Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.
Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.
Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.
Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.
2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.
Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.
Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.
Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.
Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.
Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

2026-07-06 14:53:00
476 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib..

02.02.2021-ci il tarixində Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirildi. Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma xanım Səttarova iclası açdı, gündəlikdə duran məsələr barəsində məlumat verdi.  Respublika Veteranlar Təşkilatının fəaliyyətinin perspektivləri, Təşkiklatın üzərinə düşən vəzifələrin daha məhsuldar formada təşkil edilməsi məsələləri ətrafinda çıxışlar oldu. Təşkilatın fəaliyyətinin səmərəli təşkili, günün tələblərinə uyğunlaşdırılması üçün təkliflər dinlənildi. Gündəlikdə duran bəzi məslələrin dərhal həll edilməsi istiqamətində müvafiq göstərişlər verildi. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında üzvlər yekdilliklə qaldırılan məsələlərin həll edilməsinin vacibliyini vurğuladılar

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Ərəstun Mahmudov: Səmamızın şahini

Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan  hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.  Onların qəhrəmanlığı gələcək nəsillərə örnək  olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını  qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur. Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.                                                                    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri,                                                                   polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
İlham Əliyev: “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”

“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”. Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.

Hamısını oxu
“Azərbaycan sadəcə regionda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin qorunmasına böyük töhfə verir”

Cəlil Xəlilov: “44 günlük Vətən müharibəsində əldə edilən şanlı qalibiyyət ordumuzun güc və qüdrətinin bariz nümunəsidir”   Bu gün Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulmasının 27-ci ildönümüdür. 1994-cü ilin bugünündə “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan dövlətimiz, dünyanın bir sıra bölgələrində sülhyaratma missiyasında yaxından iştirak edib, bu sahədə böyük uğurlara imza atıb.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın NATO ilə əməkdaşlığının böyük perspektivə malik olduğunu vurğulayıb:   “Azərbaycan dövləti 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulandan sonra dünyanın bir sıra qaynar nöqtələrində sülhün, təhlükəsizliyin təmin edilməsində iştirak edib, ən müxtəlif coğrafiyalarda sülhün təmin edilməsi prosesinə böyük töhfələr verib. Hansı ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti NATO rəhbərliyi tərəfindən də hər zaman təqdirlə qarşılanıb, onların fədakarlığı, nümunməvi xidməti məxsusi olaraq qeyd edilib. Xatırladım ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdi, sülhməramlılarımızın fəaliyyətindən məmnunluqla söz açdı. Bu, Azərbaycan ordusuna, onun peşəkarlığına verilən qiymətdir və təbii ki, Azərbaycan ordusunun bu səviyyəyə çatmasında ən böyük pay sahibi məhz ölkə başçısıdır.   Azərbaycan dövləti bu gün də “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərşçivəsində öz fəaliyyətini davam etdirməkdə, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində aktiv iştiak etməkdədir. Ümumiyyətlə, Azərbaycan-NATO əməkdaşlığının böyük perspektivə malikdir və bu əməkdaşlıq hər iki tərəfin maraqlarına tamamilə uyğundur.   Bildiyiniz kimi, Azərbaycan Ali Baş Komandanın xidməti sayəsində sadəcə regionun deyil, bütün dünyanın ən güclü ordularından birini malikdir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi, bu müharibə zamanı sərgilədiyi qəhrəmanlıq bunu bir daha sübut etdi. Təsadüfi deyil ki, ordumuzun Vətən müharibəsində göstərdiyi hərbi məharət, ən müasir hərbi texnologiyaların real döyüş əməliyyatında müvəffəqiyyətlə tətbiqi, yüksək fiziki hazırlıq və digər amillər NATO-ya üzv olan aparıcı dövlətlər tərəfindən də diqqətlə öyrənilməkdədir. Bu faktın özü Azərbaycan ordusunun gücündən, onun döyüş hazırlığının səviyyəsindən xəbər verir.   Azərbaycan NATO ilə əmədkaşlıqda maraqlıdır və bunun üçün bütün gərəkli addımları atır. Lakin biz çox istərdik ki, NATO, o cümlədən bu quruma üzv olan dövlətlər Azərbaycanın haqq işinə dəstək versinlər. Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq müstəvisində cəzalanması təmin edilsin. Ermənistan müharibədə məğlub olsa da, minalanmış ərzilərin xəritəsini ölkəmizə vermir. Bunun özü təxribat və müharibə cinayətidir. Yaxşı olar ki, NATO dövlətləri bu məsələdə Ermənistana təzyiq göstərsin, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsində yaxıdnan iştirak etsin.   Bu gün Azərbaycan dövləti öz ordusunun gücləndirməkdə, onun döyüş hazırlığı səviyyəsini inkişaf etdirməkdə davam edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də dəfələrl bəyan edib ki, Silahlı Qüvvələrimizin inkişafı, möhkəmləndirilməsi prosesi bundan sonra da davam edəcək, ordumuzun dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilməsi diqqət mərkəzində saxlanılacaq.   Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq işğalçıları ölkədən qovsa da, erməni faşizminin nə qədər xəbis, təhlükəli, məkirli olduğu hər kəsə məlumdur. Bu gün Ermənistan daxilindəki bəzi qüvvələr revanşist çağırışlarla çıxış edir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ordusu hər zaman istənilən təxribatın qarşısını almağa hazır olmalı, bundan sonra da Azərbaycan torpağına göz dikənlərə öz yerini göstərməlidir. Mövcud reallıqlar bizdən daim ayıq-sayıq olmağı, ordumuzun döyüş hazırlığını, güc və qüdrətini qoruyub saxlmağı tələb edir.   Düşmən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun gücünü, onun “Dəmir yumruğ”unun ölümcül zərbəsini hiss etdi. Ermənistan Qarabağdakı rüsvayçı məğlubiyyətindən  dərs almalı, nəticə çıxarmalıdır. Ermənistan anlamalıdır ki, “Dəmir yumruq” yerindədir və onunla növbəti qarşılaşma bu ölkənin mövcudluğunu sual altında qoya bilər”.   Seymur ƏLİYEV

Hamısını oxu