Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri keçirilib

19 yanvar 2026-cı il tarixində Qobu qəsəbə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri təşkil olunub. 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımızın, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbirin əsas hissəsində 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi, siyasi və mənəvi mahiyyətindən bəhs edən məruzə ilə çıxış olunub. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirib.

Sonra faciənin ağrısını və şəhidlərin qəhrəmanlığını əks etdirən xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeiri səsləndirilib.

Çıxışlar zamanı əslən Qobu qəsəbəsindən olan 20 Yanvar şəhidi Xəlqan Yusif oğlu Əliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edilib. Qobu qəsəbəsinin Ağsaqqallar Şurasının üzvü, yazıçı-jurnalist Məmmədağa Ağarzaoğlunun “Candan Əziz” kitabında şəhid Xəlqan Əliyev və onun həyatı haqqında ətraflı məlumatın əks olunduğu vurğulanıb.

Tədbir zamanı Qanlı Yanvar hadisələrinin canlı şahidi və kitabın müəllifi olaraq Məmmədağa müəllimə söz verilib. O, çıxışında 20 Yanvar gecəsinin dəhşətli anlarını, xalqın göstərdiyi birlik və cəsarəti, şəhidlərimizin fədakarlığını, Tərlan və Xəlqan qardaşlarının qəhrəmanlıq tarixini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin davamında Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Ramiz Məmmədov çıxış edərək, şahidi olduğu tarixi faktlar, həmin dövrün ictimai-siyasi vəziyyəti və xalqın yaşadığı ağrılı günlər haqqında xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçıları üçün “Şəhidlərimizi Qürurla Anırıq” adlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə 20 Yanvar şəhidlərinin xatirəsini əks etdirən nəşrlər, fotolar və materiallar nümayiş olunub.

2026-01-19 19:48:00
2238 baxış

Digər xəbərlər

Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir. Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”

Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm” “Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib: “XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”. Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi: “Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi. Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Tovuzda Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə "Yeni Azərbaycan Partiyası – müstəqil Azərbaycanın inkişafının və gələcəyinin siyasi təminatçısıdır" mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə ilk olaraq çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində xalqın etimadını doğruldaraq ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, Azərbaycanın inkişafına, sabitliyinə və milli həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfələr verib. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bu siyasətin parlaq nəticəsidir. Məmməd Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının ideoloji məktəbi dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət prinsiplərini formalaşdıran mühüm siyasi məktəbdir və YAP Tovuz rayon təşkilatının bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin yerlərdə uğurla icrasına layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Daha sonra məruzə ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ağır sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkədə sabitliyin, inkişafın, milli birliyin əsas siyasi təminatçısı olub. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Natiq partiyanın VII Qurultayının təşkilati baxımdan yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayaraq, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə, eləcə də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və vətəndaşların rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Nihad Pənahov həmçinin bildirib ki, YAP Tovuz rayon təşkilatı ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək partiya quruculuğu, gənclərlə iş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də dövlətçilik ideyalarının təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü və rayon təşkilatının təsisçilərindən biri Məzahir Bayramov çıxışında YAP Tovuz rayon təşkilatının yaradılması tarixindən bəhs edərək bildirib ki, rayon təşkilatının təsis olunması Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq insanların ətrafında birləşməsinin məntiqi nəticəsi olub. O vurğulayıb ki, ötən 33 il ərzində rayon təşkilatı dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsinə, partiya sıralarının genişlənməsinə, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib. Tədbirdə həmçinin partiya veteranı Qasım Hüseynov, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru, ərazi partiya təşkilatının sədri Nigar Səfxanova, Tovuz şəhəri A.S. Puşkin adına tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Əsgərov, eləcə də gənc partiya üzvü, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Vətəndaş müraciətləri və iş şöbəsinin baş mütəxəssisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Məhəmməd Abbasəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərdən, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, dövlət suverenliyinin tam bərpasından, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Çıxışlarda, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, qadınların ictimai-siyasi həyatda fəal iştirakının, təhsilin inkişafının və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu qeyd edilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən fəaliyyəti ilə ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir. Tədbirin sonunda yubiley yaşları münasibətilə partiya veteranları Cəfərov Nadir Heydər oğluna (90 illik), Vəliyev Nizami Aslan oğluna (70 illik), antiterror əməliyyatları şəhidi Niftalı Orucovun anası Eynalova Təlxanım Abbas qızına (65 illik) və partiya fəalı Şirinova Günəş İzzət qızına (50 illik) Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri, rayon təşkilatında könüllülük fəaliyyəti göstərmiş gənclərə isə sertifikatlar təqdim olunub. Həmçinin YAP Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.    

Hamısını oxu
“Hərbi təlimlərin miqyas və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır”   Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər  hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir:   “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”.   Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib:   “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.   2020-ci ilin 10 noyabr bəyanatından sonra  Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu