Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib.

O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir.

Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”.

Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib.

Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib.

Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər.

Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

2026-05-14 22:03:00
2731 baxış

Digər xəbərlər

General-mayor İsgəndər Allahverdiyev – 75!

Sabah  Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.  

Hamısını oxu
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Vətəndaşlar anlamalıdır ki, azad edilmiş ərazilərə qeyri-qanuni səfərlər onların həyatı üçün böyük təhlükədir Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də Azərbaycana verməməsi son vaxtlar ən çox narahatlıq doğuran məsələlərdən biridir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində bu və digər məqamlara toxunub. O, qeyd edib ki, 2020-ci ilin 10 noyabr Bəyanatından aylar ötsə də, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyib. Rəsmi İrəvanın bu addımı onun öz məkrli niyyətlərindən hələ də əl çəkməməsi, regionda sülh və təhlükəsizlik üçün təhdid mənbəyi olaraq qalmaqda davam etməsi kimi dəyərləndirilə bilər. Ermənistanın minalanmış ərazilərin xəritəsini bu günədək Azərbaycana verməməsi, müxtəlif bəhanələr bundan imtina etməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Bu faktın özü göstərir ki, Ermənistan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Məhz buna görə də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesini süni şəkildə əngəlləməyə, istər hərbçilərimiz, istərsə də mülki insanlarımız arasında tələfatların yaşanmasına çalışır. Hərb meydanında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan indi bu kimi rəzil vasitələrə Azərbaycana itkilər verməyə cəhd göstərir. Lakin Ermənistan unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün gərəklidir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmadı. Həm də onun bütün iqtisadiyyatı sıradan çıxdı. Ermənistanda sosial vəziyyət fəlakətli həddə çatdı və hazırda da son dərəcə ağırdır. Odur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməklə daha çox özünə kömək eləmiş olar. Regionda sülh və təhlükəsizlik olmadan hansısa inkişafın baş verməsi mümkün deyil. Polkovnik deyib ki, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsinin başlıca səbəblərindən biri də beynəlxalq təşkilatların bu istiqamətdə lazımi fəallıq göstərməməsidir. Əgər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana bu məsələdə lazımi təzyiq göstərsə, o zaman rəsmi İrəvan bu xəritələri Azərbaycana verməyə məcbur qalardı. Ancaq təəssüflər olsun ki, bu gün nə beynəlxalq təşkilatlar, nə də aparıcı dövlətlər Ermənistanın minalanmış ərazilərin xəritəsini ortaya çıxarmamasından narahat deyil. Uzun illər torpaqlarımızın işğal altında qalmasını seyr edən təşkilatlar, böyük dövlətlər bu gün də Ermənistanın bu cinayətini, bu təxribatını laqeydliklə müşahidə edir. Məhz beynəlxalq qınaq və təzyiqin olmaması Ermənistanı öz təxribatını davam etdirməyə, yəni minalanmış ərazilərin xəritəsini verməməyə həvəsləndirir. Beynəlxalq təşkilatlar bu məsələdə susqunluğa son qoymalı, Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir, bu istiqamətdə addımlar atmalıdır. Çünki Ermənistanın bu addımı həm də beynəlxalq hüquq və insan haqları ilə ziddiyyət təşkil edir. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətini və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yüksək qiymətləndirirəm. ANAMA bu sahədə ixtisaslaşan, sadəcə, ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla fəaliyyət göstərən, dünyada təhlükəsizliyin bərqərar olmasında, mina təhdidlərinin ortadan qaldırılmasında mühüm rol oynayan, bu sahədə böyük əmək sərf edən bir qurumdur. Agentliyin zərərsizləşdirdiyi hər mina ən azı bir vətəndaşımızın həyat və sağlamlığının qorunması deməkdir. Bu baxımdan, hər birimizin ANAMA-ya təşəkkür və minnətdarlıq borcumuzun olduğu birmənalıdır. Artıq bir neçə aydır ki, bu təşkilat işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Məhz agentliyin xidməti sayəsində çoxlu sayda mina zərərsizləşdirilib, müəyyən yollar, ərazilər minadan təmizlənib. Lakin ANAMA-nın əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün, proses lazımi sürətlə getmir. Halbuki, bu xəritələr olsa, o zaman prosesi daha qısa zamanda başa vurmaq, bütün minaları daha az zaman kəsimində zərərsizləşdirmək mümkün olar. “İşğaldan azad edilmiş ərazilər minalardan tam təmizlənməyib. Buna baxmayaraq, bəzi vətəndaşlar qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçməyə çalışır. Dəfələrlə belə şəxslər polis əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb və müvafiq qaydada məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də anlamır ki, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni yollarla səfər etmək onların həyatı üçün təhlükəlidir. Dövlətimiz belə səfərlərin qarşısını almaqla məhz vətəndaşların həyatını qorumağa çalışır. Vətəndaşlarımız da bunu anlamalı, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni səfərlərin onların həyatı üçün təhlükəli olduğunu və fəsadlara səbəb ola biləcəyini dərk etməlidir. Hər bir vətəndaşın həyatı dövlətimiz üçün qiymətlidir və işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində atılan hər bir addım da məhz vətəndaşlarımızın təhlükəsizliyinə hesablanıb”, - deyə Cəlil Xəlilov qeyd edib. Polkovnik vurğulayıb ki, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Fürsətdən istifadə edərək, Azərbaycanın minalardan əziyyət çəkən ölkə olaraq narahatlığını bir daha dünya ictimaiyyətinə çatdırmağı lazım bilirik. 2005-ci ildə BMT Baş Məclisində elan edilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü BMT və beynəlxalq təşkilatların köməyi ilə dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır. Hazırda belə bir problemlə üz-üzə qalan Azərbaycan beynəlxalq təşkilatların müvafiq köməyini gözləməkdə tam haqlıdır.

Hamısını oxu
Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək. Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.

Hamısını oxu
“Gənclərin tariximizə, milli-mənəvi dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi tədirəlayiqdir”

Gənc nəsillərin tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi bütün zamanlar üçün ən aktual məsələlərdən biri hesab olunur. Təsadüfi deyil ki, Prezdent İlham Əliyev müsahibə və çıxışlarında bu amilə daim diqqət yetirmiş, gənc nəslin milli-tarixi dəyərlərimizə sahib çıxmasını milli maraqlarımızın etibarlı müdafiəsi baxımından son dərərə zəruri hesab etmişdir.  14 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı çıxışında bir daha bu amilə toxunmuş, gənclərin yetişdirilməsində ailə ilə yanaşı, məktəbin də önəminə diqqət çəkmişdir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”. Sevindiricidir ki, Prezidentin məlum çağırışı ölkəmizdəki bəzi məktəblər tərəfindən xüsusi diqqət və həssasiyyətlə həyata keçirilməkdə, gənclərin milli-mənəvi ruhda böyüdülməsi üçün maksimum səy göstərilməkdədir. Bu cür nümunəvi məktəblərdən biri də Abşeron rayon Novxanı kənd 1 nömrəli orta məktəbdir. 22 dekabr 2024-cü ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 106-cı ildönümü münasibətilə məktəb kollektivi tərəfindən böyük qəhrəmanın abidəsi ziyarət olunub, onun qəhrəmanlığı ilə bağlı bir-birindən maraqlı faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.   “Novxanı kənd 1 nömrəli orta məktəbdə keçirilən tədbirlər qəhrəmanlıq irsimizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir” Veteran.gov.az saytına açıqlama verən millət vəkili Məşhur Məmmədov, Novxanı kənd 1 nömrəli orta məktəbdə ənənəyə çevrilən bu cür tədbirlərin alqışalayiq olduğunu vurğulayıb: “Yeniyetmələrin, gənclərin milli ruhda yetişdirilməsi, onlara tariximiz, qəhrəmanlarımız, mənəvi dəyərlərimiz haqqında ətraflı məlumat verilməsi xalqımızın özünəməxsusluğunun, milliliyinin, mübarizə ruhunun qorunub saxlanılması baxımından son dərəcə əhəmiyyətlidir. Unutmaq olmaz ki, bu məsələdə məktəblərimizin üzərinə çox böyk missiya düşür. Çünki gənclərimiz ilkin biliklərə məhz məktəbdə yiyələnirlər. Onların şəxsiyyət kimi formalaşması da əsasən məktəb illəri ilə bağlıdır. Bu səbəbdən məktəblərdə milli dövlətçilik tariximiz, qəhrəmanlarımızla bağlı şagirdlərə ətraflı məlumatların verilməsi mühüm önəm kəsb edir. Sevindiricidir ki, məktəblərimizdə tarixi qəhrəmanlarımızın, şəhdilərimizin tanıdılması, onların igidliklərinin təbliği istiqamətində ciddi iş aparılır. Belə nümunəvi məktəblərdən biri də Novxanı kənd 1 nömrəli orta məktəbdir. Sovet İttifaqı Qəhrəmanı, əfasanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin adını daşıyan bu məktəbdə tez-tez şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımızla bağlı tədbirlər keçirilir ki, bu da şagidrlərdə milli şurun inkişafına böyük töhfə verir. Ötən ilin 22 dekabr tarixində Mehdi Hüseynzadənin heykəlinin məktəb kollektivi tərəfindən ziyarət edilməsi, qəhrəmanımızla bağlı məktəblilər qarşısında edilən çıxışlar da olduqca təqdirəlayiqdir. Hesab edirəm ki, bu cür tədbirlər bundan sonra da davam etdirilməlidir. Bu, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı baxımından zəruridir. Mən bu nəcib və faydalı təşəbbüslərinə görə məktəb rəhbərliyinə, eləcə də məktəbin bütün kollektivinə təşəkkür edir, onlara uğurlar arzulayıram. İnanıram ki, məktəblilərimiz bu cür tədbirlər sayəsində tarixi qəhrəmanlarımızı daha yaxından tanıyacaq, gələcəkdə ehtiyac olduğu təqdirdə onların qəhrəmanlığını təkrarlayacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu