Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

6 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanlarının ailə üzvləri və müharibə veteranları ilə görüş keçirilib.

Görüşdə İkincü Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin şöbə rəisi polkovnik Asəf Əhmədov, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva, müharibə veteranlarının ailə üzvləri, ölkə ziyalıları və s. iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir “Qələbəyə gedən yollar” adlı hərbi-vətənpərvərlik mahnısının səsləndirilməsi ilə açılıb.

Tədbiri giriş nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını, faşizm üzərindəki qələbəyə tarixi töhfə verdiyini bildirib:

“Bu əlamətdar gün, bəşəriyyəti faşizm təhlükəsindən xilas edən qəhrəmanların xatirəsini anmaq və sülhün dəyərini xatırlatmaq baxımından müstəsna əhəmiyyət kəsb edir.

İkinci Dünya müharibəsində faşizmə qarşı 700 minə yaxın azərbaycanlı döyüşüb, onlardan yarıdan çoxu qələbə uğrunda canından keçib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazımov, Müseyib Allahverdiyev, Bahəddin Mirzəyev, Xəlil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Məmiş Abdullayev, Səməd Abdullayev, Cəmil Əhmədov, Ağaşirin Cəfərov, Məmməd Məhərrəmov, Əmi Məmmədov, Məmməd Məmmədov, Yusif Sadıqov, İdris Süleymanov, Şirin Şükürov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Müseyib Bağırov və başqaları İkinci Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar.

Arxa cəbhədəki həyat isə başqa bir qəhrəmanlıq səhifəsi idi.  Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibə  illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Zaman keçir, illər bir-birini əvəz edir, lakin qəhrəmanlıqlar unudulmur. Çünki o, xalqın ruhunda yaşayır. Bu ruh 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, xalqımızın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə əslində, keçmişlə bu günün vəhdəti, nəsillər arasında mənəvi körpünün təntənəsidir”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə İkinci Dünya müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu nümunə göstərən Ziyad Səmədzadə, onun Azərbaycan xalqının milli iftixar mənbəyi olduğunu vurğulayıb.

Millət vəkili həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin müharibə qəhrəmanlarına, onların ailə üzvlərinə böyük diqqət və ehtiram göstərdiyini vurğulayıb, bu yanaşmanın hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib.

Keçirilən tədbirin önəminə toxunan Ziyad Səmədzadə buna görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, bu qurumun dövlətimizin tarixini yaşadan təşkilatlardan biri olduğunu söyləyib.  

Çıxışının sonunda Ziyad Səmədzadə yeni nəşr olunan kitablarını Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə edib.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani həm İkinci Dünya müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının böyük qəhrəmnanlıqlar göstərdiyini bildirib. General Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqların bu gün də bütün dünyada heyrətlə xatırlandığını bildirən Abdulla Qurbani, bu cür önəmli tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, müəllifi olduğu kitabları Təşkilata hədiyyə edib.

Tədbirdə çıxış edən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovniki Emin Aslanov da tədbirə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova təşəkkür edib, İkinci Dünya müharibəsi qəhrəmanları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Tədbir “Gəl odla oynama” mahnısının ifası ilə başa çatıb.

Seymur ƏLİYEV

2026-05-06 15:58:00
1562 baxış

Digər xəbərlər

Ermənilərin ekoloji terrorunun qarşısının alınmasında dünya birliyi həmrəylik sərgiləməlidir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirilir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, ölkəmizin suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir. Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Bildiririk ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəcək. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.

Hamısını oxu
Göygöl Rayon İcra Hakimiyyəti

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.   Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər.   Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb. İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Milli Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi ad günü münasibətilə təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli Arif müəllim! Sizi 15 fevral – ad gününüz münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda, eləcə də çoxşaxəli yaradıcılığınızın bütün sahələrində uğurlar arzulayıram. Fəxr hissi ilə qeyd edirəm ki, Siz uzun illərdir ki, Azərbaycanı beynəlxalq elmi müstəvidə uğurla təmsil edən, xalqımızın intellektual gücünü bütün əzəməti ilə dünyaya nümayiş etdirən nadir şəxsiyyətlərdənsiniz. Müəllifi olduğunuz  30-dan çox icad, 300-ə yaxın elmi əsər və  digər yaradıcılıq nümunələriniz dünya elmi və texnikasının qiymətli örnəklərindən biri kimi yer üzünün dörd bir yanında insanların rifahını yüksəltməkdə, bəşəriyyətin tərəqqisinə xidmət etməkdədir. Ustad pedaqoq kimi yetişdirdiyiniz yüzlərlə kadr milli təhsil və sənayemizin inkişafına böyük töhfələr verməkdə, müstəqil respublikamızın çiçəklənməsində yaxından iştirak etməkdədir ki, bu da hər birimizdə qürur hissi doğurur. Hörmətli Arif müəllim! Bir daha Sizi bütün veteranlar adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu