Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir

Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.

Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Qeyd edib ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.

 

2026-05-15 11:12:00
2774 baxış

Digər xəbərlər

Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri İkinci Dünya müharibəsi veteranı ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə  sağlam və ğümrah ömür arzulayıblar. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru  Ədalət Salman Cəlilabad torpağının şəhidləri  haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib. Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər. Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.                        

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib

Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi. Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq. Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik. Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu
Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlandı

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlanıb. Milli.Az bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında qeyd olunub. Bildirilib ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.   Milli.Az

Hamısını oxu
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub Bakı, 5 fevral, AZƏRTAC Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Hamısını oxu