Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi Prokurorluğun orduda Heydər Əliyev irsini təbliğ etməsi alqışlanmalıdır”

Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib.

 Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib:

 “Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir.

 Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub.

 Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”.

Seymur ƏLİYEV

 

2026-05-07 14:48:00
580 baxış

Digər xəbərlər

Laçına Böyük Qayıdış – Beş İlin Bəhrəsi

İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir. 1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür. 1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır.  2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına  Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir.  Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”           Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Trend xəbər verir ki, tədbirdə “Baku Network” mərkəzinin rəhbər şəxsləri, ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda, həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb. “Baku Network”ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin nə olduğunu tam anlayanlar çox azdır: “Hibrid təhlükə sadəcə haker hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək, deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda, ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik. Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik”. Öz növbəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, indiki zamanda şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların formalaşması, xüsusən “Baku Network” kimi qurumların fəaliyyətinə böyük zərurət yaradır: “Bu layihənin ölkə üçün əhəmiyyətinin fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir. Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük nailiyyətdir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir: “Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır”. Daha sonra “Cümhuriyət” qəzetinin baş redaktoru, “Cebhe.info” xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihə dövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: “KİV, QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqət ayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdirib insanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcə kibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına da təsir edir”. Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyada olduqca aktualdır: “Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsb edir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibrid təhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlif ölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakin onların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə də təhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik”. Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihənin beynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar. Qeyd edək ki, “Baku Network” 2025-ci ilin mayından avqustun sonunadək “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub. Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına yönəlmiş informasiya-psixoloji hücumların (media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək və onlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.  

Hamısını oxu
Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi.  Tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb. Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır. Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi

Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu