Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”

Cəlil Xəlilov: “Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir”

 “Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”.

Bu sözləri saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca  dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb:

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir.

Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir.

Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur.

Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır.

Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı  arzuedilən olardı”.

Seymur ƏLİYEV

 

2026-04-13 12:02:00
1428 baxış

Digər xəbərlər

27 sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür

Xalqımız hər zaman bizə qələbə bəxş edən qəhrəman övladlarını sevinc və minnətdarlıq hissi ilə anacaq. 27 Sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür. 44 günlük Vətən müharibəsinin ilk günü olan 27 sentyabr Azərbaycanın hərb və dövlətçilik tarixində hər zaman ehtiram və iftixar hissi ilə anılacaq. Bu fikirləri “Xalq qəzeti”nə müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Müsahibəni təqdim edirik: – Cəlil müəllim, müharibənin baş­ladığını necə xatırlayırsınız? – 2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin baş­ladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür. Məhz 27 sentyabr tarixində Azərbaycan xal­qı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensia­lının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi. Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqı­nın qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq. – Cənab polkovnik, istərdik müharibənin tarixi əhəmiyyətindən danışasınız. – 30 il ərzində Azərbaycan bütün dünya ictimaiyyətinə - xarici dövlətlərə, təşkilatlara öz sülh təklifini verdi. Bu istiqamətdə xeyli görüşlər baş tutdu. Azərbaycan hər zaman sülhə, sülh danışıqlarına sədaqət nümayiş etdir­di. Təəssüf ki, ermənilər işğalçılıq ide­yalarından, vandal aktlarından, faşist təfəkküründən əl çəkmədilər. Bu mənada müharibə qaçılmaz idi. Bu müharibəni həm də xalqımız, gənclərimiz, orduda xidmət edən zabitlərimiz, əsgərlərimiz tələb edirdi. Qələbənin əldə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının qəhrəman övlad­larının fədakarlığı sayəsində mümkün olub. Şübhəsiz, 30 il torpaqlarımızı iş­ğalda saxlayan, bu torpaqlarda çoxlu sayda maneə və istehkamlar inşa edən erməniləri tarixi torpaqlarımızdan qo­vub çıxarmaq heç də asan məsələ de­yildi. Bu, yüksək dağ şəraitində döyüşə bilən bacarıqlı, peşəkar ordu, sözün əsl mənasında dahi sərkərdə tələb edirdi. Bundan başqa, bu müharibədə qələbə qazanmaq üçün həm də həqiqi fədakarlıq, yüksək mənəvi keyfiyyətlər tələb olunurdu. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa zamanda düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi. Müharibə nəticəsində üç min hərbçimiz şəhid oldu, minlərlə hərbçimiz yaralandı. Ermənistan müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun aparmırdı. Dinc sakinləri, mülki obyektləri, şəhər və kəndlərimizi hədəf olaraq seçirdi. Bütün bunlar qəzəb, hiddət doğururdu. Lakin bütün bunlara baxmayaraq, xalqı­mız qələbəyə imza ata, düşmənə tarixi dərs verə bildi. Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından iki il ötür. Biz sadəcə 27 sentyabr tarixində de­yil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onla­rın sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz mil­li kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Dünyanın aparıcı ölkələri belə Azərbaycana irad tuta bilmirlər. Çünki bu müharibə Azərbaycanın haqq savaşı idi. Azərbaycan Ordusu Azərbaycan torpa­ğında terrora, erməni silahlı dəstələrinə qarşı ədalətli müharibə aparırdı. Ədalət tərəfdarı olan Türkiyə, Pakistan kimi bir çox ölkələr Azərbaycanın haqq savaşını dəstəkləyirdi. – Cəlil müəllim, ordumuz, gənclərimiz müharibəyə hansı səviyyədə hazırlıqlı idi? – Biz qələbəni olduqca yüksək əhval-ruhiyyə ilə hazırlıqlı olan ordumuz, gənclərimiz sayəsində qazandıq. Son 30 ildə gənclərimiz yüksək səviyyədə döyüşə hazırlanmış, mənəvi-psixoloji cəhətdən yetişmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən son­ra bu proseslər başladı – ictimai-siyasi sabitlik yarandı, ordu quruculuğu, iqtisa­diyyat və idarəetmə gücləndirildi, xarici dövlətlərlə iqtisadi-siyasi əlaqələr qu­ruldu, Azərbaycan gənclərinin xaricdə hərbi təhsil almaları üçün imkanlar ya­radıldı. Hərbi məktəblərin yaradılması, güclü ordunun formalaşması, NATO kimi təşkilatların ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Azərbaycan Ordusu yüksək səviyyədə təmin olun­muş, NATO standartları səviyyəsinə çatdırılmışdı. Türkiyə, Rusiya, Çexiya, İsrail kimi ölkələrdən ən müasir silah və texnikalar alınaraq, Azərbaycan Ordu­sunun arsenalına daxil edilmişdi. Bütün bu imkanlardan sonra qalib gəlməmək mümkün deyildi. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dün­ya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırmaqla yanaşı, ordumu­za da yüksək dəstək göstərdi. 44 gün ərzində hərbi formanı çıxarmadı, zabit və əsgərlərimizin yanında oldu. Prezi­dent hər an cəbhədə gedən məsələləri araşdırır, analiz edir və təkliflər verirdi. – Düşünürəm ki, qələbənin qaza­nılmasında xalq-dövlət birliyi də az rol oynamadı. – Əlbəttə ki, bu belə idi. Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qar­şısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər kəs döyüşmək istəyirdi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. – Biz həm də arxa cəbhədə xüsusi fəallıq görürdük. – Bəli, iş adamlarımız, dövlət müəssisələri, qurum və təşkilatlar ordu­ya lazım olan ləvazimatlar göndərirdi. Təminat o qədər güclənmişdi ki, onları yerləşdirmək belə olmurdu. Müharibədə iştirak edən bir qazimizin mənə danışdı­ğı hissələri sizinlə bölüşəcəm. Qazimiz deyirdi ki, bir məktəbli uşaq əsgərə co­rab göndərmişdi və üzərinə yazmışdı ki, “əsgər əmi, geyin bunu, ayaqlarına soyuq olmasın”. Bu məktəblidən tutmuş yüz yaşındakı veteranlarımıza maddi və mənəvi birlik nümayiş etdirdi. Ordumuzu bu birlik daha da irəli aparırdı. Hər gün irəli gedir, 44 gün ərzində bir gün belə ləngimirdi, ancaq irəli. – Siz Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olmaqla yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavinisiniz. Təmsil olunduğunuz təşkilat istər müharibə ərəfəsində, istərsə də müharibədən sonra hansı işləri həyata keçirib? – Təmsil olunduğum təşkilat hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, ha­rada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin ordu­ya hazırlanması ilə bağlı müxtəlif qurum­larda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tari­xini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xa­rici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmı­şıq. Həmin proses bu gün də davam et­dirilir. Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi id­diası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteran­lar Təşkilatı mütəmadi iş aparmaq­da, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldır­maqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximi­zin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımın­dan əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı ola­raq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik. – Müsahibəmizin sonuna gəldik. Sonda vurğulamaq istədiyiniz fikirlərinizi bölüşə bilərsiniz. – Ermənistan sülhdən yayınır. Bu həm də Ermənistan rəhbərliyinin xalqına olan xəyanətidir. İşğalçılıq niyyətindən əl çəkərək, orada yaşayan insanların firəvanlığı üçün nələrsə edə bilərlər. Ermənilər xaricdən yardım ala­raq, təxribatlar törətməyə son qoymalı, kiminsə oyuncağına çevirlməkdən yaxa qutarmağı düşünməlidirlər. Görünən odur ki, himayədarları onları düzgün təlimatlandıra bilmirlər. Müharibə itkisiz, qələbə şəhidsiz ol­mur. Sözsüz ki, şəhidlərimiz, qazilərimiz oldu. Mən həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizə olan sevgimiz sonsuz və əbədidir. Qazilərimizə can sağlığı arzulayıram. Qələmə aldı: Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Hamısını oxu
Zərdab Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə   polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib.    Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
“Şəhidin çiynində daşıyan qadın!” – Zəhra İmranlıdan Anım Günü ilə bağlı möhtəşəm şeir!

Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.

Hamısını oxu