Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev: Azərbaycan xalqının vətənpərvərlik simvolu!

Qarşıdan 10 may – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü gəlir. Həyatının hər bir anını xalqına həsr edən, Azərbaycanın çiçəklənməsi, inkişafı və tərəqqisi üçün böyük fədakarlıqlar sərgiləyən Heydər Əliyevi ən müxtəlif prizmalardan xarakterizə etmək, onun tarixi xidmətlərinə fərqli rakurslardan yanaşmaq mümkündür. Lakin heç kimə sirr deyil ki, Heydər Əliyevi xarakterizə edən ən başlıca xüsusiyyət onun vətənpərvərliyi, doğma vətənə və xalqa sədaqəti olub.

Vətənpərvərlik mənəviyyat göstəricisi kimi...

Ümummilli Lider Heydər Əliyevə görə vətənpərvərlik sıradan bir hiss, adı bir duyğu deyildi. Ulu öndər vətənpərvərliyə insan mənəviyyatının ayrılmaz tərkib hissəsi kimi yanaşırdı. Heydər Əliyev hesab edirdi ki, hər bir insan vətənpərvər olmalı, öz vətəninin bugününü və sabahını düşünməli, öz dövlətinin inkişafı üçün əlindən gələni əsirgəməməlidir.

Ümummilli Liderə görə vətənpərvərlik həm də bir insanın mənəviyyat göstəricisi, şəxsiyyət barometri idi. Buna görə də Heydər Əliyev içində vətənpərvərlik hissi olmayan şəxsləri mənəviyyatsız adlandırır, onları dövlət və xalq üçün yararsız hesab edirdi:

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır”.

Heydər Əliyevə görə vətənpərvərlik sədaqət hissi ilə ayrılmaz şəkildə bağlıdır. Məhz buna görə də Ulu Öndər deyirdi:

“Vətəni sevmək onun hər qarış torpağına sahib çıxmaqdır”.

Sitatdan da göründüyü kimi, Heydər Əliyevə görə vətənpərvərlik öz mövcudluğunu əməli fəaliyyətdə göstərməli, praktiki müstəvidə təsdiqləməlidir. Yalnız belə olan təqdirdə gerçək vətənpərvərlikdən danışmaq, həqiqi vətən sevgisindən bəhs etmək olar.

Vətəni sevməyin Heydər Əliyev nümunəsi

Yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev vətənpərvərliyi praktiki fəaliyyətin ayrılmaz bir hissəsi hesab edirdi. Ümummilli Liderin fikrincə, içində vətənpərvərlik hissi olan insan bunu hər bir addımında qeyri-ixtiyari hiss etdirir, vətənin inkişafı üçün öz gücü və səlahiyyəti daxilində bütün gərəkli addımları atır. Hansı ki, belə bir fəaliyyəti Heydər Əliyevin özünün həyat və fəaliyyətində aydın şəkildə izləmək mümkündür.

Özünün də qeyd etdiyi kimi, bütün ömrünü Azərbaycan xalqına, onun rifahı və tərəqqisinə həsr edən Heydər Əliyev hələ sovet dönəmində doğma vətənin inkişafı üçün ağır şərtlər altında ciddi addımlar atır, ölkəmizdə sənaye və kənd təsərrüfatının sürətli inkişafı üçün mühüm layihələr həyata keçirirdi. Təkcə bir faktı qeyd edək ki, 1975-ci ildə məhz Heydər Əliyevin iradəsi nəticəsində Bakıda kondinsioner zavodu inşa edilmiş, bu yenilik ölkəmizi sovet məkanında sənaye ölkəsi kimi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdi. Lakin bütün bu uğurlar asanlıqla başa gəlmir, uzunmüddətli mübarizə və fədakarlıq tələb edirdi. Ulu öndərin özü 25 dekabr 1995-ci ildə Bakı məişət kondisionerləri zavodunun 20 illik yubileyi münasibətilə təntənəli mitinqdəki çıxışında deyirdi:

“Bilirsiniz, mən sizə çatdırmalıyam ki, 60-ci illərin sonunda, 70-ci illərin əvvəlində mən Azərbaycanda müasir tipli maşınqayırma zavodlarının yaradılması haqqında məsələlər irəli sürərkən - bu məsələlər o vaxtlar Moskvada, Sovet İttifaqının rəhbərliyində həll olunurdu - Azərbaycana inam olmadığını müşahidə edirdim. Təkliflərimi qiymətləndirirdilər, mənə çox hörmətlə münasibət göstərirdilər. Ancaq mənə daim sübut etmək istəyirdilər ki, sizin respublikanın kadrları, mütəxəssisləri bu cür müəssisələrdən istifadə etməyə hazır deyillər, çünki keçən illərdə belə təşəbbüslər olub, ancaq belə zavodların tikilməsi, başa çatması çox gecikdirilib, yaxud da ki, çox səviyyəsiz olub. Ona görə də Sovetlər İttifaqının mərkəzi planlaşdırma orqanlarında, yüksək səviyyələrdə Azərbaycan haqqında, respublikamızın kadrları, elmi-texniki səviyyəsi barədə belə fikir var idi ki, biz geridə qalmış millətik, respublikayıq və belə müəssisələrin yaradılıb istifadə olunması səviyyəsinə gəlib çatmaq üçün bizə hələ çox vaxt lazımdır.

Mənim qarşımda çox ağır və çətin bir vəzifə dururdu. Mən bir tərəfdən sübut etməliydim ki, Azərbaycan xalqı yüksək səviyyəyə qalxmış bir xalqdır. Azərbaycanın kadrları, mütəxəssisləri, mühəndisləri müasir səviyyədədirlər və bizə inanmaq lazımdır. İkinci tərəfdən, mən bu bəyanatlarımı həyata keçirməli idim. Nəhayət, mənə və mənim sözlərimə olan inam Azərbaycanda bu tipli müəssisələrin yaranması üçün yol açdı. Biz bunu birinci növbədə Bakı kondisionerlər zavodunun tikilib başa çatdırılması ilə sübut etdik. Biz bu zavodu iki il müddətində yaratdıq və bütün dünyaya bəyan etdik. Mən 1975-ci ilin dekabrında Moskvaya, bütün dünyaya bəyan etdim ki, Azərbaycan xalqı nəyə qadirdir və necə böyük imkanları var”.

Azərbaycan gəncliyi üçün əbədi örnək: Böyük İnsan, Nəhəng Şəxsiyyət!

Heydər Əliyevin bir tək Bakı məişət kondinsionerləri zavodunun ərsəyə gəlməsi üçün atdığı addımlar, gördüyü işlər onun xalqımızın rifahı, respublikamızın gələcəyi üçün necə ağır mübarizələrdən keçdiyini göstərir. Və elə bir tək bu fakt Heydər Əliyevin Azərbaycan gəncliyinin gözündə  Böyük İnsan, Nəhəng Şəxsiyyət kimi formalaşmasını təmin etməyə yetir. Bir tək bu fakt onu deməyə əsas verir ki, Heydər Əliyev üçün vətəni sevginin ən böyük təsdiqi əməli fəaliyyət idi. Buna görə də o, hər kəsdən məhz belə bir fəaliyyət - əməli addımlar, praktiki aktivlik gözləyirdi.

Bu gün Heydər Əliyev fiziki baxımdan aramızda olmasa da, onun böyük əməlləri, parlaq ideyaları, qoyub getdiyi zəngin dövlətçilik irsi yaşamaqda, yüz minlərlə gəncə yol göstərməkdədir. Müasir Azərbaycan gəncliyi üçün ən böyük vətənpərvərlik məktəbi Heydər Əliyev məktəbidir. Hansı ki, bu məktəb illər, əsrlər sonra da tarixlər yazan vətənpərvərlər yetişdirməkdə, dövlətimizin təhlükəsizliyi və tərəqqisinə sonsuz töhfələr verməkdə davam edəcək.

Rafiq Ağayev

Veteranlarla mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin mütəxəssisi

 

2026-05-04 09:50:00
23 baxış

Digər xəbərlər

“ Zəfər bayramı” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin əməkdaşları -  Nəbi Hacıyev və Osman Məhərrəmov 4 noyabr  2023-ci ildə Bakı şəhəri Binəqədi rayonunda  tədbir təşkil ediblər. Tədbir 99 saylı tam orta məktəbdə  baş tutub.       “8 Noyabr   Zəfər bayramı” ”adlı tədbirdə Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Ağsaqqallar Şurasının sədri Akif  Rəfiyev, şəhid anası Əliyeva Səfayə, məktəbin direktoru Ofelya Məmmədova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açdı. O,qonaqları tədbir iştirakçılarına  təqdim etdi. Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, istər İkinci Qarabağ müharibəsi, istərsə də, lokal antiterror tədbirləri zamanı ordumuz mənfur düşmənə layiqli cavab verdi və bütün dünyaya xalqımızın birgə bərabər olduğunu bir daha sübut etdi: “Bu qələbəmizi şəhdlərimizə, qazilərimizə borcluyuq. Biz orta və yaşlı nəslin nümayəndələri hər zaman çalışırıq ki,keçmişdə buraxılan səhvləri siz buraxmayasız. Heç kəs bilmir ki,bu gün parta arxasında oturan bir şagird gələcəkdə dövlətimizin inkişafında hansı töhfələri verəcək. Əsas vətəni sevmək, qorumaq lazımdır.  Bunun  üçün yaxşı oxumaq və  müəllimlərin verdikləri bütün tapşırıqlaıı yerinə yetirrmək vacibdir. Çıxışımın sonunda torpaqlarımızı düşmən tapdağından təmizləyən və bu yolda  şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı, sizlərə təhsilinizdə uğurlar arzulayıram”. Daha sonra Akif  Rəfiyev çıxış etdi. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırılıb. Həmin görüntüləri təqdim edirik:

Hamısını oxu
Nərimanovda Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə həsr edilən mini futbol turniri keçiriləcək

Turnirin təşkilatçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsidir   Veteran.gov.az xəbər verir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 10:00-da Nərimanov rayonunda, Qafur Rəşad küçəsində yerləşən mini futbol stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Aprel döyüşləri şəhidləri polkovnik-leytenant Sənan Axundovun, mayor Rasim Məmmədovun, əsgərlər Mahir Mirzəyevin, Fəxrəddin Qurbanlının və Mahir Quliyevin xatirələrinə həsr edilmiş mini futbol turniri keçiriləcək.   Məlumat üçün qeyd edək ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərin xatirəsinə mütəmadi şəkildə idman turnirləri, müsabiqə və digər tədbirlər keçirilir, yüzlərlə yeniyetmə və gəncin bu tədbirlərdə iştirakı təmin olunur.  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu