Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlhamə Abdullayeva buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, Təhsil İdarəsinin müdiri Sumqayıt şəhəri 37 nömrəli məktəbin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə görüş keçirib

Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Aynur Rüstəmova və Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüşdə iştirak ediblər.

Məktəbin tədris mühiti ilə tanışlıq aparılıb, X siniflərdə dərs prosesi izlənilib. Dərslərin təşkili, müəllim-şagird münasibətləri, tətbiq olunan müasir təlim metodları və şagirdlərin fəallığı yerində müşahidə edilib.

Daha sonra XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə buraxılış siniflərinin əsas hədəfləri, imtahanlara hazırlıq səviyyəsi, gələcək təhsil planları və motivasiya məsələləri müzakirə olunub, şagirdlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, buraxılış imtahanlarında iştirak edən 96 şagirdin nəticələri yüksək olub.

Şagirdlərin 44%-i 200 və daha yüksək bal toplayıb, 45%-i isə 150–200 bal aralığında nəticə göstərib, 100 baldan aşağı nəticə isə ümumiyyətlə qeydə alınmayıb.

Maksimum nəticə 292 bal, minimum nəticə isə 121 bal olub.

Eyni zamanda, şagirdlərin 89%-i 50%-dən yuxarı nəticə əldə edib.

Fənlər üzrə göstəricilər də müsbət dinamikanı əks etdirir: tədris dili üzrə 74, riyaziyyat üzrə 52, xarici dil üzrə isə 71 orta nəticə qeydə alınıb. Xüsusilə qeyd olunmalıdır ki, IX siniflə müqayisədə orta balda 29 ballıq artım müşahidə olunub və şagirdlərin 52%-i nəticələrində irəliləyiş göstərib.

Bu statistik göstəricilər “Tam orta məktəb” layihəsinin məktəbdə uğurla tətbiq olunduğunu, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdiyini və tədris prosesinin keyfiyyətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu aydın şəkildə nümayiş etdirir.

İdarə müdiri məktəbin pedaqoji kollektivi ilə də görüş keçirib. Görüş zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, tam orta təhsil layihəsinin effektiv tətbiqi və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

 

2026-04-29 20:23:00
1524 baxış

Digər xəbərlər

Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı parad Azərbaycan Pespublikasının hərbi qüdrətini nümayiş etdirdi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son iki ildə yaxşı görmüş və lazımi dərsini almış düşmən hazırda sarsılmış durumdadır. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Azərbaycan Respublikasının hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya iqtisadi qüdrəti getdikcə artan, xarici əlaqələri genişlənən ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, Ordumuzun imkanları barədə daha aydın təsəvvür yarana bilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Belə hərtərəfli imkanların yaradılması bir məqsədə - Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad həm də xalqımızın öz ordusu ilə haqlı yerə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində qazandıqları qələbəni ötən ay bir daha təkrarlayaraq, Naxçıvanda 11 min hektara yaxın strateji ərazini işğaldan azad etdilər. Şərur rayonunun Günnüt kəndinin, onun ətrafındakı strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi hərbi qüvvələrimiz tərəfindən İrəvan-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsinə şərait yaradıb. Azərbaycan əsgərinin yaxın vaxtlarda ermənilərin ərazimizdə qazdıqları başqa səngərlərdə də xidmət göstərəcəklərinə hamımız inanırıq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, təntənəli parad Azərbaycan Ordusunun hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə verilən mesaj idi. Ermənilər bundan nəticə çıxarmalı, nəinki işğal altındakı Azərbaycan torpaqlarındakı, Ermənistandakı strateji hədəflərinin də məhv edilə biləcəyini başa düşməlidirlər. Xalq, Vətən qarşısındakı missiyasını ləyaqətlə yerinə yetirməkdə olan Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Bunu nə qədər tez etiraf edib lazımi addımları atsalar, özlərini gələcək sarsıntılardan bir o qədər tez xilas edərlər. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Yüksək səviyyədə hazırlanaraq keçirilən hərbi parad o günün uzaqda olmadığının ən parlaq nümayişidir.                                  

Hamısını oxu
Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır. Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər. Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü. 20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək. Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir. Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir. Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir. Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir. Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.   Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

Hamısını oxu
Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.                              

Hamısını oxu