Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Qəbələdə veteranlarla görüşüb, rayon təşkilatına yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1 iyul 2026-cı il tarixində Qəbələ rayonuna səfər edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ Rayon Şöbəsində veteranlarla görüşüb.

Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, rayon ağsaqqalları, müharibə və əmək veteranları iştirak edib.

Görüşdə Azərbaycan dövlətinin veteran və şəhid ailələrinə olan qayğısından bəhs edən polkovnik Cəlil Xəlilov, Qəbələdə yerli icra orqanlarının da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib, buna görə rayon rəhbərliyinə təşəkkür edib.

Tədbir əsnasında əmək veteranı Məzahir Şabanov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qəbələ Rayon Şöbəsinin sədri seçilib. Yeni sədrə fəaliyyətində uğurlar arzulayan polkovnik Cəlil Xəlilov, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib, respublikamızın inkişafı və tərəqqisi naminə veteranların bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.

Seymur ƏLİYEV

 

 

 

2026-07-01 19:39:00
1170 baxış

Digər xəbərlər

İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik. Prezident İlham Əliyev: Buyurun. Jurnalist: Bu Sizin Naxçıvana 17-ci səfərinizdir və bu səfər çərçivəsində də olduqca mühüm tədbirlərə şahidlik etdik. Ümumilikdə səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini necə qiymətləndirmək olar? Prezident İlham Əliyev: Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək. Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir. Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik. Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün dediyim kimi, həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış oldum. Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bizdə bərpaolunan enerji növlərinin yaradılması ilə bir qayda olaraq, özəl sektor məşğuldur. Mənə bu gün təqdim edilən məlumat onu göstərir ki, bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir. Yəni burada həm Azərbaycanda investisiya iqliminin müsbət olması, eyni zamanda, bərpaolunan enerji növlərinin inkişafına dövlət dəstəyi və bütövlükdə bizim artan potensialımız, o cümlədən ixrac imkanlarımız mühüm rol oynayır. Çünki qeyd etdiyim kimi, bu gün Naxçıvan elektrik enerjisi ilə təminat baxımından tam sığortalıdır. Dediyim 200 meqavat generasiya gücü Naxçıvanın bugünkü tələbatından artıqdır. Amma biz gələcəyə baxmalıyıq. Naxçıvanın sürətli inkişafı davam etdiriləcək, o cümlədən Dövlət Proqramının icrası nəticəsində. Bu Proqram da mənim Sərəncamımla qəbul edilmişdir. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Digər vacib sahə, – yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, – Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik. Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək. Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin. Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.   Jurnalist: Cənab Prezident, budəfəki səfər həm də yeni reallıqlar şəraitində baş tutur. Bu reallıqlardan ən ümdəsi yəqin ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Hansı ki, müharibədən dərhal sonra Siz onun mütləq açılacağını bəyan etmişdiniz, kimin onu istəyib-istəməməsindən asılı olmayaraq. İndi Naxçıvanın dəmir yolunun və Zəngəzur dəhlizinin bərpası və açılması ilə bağlı işlər hansı mərhələdədir?   Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var. Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi. Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır. Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər. Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər. Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur. Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq. Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür. Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək. Jurnalist: Cənab Prezident, bu məsələyə artıq qismən toxundunuz. Naxçıvanın enerji təminatı və enerji təhlükəsizliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ötən il İğdır-Naxçıvan qaz boru xəttinin istismara verilməsi, həmçinin Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində addımları xüsusilə qeyd edə bilərik. Ümumilikdə cari vəziyyəti və perspektivləri necə qiymətləndirmək olar? Biz Naxçıvanda da xarici investisiyaları görə bilərikmi? Bu istiqamətdə. Prezident İlham Əliyev: Bəli, mütləq, mütləq, bu olacaq. Artıq bizə bir çox yerlərdən belə təkliflər daxil olur. Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir. Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər. Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır. Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər. Ona görə Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir. Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər. Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər. Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər. Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır. Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik. Yenə də deyirəm, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik. Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq. Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək. Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir. Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir. Sadəcə olaraq, burada koordinasiya işləri düzgün səviyyədə, lazımi səviyyədə aparılmalıdır və danışıqlar sürətləndirilməlidir. Deyə bilərəm ki, bu gün həm Türkiyə ilə, həm İranla bu barədə danışıqlar aparılır. Hələ ki, bir şey demək tezdir. O ki qaldı, Ermənistana, yenə də demək istəyirəm, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar. Jurnalist: Cənab Prezident, ayrı-ayrı istiqamətlər üzrə görülən və görüləcək işlərə toxundunuz. Ümumilikdə bilmək istərdik, Naxçıvanın inkişafı ilə bağlı, - yəqin ki, bu sualın cavabını Naxçıvanda da böyük maraqla gözləyirlər, - yanaşma, strateji baxış və planlar nədən ibarətdir? Prezident İlham Əliyev: Qeyd etdiyim kimi, vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq. İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik. Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu. Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulmuşdur. Yolları siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq. Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra suvarma ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı. Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyətutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin. Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün. Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq. Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik. Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır. Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək. Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir. Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir. Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar. Jurnalist: Vaxt ayırdığınız üçün çox minnətdaram. Prezident İlham Əliyev: Sağ olun. 

Hamısını oxu
Səbaildə Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

Səbayil  rayonu 160 №-li Klassik Gimnaziyda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi qeyd olunub.                                       Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev 12 may 2025-cü il tarixində Səbayıl rayonu 160 №-li Klassik Gimnaziyda  tədbir  təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyinə həsr edilmiş”Sən elə bir zirvəsən” və  İkinci Dünya  Müharibəsinin 80 illiyinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı   tədbirdə Səbayil rayonu VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, məktəbin direktoru Gülnarə Mustafayeva, müəllimlər, şagirdlər və digər qonaqlar  iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olanların və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri  məktəbin direktoru Gülnarə Mustafayeva  açıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin müharibə dövrünü əks etdirən filmlərdən hazırladıqları səhnələr təqdim edilib.   Daha sonra çıxış üçün söz Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərdə Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxarmışdır. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağrışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. İkinci Dünya müharibəsi illərində Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Onların əziz xatirələri daim xalqımızn qəlbində yaşayacaq. Daha sonra Kəmalə Həşimova, Adilə Yaqubova və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.      

Hamısını oxu
Vüsal Quliyev: “QHT-lər Ermənistanın terror aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək”

“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.   V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək. Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.      

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq.   Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.  İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər. Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər. Artıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq. Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan? Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi. Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq! Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir. Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Baş leytenant Mail Əsgərov: “Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar. Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm. Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik. Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”. Prezident İlham Əliyev: “Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”. 14:06 Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb.                                            

Hamısını oxu