Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır.

Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər.

Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü.

20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək.

Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir.

Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir.

Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir.

Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir.

Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.

 

Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

2024-04-03 11:17:04
3740 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıb

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 11-də Respublika Veteranlar Təşkilatının əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Respublika Veteranlar Təşkilatının əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci ildönümü gününü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. Veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.   

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin B Ə Y A N A T I 30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb.  Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır. Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər. Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov

Hamısını oxu