Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Türkiyə qlobal təhlükəsizliyin əsas təminatçılarından biridir”

Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb. 

Sammitlə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov sammitin əhəmiyyəti, eləcə də Türkiyənin NATO-da artan rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ankarada NATO-nun 36-cı sammitinin keçirilməsi ABŞ və Qərbin gələcək təhlükəsizliyi baxımından mühüm əhəmiyətə malikdir. Sammitdə NATO-nun hərbi-siyasi qurum kimi qorunub saxlanılması, onun imkanlarının genişləndirilməsi, təhlükəsizliklə bağlı təhdidlərə qarşı önləyici addımların atılması kimi mühüm məsələlər müzakirə edilir.

Bizim üçün qürurverici məqamlardan biri sammitdə Türkiyəyə aparıcı NATO dövləti kimi xüsusi diqqətin göstərilməsi, qardaş dövlətin bu alyansdakı əhəmiyyəti haqqında yüksək fikirlərin səsləndirilməsidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin hərbi gücünü təqdir edən önəmli fikirlər səsləndirdi. Baş katib qeyd etdi ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atıb və bu istiqamətdəki səylərini qətiyyətlə davam etdirməkdədir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen də Türkiyənin NATO üçün əhəmiyyətinin inkaredilməz olduğunu bildirdi. Qeyd etdi ki, Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir və alyansın həyatında hər zaman mühüm rol oynayıb.

Şübhəsiz, Türkiyənin NATO-dakı rolunun güclənməsi qardaş ölkə olaraq Azərbaycanı da qürurlandırmaqda, bizdə fərəh hissi oyatmaqdadır. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür. Bu mənada Türkiyənin hərbi gücünün artması bütün türk dünyasının təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir.

Onu da xatırladım ki, Azərbaycanla Türkiyə arasıdna uzun illərdir ki, sıx hərbi əməkaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək, mütəmadi şəkildə genişləndiriləcək”.

Seymur ƏLİYEV

2026-07-07 17:50:00
652 baxış

Digər xəbərlər

ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.  Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.   Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.    İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.   Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

25 yanvar 2022-ci il saat 14:00-da İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib:   “ Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,  müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarovanın anadan olmasının 100 illik yubileyinə toplaşmışıq. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar.  Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı - 100 yaşını bu gün qeyd edən Fatma xanım Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fatma xanımı “İstiqlal” ordeni ilə təltif etməsi buna nümunədir. Bu, həm də veteranlara, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən qiymətdir və biz buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk”. Daha sonra polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın Fatma Səttarovaya ünvanlanan təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Cəlil Xəlilovun çıxışından sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında  çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub. Bundan sonra söz Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya verilib. Elmira Süleymanova çıxışında Fatma Səttarovanın timsalında Azərbaycan insanının faşizmə qarşı mübarizəsinə diqqət çəkib.  Fatma Səttarovanın həyat yolunun hər bir gəncə nümunə olduğunu bildirən Elmira Süleymanova, təşkilat sədrinə uzun və  sağlam həyat arzulayıb. “Siz bütün həyatınızı insanlığa həsr etmisiniz”   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib:   “Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”.   Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Fatma Səttarovaya nazir Kəmaləddin Heydərovun təbrikini çatdırıb, xoş arzularını bildirib. Azərbaycan Respublikasının Müdafə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin şöbə rəisi polkovnik Habil Talıbov çıxışında Fatma Səttarovanı yubiley münasibəti ilə təbrik edib, onun Azərbaycan gəncliyinə bundan sonra da örnək olacağını bildirib. Rossotrudniçestva Agentliyinin Azərbaycandakı rəhbəri Zinnurov İrek Xaydaroviç Fatma Səttarovanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.   Sumqayıt VT-nın sədri Sovet Şükürov çıxışında Fatma Səttarovanı həm Sumqayıt veteranları, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından təbrik edib, Fatma xanımı icra başçısı adından Sumqayıta dəvət edib.   Daha sonra çıxış edən prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev Fatma Səttarovanı prokurorluq əməkdaşları adından təbrik edib. O, qeyd edib ki, Fatma Səttarovanın həyat yolu əsrlər sonra da gənclər və yeniyetmələr üçün böyük məktəb, böyük örnək olaraq qalacaqdır.   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Rövşən Qaracayev Fatma Səttarovaya xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb, Fatma xanımın həyat yolundan məmnunluqla bəhs edib.   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev yubileyarı nazir Sahil Babayevin adından təbrik edib, Fatma xanımı gənclər üçün örnək adlandırıb. “Bir əsrin qəhrəmanı”   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxışında Fatma Səttarovanı bir əsrin qəhrəmanı adlandırıb. O, qeyd edib ki, həm dövlət başçısı, həm də I vitse-prezident Mehriban xanımın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. Səmyar Abdullayev Fatma Səttarovaya dövlətin verdiyi bu yüksək dəyəri ümumilikdə veteranlara verilən dəyər kimi xarakterizə edib.   Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov yubileyara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini çatdırıb. Fatma Səttarova və silahdaşlarının XX əsrdə faşizmə qalib gəldiyini vurğulayan Elmin İmanov qeyd edib ki, XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxazov Fatma Səttarovanı Konfederasiya sədri Səttar Möhbalıyev adından təbrik edib.   Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin şöbə müdiri Əli Məmmədov Fatma Səttarovanı nazir Fərid Qayıbov və nazirliyin kolektivi adından təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva çıxışında Fatma Səttarovanı Bakı şəhər veteranları adından təbrik edib, xoş arzularını çatdırıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı Rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov yubileyarı təbrik edib, Fatma Səttarovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb. Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.   Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti          

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev polkovnik Cəlil Xəlilovu təltif edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun təltif edilməsi barədə əmr imzalayıb. Uzun müddət Azərbaycan Respublikası Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan Cəlil Xəlilov bu sahələrin inkişafında, Azərbaycan ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq bir alim və vətənpərvər ictimai xadim kimi səmərəli fəaliyyəti ilə  xalqımıza dəyərli xidmətlər göstərib. Ölkəmizin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyinin və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox  məqalənin müəllifi olan Cəlil Xəlilov elmi fəaliyyətini də unutmur. Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə Azərbaycanın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan təqdimat mərasimində Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası ilə həyata keçirilən faydalı əməkdaşlıqda və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi əsas prinsiplərin geniş şəkildə  təbliğ edilməsində göstərdiyi xidmətlərə görə və 65 illik yubileyi münasibətilə Cəlil Xəlilovu Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cəlil Xəlilov ona göstərilən böyük etimada görə öz dərin minnətdarlığını bildirərək vurğulayıb ki, fəaliyyətinə verilən bu yüksək qiymət onu gələcəkdə Vətənimiz naminə daha böyük işlərə ruhlandırır. Təqdimat mərasimində  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib. Fatma xanım da, öz növbəsində, Cəlil Xəlilovun timsalında bütün Veteranlar təşkilatına göstərilən bu  diqqətə görə Eldar Quliyevə təşəkkürünü bildirib. Sonra  Azərbaycan Ağsaqqallar Şurası və Veteranlar Təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Cəmiyyətimizdə,  xüsusilə gənclər arasında mövcud olan problemlərin həll edilməsinin,  gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin aşılanmasının, erkən nikahların, boşanmaların qarşısının alınması üçün maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Digər məsələlərlə yanaşı, bu sahədə də təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  

Hamısını oxu