Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Modern İnkişaf və Ailə” İctimai Birliyindən möhtəşəm tədbir!

Yeni üzvlərə vəsiqələr təqdim edilib, gələcək layihələr müzakirə olunub...

3 aprel 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiridə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı roluna toxunub, bu təşkilatın milli-mənəvi dəyərlərimizin təbliğindəki fəliyyətinə diqqət çəkib:

“Modern İnkişaf və Ailə”  İctimai Birliyi hər zaman öz aktivliyi, milli maraqlarımızın müdafiəsi, dövlət siyasətimizin təbliği, vətənpərvərlik tərbiyəsinin inkişafına yönəlik fəaliyyəti ilə diqqət çəkib, bu fəaliyyət xalqımz, cəmiyyətimiz tərəfindən təqdir olunub.

Hörmətli Zərifə Quliyevanın rəhbərliyi altında fəaliyət göstərən bu təşkilat daim şəhid ailələrini, veteranları, həssas kateqoriyadan olan digər vətəndaşlarımızı diqqət mərkəzində saxlayır, onlara mütəmadi yardımlar edir, mənəvi dəstək nümayiş etdirir. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, həm də bir neçə kitabın müəllifidir. Hesab edirəm ki, Zərifə xanımın çoxşaxəli fəaliyyəti dövlət səviyyəsində təqdir edilməli, mükafatlandırılmalıdır.

Mən “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni üzv qəbul edilən şəxsləri bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayıram. İnanıram ki, yeni üzv qəbul edilən şəxslər təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, dövlətimizin və Prezidentimizin hər bir çağırışına dərhal səs verəcək”.

Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri təbrik edib, təşkilatın keçmiş fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib:

“Mən təşkilatımıza yeni üzv seçilən hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Mənim üçün olduqca qürurvericidir ki, bu gün təşkilatımıza üzv olan şəxslər arasında şəhid ailələrinin üzvləri, qazilər də var. Hansı ki, bu gün biz sahib olduğumuz azadlığa, suverenliyə, təhlükəsizliyə görə onlara borcluyuq. Məhz onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni faşizmindən azad edilməsini təmin edib, bu müharibələrdə tarixi qəhrəmanlıqlara imza atıblar. Biz sonsuza kimi şəhidlərimizə və qazilərimizə borcluyuq və bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz daim bu insanları diqqət mərkəzində saxlamlı, onlara sevgimizi və minnətdarlığımız hər an hiss etdirməliyik. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib əməlləri bizim hər birimiz üçün örnək olmalıdır. Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin yürütdüyü siyasətin sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəklənməsi bugünə qədər olduğu kimi bundan sonra da fəaliyyətimizin əsasını təşkil etməlidir.

Mən bir daha üzvlük vəsiqəsi alan hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinə üzv qəbul edilən şəxslərə təşkilatın vəsiqələri təqdim olunub, hədiyyələr verilib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Xatırladaq ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər il respublika miqyaslı böyük tədbirlər təşkil edir, layihələr həyata keçirir. Əsasən şəhid ailələri və qazilərlə bağlı olan vərənpərvərlik layihələrin cari ildə də davam etməsi nəzərdə tutulur.

Seymur ƏLİYEV

 

2026-04-03 16:07:00
1965 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:   “Çox hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!   Sizi doğum gününüz münasibəti ilə Azərbaycanın çoxsaylı veteranları və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və xalqımzın gələcəyi naminə fəaliyyətinizdə yeni qələbələr arzu edirik.   Möhtərəm cənab Prezident!   Siz xalqımızın Ümummilli lideri, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən sayılan Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı olaraq, xalqımıza və dövlətimizə çox böyük tarixi nailiyyətlər qazandırmısınız. Siz yenilməz sərkərdə məharətinizlə 30 ildən çox erməni faşistlərinin işğalı altında olan müqəddəs torpaqlarımızı azad etmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü bərpa etməyə nail olmusunuz. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş doğma torpaqlarımızda vüqarla dalğalanması hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Qarabağda qazanılmış bu misilsiz tarixi qələbə Azərbaycanın qarşısında yeni imkanlar açmış, ölkəmizin daha sürətli inkişafına şərait yaratmışdır. Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanımız dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlmiş, ölkəmizi dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın bu gün nəinki regional, beynəlxalq səviyyədə uğurla həyata keçirdiyi lahiyələr onun iqtisadi qüdrətindən, nüfuzundan xəbər verir.   Siz xalqımızın maraqlarına xidmət edən qətiyyətli qərarlarınız və genişmiqyaslı fəaliyyətinizlə Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğuna dəyərli töhfələr vermisiniz. Sizin dünyada sözü də imzası qədər nüfuzlu və mötəbər olan bir dövlət xadimi kimi qəbul edilməyiniz Azərbaycanın taleyüklü məsələlərinin həllində sözün həqiqi mənasında bir stimuldur. Siz saysız-hesabsız uğurlarınızla Azərbaycanı daim ucaltmısınız və bu əvəzsiz xidmətlərinizlə xalqın qəlbində yer tutmaqla, onun səmimi sevgisini, rəğbətini qazanmısınız. Veteranlar Sizinlə qürur duyur, Sizinlə fəxr edir və həmişə Sizinlədirlər! Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və doğma Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirik. Allah Sizi qorusun!”   Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından sədr, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu
“Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə ilə bağlı videoxülasəni oxucuların diqqətinə çatdırırıq.  

Hamısını oxu
Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları!

General-Polkovnik Hikmət Mirzəyev: Aprel Döyüşlərinin və Qarabağ Zəfərinin Sərkərdəsi Azərbaycan tarixində qəhrəmanlıq dastanları çoxdur. Xalqımızın hər dövrü igidlərin, qəhrəmanların və vətənpərvərlərin şücaəti ilə yazılıb. Əsrlər boyu millətimizin azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi olan qəhrəmanlardan bəzilərinin adını çəkmək kifayətdir: Şah İsmayıl Xətayi, Babək Xürrəmi, Cavanşir, Koroğlu, Həzi Aslanov, Mehdi Hüseynzadə, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov, Zaur Nudirəliyev, İlqar Mirzəyev və daha yüzlərlə igidimiz... Onların hər biri Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü və xalqımızın şərəfi naminə döyüşüb, ölməzliyə qovuşub. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi yalnız hərbi zəfər deyil, həm də xalqımızın milli birliyinin, qürurunun və sarsılmaz iradəsinin təntənəsi idi. Bu şanlı müharibənin ən parlaq simalarından biri isə Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-polkovnik Hikmət Mirzəyev oldu. Onun rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Cəbrayılın, Füzulinin və xüsusən də Şuşanın azad olunması Azərbaycan tarixinin ən möhtəşəm qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Hikmət Mirzəyev döyüş meydanında göstərdiyi soyuqqanlılıq, qətiyyət, cəsarət və strateji zəkası ilə düşmənə sarsıdıcı zərbələr endirdi, əsgərlərinə inam və ruh yüksəkliyi aşıladı. Düşmənin ən güclü müdafiə xəttlərini yararaq əlbəyaxa döyüşlərdə öz qüvvələrini qələbəyə apardı. Onun rəhbərliyi altında olan xüsusi təyinatlılar az sayda silah və texnika ilə, lakin böyük ruh yüksəkliyi və igidliklə düşməni geri oturtdular. Şuşanın azad olunması ilə Azərbaycanın qüruru və milli ruhu yenidən dirçəldi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi, sarsılmaz iradəsi və qətiyyətli qərarları nəticəsində həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun döyüş ruhunun parlaq təzahürü oldu. Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsən etdiyi təbrik isə general-polkovnik Hikmət Mirzəyevə göstərilən yüksək etimadın, inamın və dərin hörmətin ifadəsi idi. Bu təbrik, eyni zamanda onun rəhbərlik etdiyi qoşun hissələrinə yeni ruh, qürur və məsuliyyət hissi aşıladı. General-polkovnik Hikmət Mirzəyev üçün bu etimad daha böyük uğurlar və qələbələr naminə mübarizəni davam etdirmək üçün güclü stimul oldu.    Hikmət Mirzəyev yalnız 44 günlük müharibənin deyil, həm də 2016-cı ilin Aprel döyüşlərinin və Birinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Onun sərkərdəliyi, xüsusi təyinatlıların döyüş bacarığı, müasir texnikadan səmərəli istifadəsi və insan amilinə verdiyi önəm onu müasir Azərbaycan hərb tarixinin ən parlaq simalarından birinə çevirmişdir. Bizim hər birimiz ücün Şuşa sadəcə bir şəhər deyil, milli ruhun, mədəniyyətin, tarixin dirçəldiyi məkandır. Onun azadlığı üçün aparılan əməliyyat Hikmət Mirzəyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq nümunəsi oldu. General həmin günləri belə xatırlayırdı: “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta qədər daim əziyyət çəkirdim. Orada bunu hiss etdim.” Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən etibarən Hikmət Mirzəyev peşəkar hərbçi kimi daim inamla yüksəlmiş, öz fədakarlığı və xidmətləri ilə orduda xüsusi hörmət qazanmışdır. 2002-ci ildə general-mayor, 2020-ci ildə general-leytenant, daha sonra general-polkovnik rütbəsinə layiq görülüb. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı”, “İgidliyə görə” və digər orden, medallarla təltif olunub. Bu təltiflər onun vətənə sədaqətinin və xidmətinin ən yüksək qiymətidir.  Təşkilatımızın üzvləri çiyin-çiyinə döyüşdükləri silahdaşlarını, Vətən müharibəsinin müqəddəs Zəfərini qazanan igidlərimizi, arxa cəbhədə dua və inamla ordumuza mənəvi güc verən xalqımızı, şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir və minnətdarlıqlarını bildirirlər. Tanrı sizi qorusun, cənab sərkərdə Hikmət Mirzəyev! Tanrı Azərbaycanı, onun qəhrəman oğullarını və bu xalqın yenilməz ruhunu daim uca eləsin!  Qarabağ Azərbaycandır və əbədi belə qalacaq!

Hamısını oxu