Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yüksək təhlükəsizlik mühiti Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən əsas amildir

Mayın 17-də Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) uğurla davam edir. 182 ölkədən 40 mindən çox qonağın iştirak etdiyi tədbir bütün dünyada böyük maraqla izlənməkdə, təqdirlə qarşılanmaqdadır. 

Xatırladaq ki, Azərbaycan bundan öncə də çoxlu sayda beynəlxalq tədbirə uğurla ev sahibliyi edib, böyük məsuliyyət tələb edən bu missiyanın öhdəsindən peşəkarlıqla gəlib. 2024-cü ildə respublikamızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 80 ölkədən 76 mindən çox iştirakçının qatılması və konfransın müvəffəqiyyətlə təşkili faktının özü buna nümunədir. Hansı ki, bu gün də ölkəmizin COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi gerçəyi bütün iştirakçı dövlətlər tərəfindən təsdiqlənməkdə, ölkəmizin bu sahədəki təcrübəsi geniş şəkildə öyrənilməkdədir.

Maraqlıdır, Azərbaycanı beynəlxalq tədbirlərin ev sahibinə çevirən əsas faktor nədir? Niyə bu cür tədbirlərin önəmli bir qismi məhz respublikamızda təşkil olunur?

Prezident İlham Əliyevin müəllifi olduğu tam və etibarlı təhlükəsizlik modeli...

Əminliklə emək olar ki, Prezident İlham Əliyevin müəllifi olduğu yüksək təhlükəsizlik modeli Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən əsas amildir. Ölkəmizdə hər zaman ictimai təhlükəsizliyin yüksək səviyyədə təşkili, terror, təxribat cəhdlərinin qarşısının əksər hallarda elə planlaşdırılma mərhələsində alınması, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizə qonaq gələn əcnəbilərin təhlükəsizliyinin peşəkarlıqla təmini respublikamızı beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək azsaylı ölkələrdən birinə çevirir. Təsadüfi deyil ki, Azərbaycana səfər edən əcnəbilər bu reallığı öz müsahibələrində məmnunluqla qeyd edir, vurğunluqla dilə gətirirlər.

Bütün digər tədbirlər kimi WUF13-ün də Azərbaycan tərəfindən peşəkarlıqla təşkili iştirakçılar tərəfindən elə ilk gündən qeyd edilməkdədir. Nümunə üçün qeyd edək 17 may 2026-cı il tarixində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro Azərbaycanın tədbirə uğurla ev sahibliyi etdiyini bildirib.

Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə birlikdə verdiyi bəyantında WUF13-ün yüksək səviyyədə təşkili qeyd olunub, bunun Forum iştirakçılarında böyük və müsbət təəssürat formalaşdırdığı vurğulanıb.

Digər iştirakçı dövlətlərin təmsilçiləri də mediada oxşar bəyanatlarla çıxış ediblər.

DTX öz peşəkarlığının zirvəsində: Təhlükəsizliyün fövqündəki təhlükəsizlik...

Heç kimə sirr deyil ki, COP29, WUF13 və bu kimi tədbirlərin təşkilində ən ciddi məsuliyyət bir sıra qurumlarla yanaşı, həm də xüsusi xidmət orqanlarının üzərinə düşür. Çünki bütün təxribatçı qüvvələr öz çirkin niyyətlərini məhz bu cür iri tədbir və forumlar zamanı ortaya qoymağa daha çox can atır, bununla da beynəlxalq miqyasda əsk-səda yaratmağa çalışırlar. Bütün bu məkirli qüvvələrin mümkün təxribat cəhdlərinin qarşısı isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən uğurla alınmaqda, peşəkarlıqla de-şifrə olunmaqdadır.  

İlham Əliyevin bilavasitə qayğı və diqqəti sayəsində sürətlə təkmilləşən və bu gün sözün həqiqi mənaasında öz peşəkarlığının zirvəsində dayanan DTX, general-polkovnik Əli Nağıyevin rəhərliyi altında uğurla fəaliyyət göstərməkdə, hər cür təhdid və təhlükənin qarşısını ustalıqla almaqdadır.

DTX-nın peşəkarlığına dəlalət edən əsas amillərdən biri terror və təxribatların bir çoxunun qarşısını elə planlama mərhələsində alması ilə bağlıdır. Bu, DTX-da işin həqiqətən də son dərəcə effektiv şəkildə təşkil edildiyini göstərir.

Onu da xatırladaq ki, DTX yalnız beynəlxalq tədbirlər zamanı deyil, eləcə də 44 günlük Vətən müharibəsi zamanı bütün terror və təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb, heç bir zaman bədxah qüvvələrin əl-qol açmasına imkan verməyib.

Bütün bunlar bir daha onu göstərir ki, dünya dövlətləri, beynəlxalq birlik qlobal tədbirlər üçün məhz Azərbaycanı ev sahibi seçməklə doğru qərar verir. Bundan əvvəlki digər tədbirlər kimi WUF13-ün də yüksək təhlükəsizlik şəraitində təşkili sübut edir ki, Azərbaycan ona göstərilən etimadı qətiyyətlə doğrultmaqda, zəngin təşkilatçılıq təcrübəsini daha da genişləndirməkdədir.

Seymur ƏLİYEV

 

2026-05-20 16:36:00
1235 baxış

Digər xəbərlər

“Gələcəkdə Qərbin Rusiya və KTMT rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməsi mümkündür”

Arzu Nağıyev: “Qazaxıstana qoşun yeritmək üçün lazımi hüquqi əsasın mövcudluğu məsələsi mübahisəlidir”   Qazaxıstandakı daxili gərginlik fonunda Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə qoşun yeritməsi bütün dünyada ciddi narahatlıqla izlənməkdədir.  Bəzi ekspertlər hesab edir ki, əslində Rusiyanın şəriksiz söz sahibi olduğu KTMT-nin bu addımı Qərbin Ukraynadan sonra Qazaxıstanda üzləşdiyi ikinci ciddi məğlubiyyətdir və bu, Kremlin çevik hərbi-siyasi manevr gücündən xəbər verir.   Bəs əslində necə, baş verənlər Qərbin Qazaxıstan məsələsində məğlubiyəti kimi dəyərləndirilə bilərmi? KTMT-nin məlum addımı beynəlxalq hüquq baxımından nə dərəcədə doğrudur? Elə bir məqam yetişə bilərmi ki, Rusiya və KTMT rəhbərliyinin atdığı bu addım onların özləri üçün əsl başağrısına çevrilsin?   Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Qərbdəki bəzi qüvvələrin Qazaxıstandakı olaylarla əlaqəsinin mövcudluğu ehtimalının yüksək olduğunu bildirib:   “Hələ KTMT qoşunları Qazaxıstana daxil olmamışdan öncə dünya mediasında Qərbdəki bəzi dairələrin Qazaxıstan olaylarından istifadə etdikləri, proseslərin idarə olunmasında, ondan öz maraqlarının təmin edilməsinə səy göstərdikləri ilə bağlı dünya mediasında ciddi təhlil və açıqlamalar səslənirdi. Iddia olunurdu ki, Qərb Qazaxıstandakı iğtişaşlardan istifadə edərək Rusiyaya yönəlik bəzi planlarını reallaşdırmağa çalışır. Burada söhbət Rusiya sərhədlərində bufer zonaların yaradılması, Rusiyaya yönəlik müəyyən planların icrası və s. kimi məsələlərdən gedirdi. Təbii ki, ona qonşu olan bir dövlətdə bu cür qarşıdurma və iğtişaşların olması Rusiyanı narahat etməyə bilməzdi. Çox güman ki, Rusiya bu olaylar fonunda Qərbin prosesləri Rusiya əleyhinə istiqamətləndirmək cəhdlərini də sezməmiş deyildi. Məhz buna görə də Rusiya və KTMT rəhbərliyi sülhməramlı qüvvələri Qazaxıstana yeritməklə Qərbin planlarını pozmağa çalışdı”.   Millət vəkili qeyd edib ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, proseslərin bəlli müddətdən sonra Rusiya və KTMT üzvlərinin əleyhinə cərəyan etməsi mümkündür. Arzu Nağıyevin sözlərinə görə, KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas mövcud olmayıb və məhz bu amil gələcəkdə Rusiyanin əleyhinə ciddi fakt kimi işləyə bilər:   “Zənnimcə, KTMT tərəfindən Qazaxıstana qoşun yeridilməsi problemli bir məsələdir. Əsas məqam ondan ibarətdir ki, sülhməramlılar, yəni KTMT qoşunları hər hansı bir üzv dövlətin ərazisinə o vaxt daxil ola bilər ki, həmin dövlətə qarşı hansısa digər dövlətin aqressiv hərəkətləri mövcud olsun. Belə olarsa, o zaman sülhməramlılar həmin dövlətdə sabitlik yaratmaq, onun təhlükəsizliyini təmin etmək üçün ora daxil ola bilər. Yəni sülhməramlı missiyanı yerinə yetirmək üçün belə bir addım ata bilərlər. Burada söhbət əsasən desant qoşunlarından gedir. Əgər bir müddətdən sonra ABŞ və ya digər Qərb dövlətləri Rusiyaya, KTMT-nin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etsə, o zaman bu sanksiyaları müəyyən mənada ədalətli hesab etmək olar. Çünki bu gün Qazaxıstana hər hansı bir dövlətin birbaşa aqressiyası, təxribatının olması sübuta yetirilməyib. Ona görə də KTMT qoşunlarının Qazaxıstana yeridilməsi problemli məsələdir. Yəni Ermənistan sevinməsin ki, qoşununu KTMT-in tərkibində Qazaxıstana göndərir. Bunların hamısı hüquqi baza çərçivəsində olmalıdır”.   Millət vəkili qeyd edib ki, gələcəkdə Qazaxıstan daxilindəki proseslərin hansı məcrada inkişaf edəcəyi bir sıra amillərdən, eləcə də siyasi liderlərin atacağı addımlardan asılı olacaq:   “Hazırda vəziyyətin son dərəcədə gərgin və mürəkkəb olduğu göz önündədir. Bir tərəfdən qazın qiymətinin bahalaşmasına etiraz edən xalq kütlələri və bu etirazları yatırmağa çalışan hüquq-mühafizə orqanları, digər tərəfdən ölkə ərazisinə daxil olan sülhməramlılar və ilk gündən proseslərdən yararlanmağa çalışan Qərb dairələri öz məqsədlərinə çatmağa çalışırlar. Düşünürəm ki, bütün bunlarla yanaşı, proseslərin gedişatına təsir göstərəcək amillərdən biri də Qazaxıstanın siyasi liderlərinin atacağı addımlar, verəcəyi qərarlar olacaq.   Təbii, biz dost Qazaxıstanda olayların qansız-qadasız başa çatmasını arzu edirik və  ümid edirik ki, qazax xalqı üçün çətin günlər tezliklə geridə qalacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
Birinci Qarabağ müharibəsinin şəhidi Cəlilabadda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Quliyev Mahir Abuzər oğlu Cəlilabad şəhər qəbiristanlığındakı şəhidlər cərgəsində  dəfn edilib. Şəhidin nəşinin qalıqları bu gün yaşadığı Cəlilabad  şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələri,  Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğluna verilib. Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində  anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1992-cü il iyunun 15- də Ağdərə rayonunun Sırxavənd kəndində gedən ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Ağdərə işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Hamısını oxu
Sumqayıtda qazilər daim diqqət mərkəzində saxlanılır

Veteran.gov.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, sözügedən qurumun yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlamlıq vəziyyətini diqqət mərkəzində saxlayır.   Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları Birinci Qarabağ müharibəsi əlili Allahverdiyev İlqar Bünyad oğlunun evində olub, ailənin qayğıları, qazinin səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar.   Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimiz Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi məhz bu məqsədlə yaradılıb və yarandığı qısa müddət ərzində nəzərəçarpacaq işlər görmüşdür.   Qazi İlqar Allahverdiyevin həyat yoldaşı Səbinə Allahverdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.  

Hamısını oxu
Qara Fərzəliyev

Qara Abbas oğlu Fərzəliyev 1923-cü ilin oktyabr ayında Naxçıvan şəhərində anadan olub. Keçmiş SSRİ İkinci Dünya müharibəsinə cəlb olunanda o da digər həmyaşıdları kimi cəbhəyə yollanıb. Q.Fərzəliyev 402-ci milli Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda xidmətə başlayıb. İlk döyüşdəcə ağır yaralanan Qara Fərzəliyev Qroznı və Bryansk şəhərlərində yerləşən hərbi xəstəxanalarda müalicə olunduqdan sonra yenidən cəbhə xəttinə, odlu-alovlu döyüş meydanlarına qayıdır. Bu dəfə o, 77-ci milli Azərbaycan diviziyasının 105-ci atıcı alayında Krasnodar və Rostov vilayətlərinin bir sıra məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərir. Bu döyüşlərdə cəsarəti, igidliyi və hərbi bacarığı ilə fərqlənən cəsur həmyerlimizi 1943-cü ildə xüsusi zabit hazırlığı kursuna göndərirlər. Altıaylıq kursu əla qiymətlərlə bitirərək hərbi biliklərə yiyələnən Qara Fərzəliyevə kiçik leytenant hərbi rütbəsi verilir. Gənc leytenant sonrakı döyüş yolunu 417-ci diviziyanın 1372-ci alayında 5-ci bölüyün taqım komandiri kimi davam etdirir. Q.Fərzəliyevin komandiri olduğu taqım Birinci Pribaltika cəbhəsində Latviya və Litva respublikalarının şəhər və kəndlərinin alman faşistlərinin işğalından azad olunmasında fəal iştirak edir. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Qırmızı Bayraq” ordeni ilə təltif olunur. Qara Fərzəliyevin döyüş yolu keçmiş SSRİ bir çox ərazilərinin, xüsusilə Ukrayna və Belarus torpaqlarının faşist işğalından azad edilməsindən keçib. Q.Fərzəliyev Krım, Sapunqara, Sevastopol və Qomel uğrunda gedən döyüşlərdə özünü əsl komandir kimi göstərib, cəsurluğu ilə fərqlənib. 1944-cü ilin iyununda Litvanın Skoudas şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik həmyerlimizin şöhrətini daha da artırıb. Həmin döyüşdə taqımın irəliləməsinə imkan verməyən alman pulemyotçunu silahı ilə birlikdə əsir götürən Qara döyüşçülərin yolunu açır, nəticədə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Faşistlər bu itkinin əvəzini çıxmaq üçün dəfələrlə əks-hücuma keçsələr də, cəsur komandirin rəhbərlik etdiyi taqımın məğlub­edilməzliyi qarşısında bütün səyləri puça çıxıb. Hər hücumda daha çox itki verən düşmən geri çəkilməyə məcbur olur. 1372-ci atıcı alayın 3-cü batalyonunun 5-ci bölük komandiri olmuş V.Krivenko sonralar müharibənin odlu-alovlu döyüşlərini yada salaraq “Pravda Lubensine” qəzetində “Cəbhə dostluğu yaşayır” adlı məqaləsində Qara Fərzəliyevin daha bir qəhrəmanlığından belə bəhs etmişdir: “1944-cü ilin avqust ayında Latviyanın Elqava şəhərini düşməndən azad edilməsində Qara Fərzəliyevin komandirlik etdiyi taqımın döyüş xidmətləri çox olub. Daha sonra Tukums şəhəri uğrunda gedən döyüşlərdə vəziyyətin ağırlığını, məsuliyyətini düzgün qiymətləndirən azərbaycanlı komandir Q.Fərzəliyev şəxsən pulemyotun arxasına keçərək düşmənin əks-hücuma başlamasına imkan vermədi. Nəticədə, çoxsaylı canlı qüvvə itkisinə məruz qalan faşistlər 2 ədəd zirehli transportyoru döyüş meydanında qoyub geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Qara Fərzəliyevin özü və taqımından 8 nəfər əsgər ağır yaralansa da, axıradək döyüş meydanını tərk etmədilər”. Qara Fərzəliyevin qəhrəmanlıqlarla dolu döyüş yolu alay komandanlığı tərəfindən də yüksək dəyərləndirilib, haqqında xoş sözlər söylənilib, təltiflərə layiq görülüb. Ona 10 may 1945-ci il tarixində 1372-ci atıcı alayın komandiri, polkovnik-leytenant Markov tərəfindən verilən xasiyyətnamə bunu bir daha təsdiqləyir. “Atıcı taqımın komandiri Qara Fərzəliyev özünü savadlı, bacarıqlı, təşəbbüskar, hərbi texnikanı mükəmməl bilən komandir kimi göstərib. Baltikyanı respublikaların azad edilməsi uğrunda döyüşlərdə həlak olan bölük komandirini çox bacarıqla əvəz edib, iki dəfə yaralansa da, döyüş meydanını tərk etməyib, şəxsi heyət arasında yüksək nüfuz qazanıb. Buna görə Qara Fərzəliyevin fotoşəkli alayın şərəf lövhəsində vurularaq hərbi hissəyə yeni gələn gənc əsgərlərə onun kimi xidmət etmək tövsiyə edilib”. Qara Fərzəliyev alman faşizminə qarşı döyüşlərdə göstərdiyi şücaət və igidliklərə, vətənpərvərliyinə görə, o dövrün ən yüksək ordenlərindən sayılan “Qırmızı Bayraq”, iki dəfə isə birinci dərəcəli “Vətən müharibəsi” ordeni və 15 medalla təltif edilib, dəfələrlə Ali Baş Komandanın təşəkkürünü alıb. Döyüşlərdə dəfələrlə yaralanmasına, hətta bir böyrəyini itirməsinə baxmayaraq, bacarıqlı, savadlı, təcrübəli hərbçi olan Qara Fərzəliyev müharibə başa çatdıqdan sonra orduda saxlanılıb, xidmətini fəaliyyəti məxfi sayılan hərbi hissələrdə davam etdirib. Nəhayət, 1957-ci ilin sentyabrında öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılaraq, doğulub böyüdüyü Naxçıvan şəhərinə qayıdıb. Q.Fərzəliyev Azərbaycana qayıtdıqdan sonra müxtəlif hərbi və mülki vəzifələrdə də vicdanla çalışıb, 1961-ci ilədək Naxçıvan Şəhər Mülki Müdafiə İdarəsinin rəisi, həmin ildən 1995-ci ilin mart ayına kimi isə Naxçıvan Mülki Müdafiə Qərargahının məxfi işlər üzrə rəisi vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra da o, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatından kənarda qalmır, xüsusilə gənc nəslin Vətənə, xalqa, dövltə sədaqətli insankar kimi yetişməsində bütün bilik və bacarığını sərf edirdi. Bu xidmətləri, həqiqi vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Qara Fərzəliyev 1995-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxşıvan Muxtar Respublikası üzrə Təşkilatının sədri vəzifəsinə seçilmşdir. Q.Fərzəliyev sədr olduğu dövrdə Naxşıvan Muxtar Respublikası Veteranlar Təşkilatının fəaliyyəti xeyli güclənmiş və həyata keçirilən tədbirlərin əahtə dairəsi genişlənmişdir. Q.Fərzəliyev istər hərbi, istərsə mülki sahədə ona tapşırılan vəzifələrin öhdəsindən daim layiqincə gəlmiş, çalışdğı kollektivlərin dərin hörmətini qazanmışdı. O, keçmiş SSRİ-nin, müstəqil Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatları ilə təltif edilmişdi. Qocaman veteranın ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın erməni işğalından tezliklə azad olunması idi. Ordumuzun gücünə, Azərbaycan gənclərinin vətənpərvərliyinə əmin olan veteran döyüşçü düşmən üzərində qələbə çalınacağına inanırdı. Qara Fərzəliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu