Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdaş veteranları polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandanla bağlı təklifini alqışlarla qarşılayıb

“Prezident İlham Əliyev sülh uğrundakı xidmətlərinə görə ən ali mükafatla təltif olunmalıdır”

“Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”

Veteran.gov.az xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ağdaş rayonunda veteranlarla görüşüb. Görüş zamanı veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin şəhid ailələri və veteranlarla olan qayğısında danışıb. Pokovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın, eləcə də Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevanın həssas kateqoriyadan olan şəxslərə münasibəti hər kəs üçün nümunə olmalıdır.

Polkovnik Cəlil Xəlilov daha sonra Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji əhəmiyyətindən danışıb. Dövlət başçısının bu gün də sülh uğrunda mübarizəsini davam etdirdiyini bildirən Təşkilat sədri qeyd edib ki, Azərbaycanın bütün uğrularının arxasıdna məhz İlham Əliyev faktoru dayanır:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilərək işğaldakı torpaqlarımızın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 8 Noyabr zəfəri erməni faşizminə ölümcül zərbə vurmaqla regional sülh və təhlükəsizlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan regionda  uzun illərdir ki, möcud olan status-kvonu dəyişdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində yalnız Ermənistanı deyil, btün ermənipərəst qüvvələri məğlub etməklə misilsiz bir zəfərə imza atdı. Bu qələbənin baş memarlı isə Prezident İlham Əliyev oldu.

Azərbaycan 8 Noyabr zəfərindən sonra da diplomatik müstəvidə sülh uğrunda mübarizəsini davam etdirdi. Nəhayət, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına nail olundu. İlham Əliyev mharibənin qalibi olmaqla yanaşı, sülhün də müəllifi oldu”.

Polkovnik Cəlil Xəlilov çıxışında dövlət başçısı ilə bağlı maraqlı təkliflərlə çıxış edib:

“Biz veteranlar hesab edirik ki, regional sülhə verdiyi bir-birindən önəmli töhfələrə görə Prezident İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməli, Azərbaycanın dövlət başçısı bu mkafatla təltif edilməlidir. Çünki yaşanan bütün proseslər, hadisə və faktlar sübut edir ki, Azərbaycan Prezidenti bu mkafata həqiqətən də layiqdir.

Bundan başqa, sülh uğrundakı xidmətlərinə görə Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli digər ali mükafatlarla da təltif olunmalıdır. Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”.

Polkovnik Cəlil Xəlilovun səsləndirdiyi təkliflər veteranlar tərəfindən alqışlarla qarşılanıb, yekdilliklə təqdir olunub.

Seymur ƏLİYEV

2026-07-04 22:12:00
982 baxış

Digər xəbərlər

“44 günlük Vətən Müharibəsindən sonra” mövzusunda Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunub

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “44 günlük Vətən Müharibəsindən sonra”  mövzusunda Miqrasiya Proseslərinin Tətbiqi İctimai Birliyinin sədri, Docent Doktor Fəridə Hicran Vəliyevanın layihəsi əsasında Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Benilüks Azərbaycanlıları Konqresi (BAK ) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Bakıdan gələn qonaq, Sahibkar Qadınlar İctimai Birliyinin Prezidenti Zemfira Ağayeva da iştirak etmişdir. Giriş sözü ilə qonaqları salamlayan və BAK-a təşrif buyurduqları üçün, onlara öz təşəkkürünü bildirən  BAK sədri Elsevər Məmmədov sözü Fəridə Hicrana verdi. Fəridə Hicran  44 günlük müharibə zamanı şanlı Ordumuzun və xalqımızın göstərdiyi igidlik və fədakarlıqdan danışaraq doğma Qarabağımızın 30 illik düşmən caynağı altından axırı ki, azad olmasını və rahat nəfəs almasını vurğuladı. Bu illər ərzində çəkdiyi Vətən həsrətinin acılı xatirələri Fəridə xanımın, bir qarabağlı kimi, qəlbinə qubar olub dərdə çevrilməsi onu nakam bir şairəyə çevirmişdir.  Erməni vəhşıyı ucbatından yerlə-yeksan olan Qarabağımızın şəhər və kəndlərini bu halda aşkarlamaq Fəridə Xanımın dərdli fəryadına, ahu-zarına çevrildi.  Tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə danışan Fəridə Hicran, Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasəti və hərbi  uğurları  barədə geniş məlumat verdi. Şanlı Qələbəmiz bir çıraq olaraq bütün həsrətli qəlblərin məlhəmi olmuş,  xalqımıza Vətən torpağına bir daha qayıdış sevincini yaşatmışdır. Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minmətdarlığını bildirən Fəridə Xanım, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin bu işdə, “arxa cəbhə” kimi gostərdiyi iş və fədakarlığına görə öz təşəkkürlərini bildirdi. Bu əsas işdə bizlərə daha mətinli və cəsur olmağa səslədi. Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyada səs salmasını vurğulayan Fəridə Hicran, həmçinin, Vətənimizin təbliğatına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və gələcək işlərində, burada fəaliyyət göstərən bütün icmalara uğurlar arzuladı. Şəhidlərin ruhunun xatirəsini bir dəqiqəlik sükutla yad edən Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva muharibədən əvvəl, müharibə zamanı və sonrası görülən işlərdən danışaraq həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışaraq Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və lazımi təşkilatlara layıqıncə çatdırıldığını vurğuladı. BAK sədrinin müavini Sima Cəfərli də  BAK-da gedən iş və tədbirlərdən söhbət açaraq gələcək plan və işlərə nəzər saldı. O, həmçini BAK üzvlərinin 44 günlük müharibə zamanı və sonrası keçirilən tədbirlərindən danışdı. Şuşanın alınması ilə bağll BAK qərargahında Niderlandda fəaliyyət göstərən bütün icmaların iştirakı ilə keçirilən Bayram abu havalı yığıncağını xatırlayaraq hər kəsin keçirdikləri sevinc və qürur hisslərini bölüşdu. Daha sonra Lady Club təsisçisi Kəmalə Cəlilova öz   ürək sözlərini söyləyərək, Vətən yolunda görüləcək işlərdə hər kəsə uğurlar arzuladı. Həmçinin,  iştirakçılar arasında fikir mübadiləsi aparıldı və müharibədən öncə və sonrakı dövrdə Niderlandda Azərbaycan İcmalarının keçirdikləri tədbir və aksiyalar barədə müzakirələr oldu. Öz xatirə və hisslərini bölüşən tədbir iştirakçıları bir birlərinə gözəl əhval ruhiyyə və xoş ovqat bəxş etdilər. Vətənimizdən gələn hər bir qonaq özü ilə qürbətdə yaşayan həmvətəninə sevinc payı bəxş etdi. İştirakçılar, Fəridə Hicrana və Zemfira Ağayevaya maraqlı tədbirə görə öz təşəkkürlərini bildirdilər, onlara işlərində bol uğurlar arzuladılar. Gələcəkdə belə görüşlərin təşkil olunması və yeni layıhələr keçirilməsi istəyini bildirdilər.  

Hamısını oxu
“Azərbaycan 8 Noyabr zəfəri ilə bütün regionda sabitlik və tərəqqini təmin edib”

Cəlil Xəllov: “Bu qələbə bütün dünyanın dövlətimizə münasibətini əsaslı şəkildə dəyişib” “Veteran adı şərəfli olduğu qədər də məsuliyyətlidir və hər kəs bu məsuliyyəti dərk etməlidir” Bu il 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbənin 5-ci ildönümüdür. Moderator.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu əlamətdar tarixi hadisə ilə bağlı bəzi məsələləri şərh etməyə çalışdıq: -44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə və 2023-cü ilin sentyabrın 20-də həyata keçirilən bir günlük antiterror tədbiri ilə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etdi. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi fəaliyyəti olan bir təşkilatın sədri kimi bu qələbələrin Azərbaycanın tarixi taleyində oynadığı rolu necə qiymətləndirirsiniz? -44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Vətən müharibəsində əldə edilən qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi. Azərbaycan həm də özünü bir dövlət və xalq olaraq növbəti dəfə tarix qarşısında təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir. 44 günlük Vətən müharibəsindəki qələbə ilə Azərbaycan dövləti öz suverenliyini də bərpa etmiş oldu. 30 ilə yaxın müddətində erməni işğalı altında qalan ərazilərimiz üzərində dövlətimizin faktiki nəzarəti bərpa edildi. Qələbə Azərbaycana siyasi baxımdan da böyük dividentlər qazandırdı. Hərb meydanında əldə edilən qələbə Azərbaycanın diplomatik sferadakı mövqeyini möhkəmləndirdi. Azərbaycan danışıqlar masasına qalib tərəf kimi əyləşdi. 2020-ci ilin 10 Noyabr üçtərəfli Bəyanatının timsalında  Ermənistan kapitulyasiyaya bərabər sənəd imzaladı ki, bu da diplomatiyamız adına tarixi uğurdur. Qələbə Azərbaycanın nüfuzunun beynəlxalq müstəvidə ciddi şəkildə artmasına, qlobal güclərin ona olan münasibətinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb oldu. Vətən müharibəsindəki qələbə mənəvi baxımdan da Azərbaycana böyük üstünlüklər qazandırdı. Bu qələbə milli qürur, özünəinam hissinin artmasına, xalqımızın özünün-özünə olan inamının güclənməsinə səbəb oldu. Qalib xalq, qalib dövlət imici post-müharibə dönəmindəki proseslərə daha qətiyyətlə yanaşmağımızı təmin etdi. Bir sözlə, bu qələbə xalqımızın və dövətimizin həyatında müsbət mənada yeni bir dönəmin başlanğıcı oldu. -Bəzən yanlış olaraq rəhbərlik etdiyiniz Təşkilatının fəaliyyəti yalnız İkinci Dünya müharibəsi ilə məhdudlaşdırılır. Halbuki bu gün Təşkilatın sıralarında Əfqanıstan, hər iki Qarabağ müharibəsinin veteranları və digər kateqoriyadan olan veteranlar təmsil olunurlar. Müxtəlif kateqoriyadan olan veteranlarla işin qurulması, onların qarşılaşdıqları problemlərin həlli barədə nə deyərdiniz? -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından da göründüyü kimi, həm müharibə, həm də əmək və Silahlı Qüvvələr veteranlarını əhatə edir. Bu baxımdan bizim Təşkilatın fəaliyyətini yalnız İkinci Dünya müharibəsi veteranları ilə əlaqələndirmək yanlışdır. Çünki bizim Təşkilatda həm Qarabağ, həm də sovet dönəmində məhəlli müharibələrdə iştirak edən şəxslər təmsil olunur. Silahlı Qüvvələr və əmək veteranları da çoxsaylı veteranlarımızın ayrılmaz tərkib hisəsi kimi Təşkilatımızın fəaliyyətində yaxından iştirak edir. Veteranlarla iş, bu işin günün tələbləri səviyyəsində qurulması hər zaman vacib və aktual məsələlərdən biri olub. Bu gün biz veteranlarla işimizi daha çevik və praqmatik baxımdan faydalı şəkildə qurmağa çalışırıq. Hər şeydən öncə onların arzu və istəkləri ilə maraqlanır, üzləşdikləri problemləri müəyyən edirik. Bundan sonra həmin problemlərin həlli istiqamətində konkret addımlar atır, bu problemlərin həllinə cəhd edirik. Bunun üçün ilk növbədə əlaqədar dövlət qurumları qarşısında məsələ qadlırır, həmin veteranla bu qurumları birbaşa əlaqələndirməyə çalışırıq. Apardığımız müşahidələr göstərir ki, bir sıra problemlərin kökündə veteranların üzləşdikləri çətinliklə bağlı lazımi dövlət qurumuna müraciət etməməsi dayanır. Buna görə də biz dövlət qurumları ilə veteranlar arasında bir növ körpü rolunu oynamağa çalışır, onları əlaqələndirir və lazım gələrsə, həmin qurumlar qarşısında təkliflərlə çıxış edirik. Məqsədimiz veteranları narahat edən məsələlərin qısa zamanda həlli, onların dövlətimizin imkanlarından, sosial qayğı siyasətindən maksimum faydalanmasını təmin etməkdir. Veteranların dövlət maraqlarımız, milli marqlarımız ətrafında səfərbər edilməsi, onlarla bu yöndə ardıcıl işin aparılması da Təşkilatımızın fəaliyyətində mühüm yer tutur. Çünki heç kimə sirr deyil ki, Vətən müharibəsindən sonra anti-Azərbaycan qüvvələrinin fəaliyyəti aktivləşib. Onlar cəmiyyətimiz daxilində aktiv iş aparmağa, müxtəlif gərginliklər yaratmağa çalışırlar. Bizim isə bir Təşkilat olaraq qarşımızda duran əsas vəzifələrdən biri bu cür süni gərginliklərin baş verməməsi üçün veteranlar və gənclər arasında aktiv iş aparmaq, onların dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşməsini təmin etməkdir. -Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bununla yanaşı, ölkəmizin dünya birliyindəki mövqeyi daha da möhkəmlənib. Bu barədə fikirləriniz eşitmək maraqlı olardı. -Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır. Bu qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Bugünə qədər Azərbaycanın torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər, 8 Noyabr Zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün bugünə qədər istifadə etdikləri imkan və vasitəni birdəfəlik itirdilər.   8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtiylə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər, 8 Noyabr zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı. -5 illiyini qeyd edəcəyimiz Zəfərin Təşkilatınızın dünya ölkələrinin veteran təşkilatları ilə əlaqələrə hansı təsirləri olub? -Biz Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı olaraq hər zaman dünya veteran təşkilatları ilə sıx əlaqələr qurmağa çalışmışıq. Çünki bu əlaqələr bizə sadəcə veteranlarla bağlı məsələlər ətrafında geniş fikir və təcrübəsi mübadiləsi aparmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərini daha geniş miqyasda təbliğ etmək imkanı qazandırır. Biz işğal dönəmində digər veteran təşkilatlarının nümayəndələri ilə görüşlərimizdə Ermənistanın işğalçılıq siaysətindən bəhs edir, Azərbaycan həqiqətlərinin təbliğinə xüsusi diqqət göstərirdik. Bu gün isə biz qalib xalq, qalib dövlət olaraq günümüzün həqiqətlərini qürur hissi ilə, qələbə sevinci ilə təbliğ edirik. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq keçirdiyimiz görüş və tədbirlərdə 8 Noyabr zəfəri, eləcə də bu zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin apardığı abadlıq işləri haqqında geniş məlumat verir, beynəlxalq birliyi bununla bağlı məlumatlandırmağa çalışırıq. Nümunə olaraq qeyd edim ki, biz 2025-ci ilin aprel ayında İkinci Dünya müahribəsində faşizm üzərindəki qələbənin 80 illiyi münasibətilə Dağıstanda keçirilən beyməlxalq Forumda da 8 Noyabr zəfərinə, Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkdik. Çıxış və müsahibələrimizdə vurğuladıq ki, 8 Noyabr Zəfəri xalqımızın tarixi qəhrəmanlıq ənənəsinin davamıdır və bu qələbə bütün anti-Azərbaycan qüvvələrinə verilən tarixi mesaj, tarixi cavabdır. -Son vaxtlar sizin keçirdiyiniz çoxsaylı tədbirlərdə də Zəfərimizin milli ruhun dirçəlməsindəki əvəzsiz rolu vurğulanır, gənclərin onlara bəslənən etibarı, inamı doğrultmalarının qüruru yaşanılır. Bütün bunlar sıralarınızın genişlənməsinə necə təsir göstərir? -Təbii ki, bütün bunlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarının genişlənməsinə də öz müsbət təsirini göstərir. Belə ki, təxminən son bir ildə üç mindən çox Vətən müahribəsi iştirakçısı Təşkilatımızın sıralarına qatılıb ki, bu da bizi sevindirir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində gənclərimizin ortaya qoyduğu şücaət, milli vətənpərvərlik ruhu həlledici rol oynadı. Bu həqiqət Müzəffər Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında öz əksini tapıb. Cənab Prezident müsahibə və çıxışlarında dəfələrlə qeyd edib ki, qələbə Azərbaycan gəncliyinin gücü, qətiyyəti, vətənpərvərliyi, mili-mənəvi dəyərlərə bağlılığı sayəsində qazanılıb. Bu, Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına, vətən qarşısındakı xidmətlərinə verilən ən ali qiymətdir. -Veteran adı şərəfli olmaqla, həm də böyük məsuliyyətdir. Gələcək fəaliyyətinizin konturlarını bu reallıq çərçivəsində necə cızardınız? -Veteranlıq xüsusi və şərəfli status olmaqla yanaşı, həm də məsuliyyətdir. Odur ki, bu məsuliyyəti hər kəsin, hər bir veteranın dərk etməsi, bu məsuliyyətdən irəli gələn məsələlərə xüsusi həssaslıqla yanaşması vacibdir. Veteranlar cəmiyyətimiz və gənclərimiz üçün örnəkdir. Bu baxımdan onların atdığı hər bir addım, işlətdikləri hər bir ifadə diqqət mərkəzində olur. Gənclər, yeniyetmələr veteranlara baxaraq onların davranışlarını özlərinə nümunə götürürür. Bunun üçün veteranların bu məsuliyyəti dərk etməsi, hər zaman hər bir situasiyada örnək şəxslər kimi davranması vacibdir. Biz veteranlarla görüşlərimizdə tez-tez bu həqiqəti yada salır, onları bundan sonra da nümunəvi davranışlar sərgiləməyə çağırırıq. Təəssüflər olsun ki, nadir hallarda da olsa, veteranlar arasında hansısa məsələ ilə bağlı aqressiv davranış sərgiləyənlər olur. Onlar öz arzu və istəklərini qeyri-hüquqi müstəvidə gerçəkləşdirməyə çalışırlar. Halbuki, Azərbaycan hüquqi dövlətdir və burada hər bir məsələ ancaq və ancaq hüquqn müstəvisində həll edilə bilər. Buna görə də hər hansı problemlə üzləşən veteranlarımızla müvafiq dövlət qurumları arasında əlaqə yaratmağa çalışır, hər bir narazılığın hüquqi müstəvidə həllinə cəhd edirik. Bu, bizim Təşkilatımızın gündəlik fəaliyyətinin bir hissəsidir. Veteranlara xidmət bizim borcumuzdur və biz hər zaman bu borca sadiqlik sərgiləməliyik. Çünki sabahkı gənclərin vəətnpərvərlik tərbiyəsinə təsir göstərən əsas amillərdən biri də bizim veteranlara münasibətimiz, onlara göstərdiyimiz qayğı və həssaslıqdır. Bu münasibət hər bir yeniyetmə, hər bir gəncə mesajdır. Onlar şahid olduqları münasibət sayəsində anlayırlar ki, vətənə xidmət müqəddəsdir və vətən qarşısında xidməti olan insana hər kəsin sonsuza qədər ehtiram göstərməsi vacibdir.  Bu gün dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara yüksək diqqət və qayğı göstərir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə mühüm dövlət layihələri, geniş proqramlar həyata keçirir. Biz bir Təşkilat olaraq həm də dövlətimizin şəhid ailələri, veteranlarla bağlı həyata keçirdiyi bu nəcib dövlət proqramları haqqında cəmiyyəti məlumatlandırır, hansısa təsadüf nəticəsində bu proqramlardan yararlana bilməyən veteranlarımızın bundan faydalanmasını köməklik göstəririk. -Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq hansı səviyyədədir? -Bizim Azərbaycan Silahlı Qüvvələri, ayrı-ayrı qoşun növləti ilə geniş əməkdaşlığımız mövcuddur. Keçirdiyimiz əksər tədbirlərdə həm Müdafiə Nazirliyinin, həm də Dövlət Sərhəd Xidməti və DİN-nin Daxili Qoşunlarının zabit və kurstantları iştirak edir. Biz onlarla birlikdə gənclərlə görüşlər keçirir, qəhrəmanlarımızın tanıdılması, hərb tariximizin daha dolğun öyrənilməsi istiqamətində birgə fəaliyyət ortaya qoyuruq. Hərbi hissələrdə görüş və tədbirlərin keçirilməsi, veteranların hərbi hissələrdəki şəxsi heyət qarşısındakı çıxışlarının təmin edilməsi, hərb tariximizlə bağlı əlamətdar günlərdə Təşkilatımızda birgə tədbirlərin keçirilməsi və s. də bizim Azərbaycan Silahlı Qüvvələri ilə birgə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. İnanıram ki, yaxın gələcəkdə Təşkilatımızla Silahlı Qüvvələrimiz arasındakı əlaqələr daha da genişlənəcək, bu əməkdaşlıq daha çox gəncin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək. Seymur ƏLİYEV

Hamısını oxu
Bu gün ilk sərhədçi general Mustafa Cəfər oğlu Nəsirovun doğum günüdür

Bu gün Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun doğum günüdür. Yaşasaydı 103 yaşı olacaqdı Mustafa müəllimin. Amma Mustafa Nəsirov kimi insanlar ölməzdir desək yanılmarıq. O, yaşayır! Cismən olmasa da ruhən onu tanıyanlrın qəlbindədir. Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Çətin günlərdən keçib yolları. Gəncliyi müharibə illərinə təsadüf edib. 1942-ci ildə hərbi xidmətə çağrılıb. O, hər zaman savadı, çevikliyi, tapşırılan işlərin öhdəsindən layiqincə gəlmək qabiliyyətinə malik olub. 21 yaşında Mustafa Nəsirov Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilib. 1948-ci ilin oktyabr ayından SSRİ DTN-nin Hərbi İnstitutunun müdavimi olub. İnstitutu fərqlənmə diplomu ilə bitirib. O, xidməti boyu hər zaman uğurlara imza atıb. Hər kəsin rəgbətini qazanıb.Bir neçə nəsl Azərbaycan sərhədçilərinin yetişməsində mühüm rol oynayıb. Mustafa Nəsirov hər zaman fəxrlə qeyd edirdi ki, Milli Lider Heydər Əliyev onun karyerasının inkişafında mühüm rol oynayıb. Həyatım boyu əldə etdiyim uğurlara görə Azərbycan xalqının dahi oğlu Heydər Əliyevə borcluyam. Generel Nəsirov belə deyirdi. Məhs 1968-ci ildə Heydər Əliyevin təşəbbüsüilə Bakıda SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olur. Onun hərbi bioqrafiyasının böyük hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Polkovnik Mustafa Nəsirova general-mayor rütbəsi verilməsi münasibətilə onu ilk təbrik edən Heydər Əliyev olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Mustafa müəllim keçmiş SSRİ-də poqonlarında general ulduzu olan ilk azərbaycanlı sərhədçi idi. Mustafa Cəfər oğlu bütün yuxarıda göstərilən vəzifələrdə sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı-zabit kimi tarixə düşüb. Xidməti dövründə general Mustafa Nəsirov bir çox mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov “Şöhrət” ordeni ilə təltif edilib. Ehtiyata buraxıldıqdan sonra bir neçə il Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsində çalışmış Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik nazirinin sərhəd məsələləri üzrə böyük müşaviri olur. Mustafa Cəfər oğlu Nəsirov Azərbaycanda milli kadrların hazırlanmasında mühüm xidmətləri var. Bu gün Azərbaycanın neçə-neçə zabiti generalın yolunu uğurla davam etdirir.Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general-mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib. Ruhun şad olsun cənab general! Yenigundem.az  

Hamısını oxu
İlham Əliyev və birinci xanım işğaldan azad edilmiş rayonlarda

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Prezident İlham Əliyev dedi: - Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir. Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq. Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər. x x x Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyata qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev dedi: -Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik. Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar. Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! x x x Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü. x x x Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir. Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır. Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır. x x x Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər. Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər. Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir. Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər. Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Gedək baxaq bəzi binalara. Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir. Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar. Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb. Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!   xxx Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, səfərdən qısa video yayılsa da, daha geniş məlumat sabah ictimaiyyətə təqdim olunacaq.                

Hamısını oxu