Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşması və müstəqilliyimizin möhkəmlənməsi Ulu Öndərin adı ilə bağlıdır

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanıldı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə, əsasən, təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq bu iş dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttinə çevrilib: “Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapıb. Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olub. Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. Ümummilli Lider Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Ulu Öndər Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi”.

Cəlil Xəlilov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il iyunun 28-də keçmiş Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında müvafiq vəzifələr qoyub: “Ümummilli Liderin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Ulu Öndər Heydər Əliyev “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanında Azərbaycanın güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adamöldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinə və keçmiş Milli Təhlükəsizlik Nazirliyinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə olundu”.

Polkovnik qeyd edib ki, Azərbaycan bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. “Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görüb. Xidmət ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanıb. Təhlükəsizlik orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmayıb, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışıb”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.

2026-03-28 18:22:00
2580 baxış

Digər xəbərlər

Millət vəkili şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mahir Abbaszadə şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib. Millət vəkili sosial şəbəkədəki hesabında bu  barədə aşağıdakıları yazıb:   “Oktyabrın 30-da Şəmkirdə Vətən müharibəsi şəhidimiz Rəşad Sadıqovun məzarını ziyarət etdik. Allah rəhmət eləsin.   Rəşad Sadıqov 11 oktyabr 1978-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1995-ci ildə Şəmkir şəhəri Ə.Cavad adına orta məktəbi bitirmiş və həmin il Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə qəbul olmuşdur. 1999-cu ildə Ali təhsilini başa vurmuş və leytenant rütbəsi ilə ilk hərbi xidmətinə Naxçıvan şəhərində başlamışdır. 2019-cu ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətinə davam etmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsində ordumuzun sıralarında yer almış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.   Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub.   Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Qaradağ rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan  polkovnik Adil Haqverdiyev martın 5-də Qaradağ rayonunda 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirib. RVT-nin Qaradağ rayon təşkilatının sədri Əli Məmmədov, sədr müavini Paşa Məmmədov, Qaradağ rayon QMƏŞA sədri Maqsud Heybətov, ehtiyatda olan baş leytenant Sədi Namazov, baş gizir Niyazi Əhmədov və digərlərinin də iştirak etdiyi görüşdə, ilk öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən Adil Haqverdiyev 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlıqların tariximizin qızıl səhifələrini təşkil etdiyini vurğulayıb. Şöbə müdiri bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən müasir ordu quruculuğu prosesi, prezident İlham Əliyevin hakimiyyəti dönəmində də uğurla davam etdirilməkdədir. A.Haqverdiyev qeyd edib ki, məhz müasir ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu düşmən üzərində parlaq qələbə qazanıb, işğaldakı torpaqlarımızı azad edib.   A.Haqverdiyevdən sonra çıxış edən digər tədbir iştirakçıları da ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı əmək veteranının kitabının təqdimatını keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı Mirhəbib Sadiqin "İrfan əhli dərk edər" kitabının təqdimat mərasimini keçirib. Rayon Veteranlar evində düzənlənən tədbirə rayonun tanınmış şair və yazıçıları ilə yanaşı əmək və müharibə veteranları da dəvət olunublar. Təqdimatdan öncə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist  Ədalət Salman müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, təqdim olunan kitabda toplanmış müxtəlif vəznli şeirlərin bədii xüsusiyyətlərindən danışıb, adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təbliğ edən belə kitabların gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi müsbət təsiri xüsusi vurğulayıb. Qələm adamlarından Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Əlizadə Nuri, İman Abdulla, Əlövsət Tahirli, Qurban Əhməd, bədii qiraət ustası Mikayıl İnçəçaylı, əmək veteranları Mirməsləhət Əhmədov,Təyyar Məmmədov, Mirzəbala Hüseynov, müharibə veteranı Maşallah Əliyev və başqaları Mirhəbib Sadiqi yeni kitabının nəşr olunması münasibətilə təbrik edib,şeirləri haqqında öz ürək sözlərini söyləyib və ona yaradıcılıq uğurları arzulayıblar. Muğamlarımızın gözəl ifaçısı Akif Babayev isə şairin  bir neçə qəzəlini muğamat üstə oxuyaraq tədbir iştirakçılarına xoş ovqat yaşadıb. Tədbirin soninda kitabın müəllifi Mirhəbib Sadiq kitabın təqdimatını təşkil edən rayon Veteranlar Təşkilatına və tədbir  iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq işindən danışıb və öz oxucularına kitablarını hədiyyə verib.

Hamısını oxu
Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı soyqırımının 34-cü illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən  Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir  təşkil ediblər. Xocalı soyqırımının 34-cü il dönümünə həsir edilmş  tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, kollecin direktoru Amalya Sezgin,Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva, İnzibati təsərrüfat şöbəsinin  rəhbəri Elsevər Abbaslı, müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Tədbiri kollecin tələbələri açıb. Tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən filmə baxıblar. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik bildirib ki, Xocalı hadisələri dünyanın ən amansız  soyqırımıdır: “Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri – diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər meyitləri belə təhqir ediblər. Son zamanlar artıq barışığa doğru addımlar atılır. Atılan bütün bu adımlara baxmayaraq, biz faciələrimizi unutmamalıyıq. Bu işdə siz gənclərin üzərinə böyük məsuliyyət düşür. Mən çıxışımın sonunda bir daha  Xocalı soyqırımının qurbanlarına, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Sabir Allahverdiyev də çıxışında Xocalı soyqırımından ətraflı bəhs edib, tələbələrə təhsil həyatında uğurlar arzulayıb. Daha sonra kollecin direktoru Amalya Sezgin çıxış edib. O, qeyd edib ki, vətənpərvərlik tərbiyəsi tələbələr, gənclər üçün vacib amillərdən biridir. Müəllim və tələbə kollektivi adından qonaqlara öz təşəkkürünü bildirən Amalya Sezgin, gələcəkdə də oxşar xarakterli tədbirlərin keçiriləcəyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilb.  

Hamısını oxu