Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib.

Kolleksiya “AzerGold” QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir.

Qızıl və gümüş sikkələrin ön hissəsində “AzerGold”un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə Cəmiyyətin loqosu yerləşdirilib.

Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir.

Sikkənin əsas elementi olan "10" rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır.

Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır.

Sikkələrin üzərində “2016–2026” tarixlərinin əks olunması isə “AzerGold”un 10 illik fəaliyyət yolunu simvolizə edir.

Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb.

Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqət çəkən məhsullar məhdud sayda istehsal olunub.

Sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

2026-07-06 14:55:00
488 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“İkinci Dünya müharibəsi veteranlarının tapdanan haqqını onlara qaytaran məhz Heydər Əliyev olub”

Nəsib Məhəməliyev: “Ulu öndər sübut etdi ki, faşizm üzərində qələbəni bayram etmək xalqımızın haqqıdır və bu haqqı heç kim onun əlindən ala bilməz”   “Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq”   Mayın 10-nu ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Millət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salmağa çalışdıq.      -Nəsib müəllim, qarşıdan ümummilli liderin anadan olmasının 98-ci ildönümü gəlir. Necə hesab edirsiniz, ordumuzun 44 günlük müharibədə əldə etdiyi böyük zəfəri ulun öndərin ad gününə ən böyük hədiyyə hesab etmək mümkündürmü?      -Şübhəsiz. Bugünkü güclü Azərbaycan ordusunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, milli zabit kadrlarının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Vətən müharibəsində özünü döyüş meydanında təsdiq etmiş nizami ordunun komandir heyətinin əksıriyyəti həmin litseyin məzunlarıdır.  Ulu öndərin ordu, Silahlı Qüvvələrlə bağlı çıxışlarını təhlil edəndə görürük ki, Heydər Əliyev bugünkü günləri görürmüş. Ümummilli lider bugünkü günlərə hazırlığın təməlini hələ o vaxt qoyub. Ulu öndər bilirdi ki, güclü orduya nail olmaq üçün hər şeydən öncə güclü iqtisadiyyat lazımdır. Güclü iqtisadiyyat güclü ordu deməkdir. Odur ki, Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın formalaşması üçün ciddi və sistemli fəaliyyət göstərdi. Bu baxımdan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki bu tarixi zəfəri ulu öndərin ruhuna ən qiymətli hədiyyə hesab etmək olar.     -Azərbaycanda güclü, nizami ordu quruculuğu prosesinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladınız. Bu baxımdan söyləmək olarmı ki, 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdə ən çox pay sahibi olan şəxslərdən biri, bəlkə də birincisi elə ulu öndərdir?     -Təbii. Bunu ilk növbədə ona görə demək mümkündür ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi kursu Heydər Əliyev kursunun davamıdır. Cənab prezuident həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev prinsiplərini əsas götürür. Bunlar praktikada özünü təsdiqləmiş, doğrultmuş prinsiplərdir. Buna görə də bu qələbədə Heydər Əliyevin böyük pay sahibi olduğu birmənalıdır.     -Abadlıq, qurucluq Heydər Əliyevin bütün siyasi fəaliyyətində mühüm yer tutan əsas məsələlərdən biri olub. Hansı ki, bu gün prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən də bu siyasət davam etdirilməkdədir. Sizcə Heydər Əliyevdən miras qalan bu və digər ənənələrin bundan sonra da davam etdirilməsi, yaşadılması xalqımızın və dövlətimizin maraqları baxımından nə dərəcədə vacibdir?     -Hər bir şəhərin, kəndin abadlığı həmin ölkənin, həmin xalqın simasıdır. Bu gün Bakı hava limanına enən hər bir şəxs şəhərimizdəki inkişaf və abadlığın şahidi olur. Bu, hər şeydən öncə millətə verilən qiymətdir. İnsanlar gözəl yerlərə, yüksək estetik abadlığın mövcud olduğu, tarixin qorunduğu və yaşandığı məkanları görmək istəyirlər. Belə mühitdə yaşamaq istəyirlər. Bu, normal və təbiidir.   Abadlıq, quruculuq daim cənab prezidentin diqqət mərkəzindədir və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi faktı da bununla əlaqədardır.  Prezidentimiz yüksək zövqə malik insandır. O, sadəcə bugünə deyil, həm də gələcəyə hesablanan layihələrin ölkəmizdə reallaşmasını həyata keçirir ki, bu da dövlətimizin, xalqımızın maraqları baxımından son dərəcə əhəmiyyətlidir. Işğaldan azad edilən bölgələrimizin abadlaşdırılması timsalında biz nə qədər böyük, müasir layihələrin planlaşdırıldığına şahid oluruq. Prezidentimizin bu layihələri gələcəyə hesablanmış layihələrdir.   -Nəsib müəllim, bugünlərdə prezident İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, ulu öndər də hər zaman Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət göstərib, faşizmə qarşı mübarizəni Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi adlandırıb. Sizcə ölkə başçısının məlum sərəncamı dövlətimizin veteranlara olan diqqət və qayğısının növbəti təzahürü hesab edilə bilərmi?     -Ulu öndər veteranları cəmiyyətin ən hörmətli hissəsi adlandırıb. Bu, təsadüfi deyil. Xalq Cəbhəsi-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dönəmdə - 90-cı illərin əvvəlində Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlar, əlilər praktiki olaraq çıxdaş olunmuşdu. Onlara hörmətsiz bir münasibət mövcud idi. Bu insanlara qarşı əsassız ittihamlar səslənirdi. Əsas ittihamlardan da biri o idi ki, bu insanlar özgə torpaqlarını müdafiə edib. Guya Hitler Almaniyası qələbə qazansaydı, bizim üçün daha faydalı oalrdı və s. Yəni çox yanlış bir yanaşma vardı. Bu, AXC-Müsavat hakimiyyətinin ən böyük yanlışlıqlarından biri idi.   II Dünya Müharibəsində Azərbaycandan 700 mindən çox insan cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak edib. Onların təxminən yarısı həlak olub. Bu cür yanaşma həmin insanların ruhuna hörmətsizlikdir.   İkincisi, arxa cəbhədə gecə-gündüz çalışan neftçilərimiz, digər əmək adamlarımız olub. Cəbhəni ərzaqla, digər zəruri məhsullarla təmin edən insanlarımız olub. Belə yanlış yanaşma onların da zəhmətini heç etmək demək idi. Mahiyyət etibari ilə bu cür yanaşma cəmiyyətin mənəvi dayaqlarını sarsıdırdı. Bu, nəvə-nəticələri babalarla üz-üzə qoymaq, dünənlə bu gün arasında dəmir pərdə çəkmək demək idi. Ulu öndər bunun qarşısını aldı və veteranların haqqını doğru olaraq özlərinə qaytardı. Bundan sonra hər il 9 may Qələbə Günü münasibəti ilə veteranlara birdəfəlik yardımların verilməsi, onların sosial qayğılarının qarşılanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldı. Prezident İlham Əliyev də 2003-cü ildən etibrən bu ənənəni davam etdirir. Bunun cəmiyyətdə necə böyük razılıqla qarşılandığı isə göz önündədir.   Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq. Bütün dünyanın faşizmlə mübarizə apardığı şəraitdə özümüzü bu qələbədən, bu qələbədəki payımızdan məhrum edə bilmərik. Bu qələbəni qeyd etmək Azərbaycan xalqının haqqıdır. Bu haqqı heç kim onun əlindən ala bilməz. Ələlxüsus, faşizmin ən qəddar forması olan erməni faşizmi ilə qarşılaşdığımız şəraitdə.     -Bu gün ölkəmizin hər bir yerində ulu öndərin xatirəsinə heykəllər ucaldılıb, küçə və parklara onun adı verilib. Sizcə işğaldan azad edilən torpaqlarda da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdırmı?     -Bu, mütləqdir. Hesab edirəm ki, azad edilən hər rayonda Heydər Əliyevin heykəli ucaldılacaq, onun adına yeni parklar salınacaq. Işğaldan azad edilən ərazilər Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada müasir standartlara cavab verən böyük layihələr, yenidənqurma işləri həyata keçiriləcək. Bu işlər fonunda Heydər Əliyevin xatirəsinin əbədiləşdiriləcəyinə də əminəm.   Qarşıdan Milli Qurtuluş Günü gəlir. Əgər biz bu günün yaranma tarixinə baxsaq, o dövrün hadisəılərini təhlil etsək görərik ki, Azərbaycan dövlətinin dünya siaysi xəritəsində qalmasının səbəbkarı Heydər Əliyevdir. Əgər Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verməsəydi, bu gün Azərbaycan adında dövlət olmazdı. O vaxt Azərbaycanın hər bir kəndində, şəhərində silahlı bandit dəstələri var idi. Separatçılıq baş alıb gedirdi. Ermənistan torpaqlzrımızn xeyri hissəsini zəbt etmişdi. Bakıda metro, sərnişin qatarları, avtobusları partladılırdı. Insanlar küçəyə çıxa bilmirdi. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra atılan addımlar vəziyyətin stabilləşməsinə, normallaşmasına şərait yaratdı. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı. Dövlətçiliyi bərpa etdi və yenidən qurdu.   Müasir Azərbaycan dövlətinin xilaskarı, banisi ulu öndər Heydər Əliyevdir. Təbii ki, Heydər Əliyevin xatirəsi yaşadılmalı, onun həyatı, fəaliyyəti hər zaman öyrənilməlidir. Bu baxımdan işğaldan azad olunan hər bir rayonda onun adının əbədiləşdirilməsi mütləqdir! Bu xalqın öz Xilaskarına, Liderinə verdiyi vəfa borcudur.     Seymur ƏLİYEV

Hamısını oxu
“Suverenliyimizin bərpası 200 illik separatizmin sonu oldu”

Nəsib Məhəməliyev: “Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atıldı” Bu gün 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Veteran.gov.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatın Nəsib Məhəməliyev bununla bağlı bütün tük dünyasını təbrik edib, suverenliyə gedən yolla bağlı maraqlı fikirlər səsləndirib: “20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi, dövlətçilik salnaməmizə əbədi həkk olunmuş bayram münasibətilə dünya azərbaycanlılarını, türk dünyasını təbrik edirəm. 20 Sentyabrın bayram kimi qeyd olunmasını şərtləndirən səbəblər: —44 günlük müharibənin nəticəsi olaraq, 10.11.2020-ci ildə, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyannamə imzalandı. Lakin, müharibədən 3 il keçməsinə rəğmən, Qarabağda yerləşən erməni hərbi birləşmələrinin tam şəkildə çıxarılmasını nəzərdə tutan bənd icra olunmurdu. Ağır silahlarla təchiz olunmuş, 15 minlik erməni ordusu yenidən səngərlər, müdafiə qurğuları inşa edir, Ermənistan isə, bütün imkanları ilə maliyyə, təchizat məsələləri ilə məşğul olurdu. Xaricdəki himayədarlarının dəstəyinə arxalanan separatçılar Azərbaycanı hədələməkdə davam edirdilər. Həmin liderlər yaşayış yerlərini dəyişdikləri üçün, müvəqqəti olaraq fəaliyyətlərini dondurublar. —Kapitulyasiya aktını imzalayan və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən baş nazir Paşinyan, sentyabr ayının 2-də ,,arsaxın,, müstəqillik günü münasibətilə separatçılara təbrik məktubu ünvanlayır. —Sentyabrın 9-da Qarabağda qanunsuz ,,prezident seçkiləri,, keçirilir. Paralel olaraq, Qarabağın qızıl, mis, molibden yataqları vəhşicəsinə istismar olunur və monitorinq keçirmək istəyən mütəxəssislərimiz əraziyə buraxılmır. Bu 3 fakt, əndazəni aşmaq, Azərbaycana meydan oxumaq demək idi. 19 Sentyabr. Ali Baş Komandan anti-terror tədbirlərinin keçirilməsi barədə olduqca risqli əmr verir. Çünki, dünya erməniliyi, lobbi təşkilatları, bəzi qlobal güclər Azərbaycanın qələbəsini həzm edə bilmir, etnik təmizləmədə, mülki əhalinin qətlə yetirilməsində ittiham edirdilər. Bu bəhanələri onlara vermək olmazdı. Cəmi 23 saat 40 dəqiqə ərzində, tarixdə analoqu olmayan, ən güclü ordulara örnək ola biləcək əməliyyat keçirilir. Qəhrəman hərbçilərimiz erməni qoşunlarının belini sındırır. Allah şəhidlərimizə rəhmət eləsin. Erməni mülki əhali, heç bir təzyiq olmadan, bir komanda ilə bölgəni birdəfəlik tərk edir. Bununla da, dövlət SUVERENLİİYİMİZ bərpa olunur. 200 illik separçılığa son qoyulur. Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atılır. Şərəfli tarixi anları yaşatdığına, Azərbaycan insanının qürurunu bərpa etdiyinə görə, qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandana dərin təşəkkürlər. Bayramınız mübarək!”  Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur!

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür   Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur. Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi. Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb. 2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.  22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı. Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir. Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır. Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir. Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur.   Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik              

Hamısını oxu