmasında tibb bacısı kimi fəal iştirak etmişdir Azərbaycan Respublikasının ictimai-siyası həyatında və veteran hərəkətanında, Təşkilatımızın keçirdiyi tədbirlərdə, ali və orta məktəblərdə gənclər arasında vətənpərvərlik mövzusunda sistematik görüşlərdə fəal iştirak etmişdir. Bir çox medallarla təltif olunmuşdur. Allah rəhmət eləsin!  

Hamısını oxu
AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib. Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.  Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər, həmçinin tələbələrin fikirlərini öyrəniblər. O da qeyd olunub ki, qiyabi təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən başlanıb və iyulun 1-nə kimi davam edəcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır.  Sessiya müddətində bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq. Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) yekun dövlət attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək.  İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.  Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin və İctimai şura üzvlərinin suallarını cavablandırıb.  

Hamısını oxu
20 Yanvar – Qanla Yazılan Şərəf Səhifəsi

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də tariximizin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. Məhz 20 Yanvar günü biz özümüzü bir millət kimi daha dərindən dərk etdik, milli kimliyimizi və azadlıq iradəmizi dünyaya bəyan etdik. Həmin gecə Bakı qana boyandı, səhər şəhid oğul və qızlarımızın qanı ilə açıldı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda apardığı mübarizəni zor gücünə susdurmaq cəhdi nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu qanlı cinayət bəşər tarixində totalitar rejimin xalq iradəsinə qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi yadda qaldı. Lakin imperiyanın zülmü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların müqəddəs qanı ilə yazılan bu tarix xalqımızın azadlıq yolunu işıqlandırdı. Məhz 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində xalqımız müstəqillik arzusuna bir addım da yaxınlaşdı və az sonra əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyinə qovuşdu. Bu gün suveren və müstəqil Azərbaycan dövləti məhz həmin müqəddəs qurbanların qanı bahasına əldə edildi. 20 Yanvar şəhidləri azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzinə çevrildilər. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı.  Ulu Öndər Heydər Əliyev faciədən sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli liderin ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu Öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Hadisə siyasi qiymətini ancaq Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı. 20 Yanvar dəhşətlərindən sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla sərhədyanı ərazidə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi.  Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Xocalı soyqırımı isə 613 nəfərin qətlə yetirilməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.  Ermənilər bütün bunları 1980-ci illərin sonunda Qərbi Azərbaycanda sovet hərbçiləri ilə birlikdə həyata keçirmişdilər. Orada etdikləri cinayət əməllərinə görə cəzasız qalan ermənilər oxşar vəhşilikləri Qarabağda törətdilər. Sovet rəhbərliyi isə emənilərin cinayətlərinə haqq qazandırırmışcasına onları müdafiə etmək adı altında Bakıya və başqa bölgələrə hərbçiləri yerləşdirib. Sovet rəhbərliyi bununla da azərbaycanlıların tarixi torpaqları olan Qərb Azərbaycandan deportasiyasını, Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsini Azərbaycan cəmiyyətinə qəbul etdirmək istəyirdi. Ancaq sovet rəhbərliyi məkrli siyasəti və iddianı gizlədə bilmədi. Təəssüflər olsun ki, bu qanlı faciələrin başçısı Mixail Qorbaçov Azərbaycan xalqına qarşı Qərbi Azərbaycanda, Qarabağda, 20 Yanvarda törətdiyi cinayətlərə görə cəzalanmadan öldü. Azərbaycandakı cinayətləri nəzərə alınmadan onu Nobel Sülh Mükafatına da layiq gördülər... Halbuki 1945-46-cı illərdə faşistlərin mühakimə edildiyi “Nürnberq məhkəməsi”nin həmin faciələri törədənlərə də qurulacağı gün gözlənilir. Bu həm də tarixdə bənzər hadisələrin təkrarlanmaması üçün vacibdir. Çünki Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın başına gələn faciələr sonradan Gürcüstan, Moldova, Ukrayna, Suriya, İraq kimi digər yerlərdə də təkrarlandı. Azərbaycan xalqı Moskvanın törətdiyi cinayətlərə tarixi qiyməti yanvarın 22-də şəhidlərin dəfni mərasimində verdi. 2 milyona yaxın insan sovet hərbçilərinin Bakı küçələrində olmasına, şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, meydana axışdı. Bu həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də sovetin əməllərinə etiraz idi. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.  Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçən xalqımızın faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymətin verilməməsi, əslində Azərbaycanın o dövrdə hakimiyyətdə olan iqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra hadisətə siyasi qiymət verildi. 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələrək azadlıq mücahidlərini ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan "Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də, Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Prezident İlham Əliyevin "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncamında bu barədə deyilir: "Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi”. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olan Vətən övladlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.            Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmur. Həmin faciənin ağrısı bu gün də qəlbimizdə yaşayır, xalqımız bu vəhşiliyi törədənlərə qarşı dərin nifrətini və qəti mövqeyini açıq şəkildə ifadə edir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Bu münasibətlə hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanır, respublikanın bütün şəhər və rayonlarında anım mərasimləri keçirilir. Qanlı Yanvar faciəsində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı və həyat şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Şəhid ailələrinin sosial təminatının daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalanmış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. 30 il ərzində Azərbaycan xalqı tarixi torpaqlarının – Qarabağın, Şərqi Zəngəzurun işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin nigaran ruhları hüzura qovuşdu. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əks-hücum əməliyyatı başladı. 44 günlük müharibə noyabrın 8-də zəfərlə başa çatdı. Bu, son yüz ildən artıq dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların, erməni vəhşiliyi qurbanlarının nahaq tökülən qanın alınması, qisasının qiyamətə qalmaması idi.            Qarabağın işğaldan azad edilməsi həm də Qərbi Azərbaycana qayıdışa, repatriasiyaya yol açdı və soydaşlarımızın tarixi torpaqlarına dönəcəklərinə olan ümidlərini gücləndirdi. 20 Yanvar hadisələri zamanı nümayiş etdirilən milli müqavimət və Vətən müharibəsində əldə edilən Zəfər tariximizdə əvəzsiz rol oynadı. Bu hadisələr sübut etdi ki, hər bir qüdrətli xalq azadlığını və istiqlalını qanı bahasına qazanır. 20 Yanvar və Qarabağ Zəfəri göstərdi ki, milli birliyimiz və iradəmiz zəfərin əsasıdır və gələcək nəsillərə qürur və ümid hisləri aşılayır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu