Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib. 

Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.

Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib.

Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb.

Seymur ƏLİYEV

 

 

2026-03-17 19:21:00
1509 baxış

Digər xəbərlər

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov!

İsrafil Məmmədov 1919-cu ildə martın 16 – da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açıb. İsrafil Məmmədov 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb. O, birinci dəfə Gəncəyə gələndə bütün şəhər sakinləri  onu qarşılayıb. Bədənində 60-dan çox qəlpə yarası olub.Yenidən cəbhəyə  qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıdıb. Müharibə qurtardıqdan sonra,1946-cı ildə onun yarası  ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orada vəfat edib. Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərilib. O vaxt Bakıda dəfn olnmasını  Gəncə ziyallıları istəməyib. Onlar qəhrəmanın doğma şəhərlərində dəfn olunmasını istəyiblər.  Sovet rəhbərliyi də bu təklifə etiraz etməyib. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat , onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi  əşyaları sərgilənir. Hazırda qəhrəmanın doğulduğu Şəmkir rayonunun Qapanlı kəndində büstü ucaldılmışdır. Qapanlı kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır.

Hamısını oxu
Bayrağımız - qürur mənbəyimiz

Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

Hamısını oxu
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib. “Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, -deyə dövlətimizin başçısı vurğulayıb. Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.

Hamısını oxu
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu