Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevə Tailandda təlim-məşq toplantısına yola düşən idmançılarla görüşüb

10 iyul 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevə ölkəmizi MMA döyüş növü ilə beynəlxalq yarışlarda uğurla təmsil edən bir qrup idmançı ilə görüşüb. 

Taillandda təlim-məşq toplantısına yola düşən idmançılarla görüşündə Prezident İlham Əliyevin idmana olan qayğısına diqqət çəkən Zərifə Quliyeva, idmançılarımıza uğurlar arzulayıb, onların zəfərinə inamını ifadə edib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman idmançılara böyük diqqət və qayğı ilə yanaşdığı, məhz onun qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda böyük uğurlara imza atdığı hər kəsə məlumdur. Bu gün ölkəmizdə böyük idman arenaları fəaliyyət göstərir ki, bu da gənclərimizə öz asudə vaxtlarını səmərəli şəkildə keçirməyə, peşəkarlıqlarını artırmağa, idmanın istənilən növü ilə məşğul olmağa imkan verir. Biz bütün uğurlarımız kimi idman sayəsində əldə etdiyimiz nailiyyətlərə görə də, dövlət başçımıza, onun gənclərimizə, idmançılarımıza verdiyi maddi-mənəvi dəstəyə minnətdarıq.

İnanıram ki, hər zaman olduğu kimi bundan sonra da sonsuz mübarizə əzminiz, peşəkarlığınız sayəsində rəqiblərinizə qalib gələrək doğma Azərbaycanımızın üçrəngli bayrağını dünya arenalarında dalğalandıracaq, xalqımıza sevinc bəxş edəcək, hər bir azərbaycanlını qürurlandıracaqsınız”.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da idmançılarımıza uğurlar arzulayıb, torpaqlarımızın erməni faşizmindən azad edilməsində xüsusi təyinatlı dəstələrdə, müxtəlif hərbi birləşmələrdə xidmət edən idmançılarımızın mühüm rol oynadığını bildirib:

“Bizim üçün qürurvericidir ki, bu gün Azərbaycan bütün dünyada öz hərbi, iqtisadi, diplomatik uğurları ilə yanaşı, həm də görkəmli idmançıları, idman yarışlarında əldə etdiyi böyük zəfərlərlə tanınır. Biz buna görə siz idmançılara təşəkkür edir, öz minnətdarlığımızı bildiririk.

Bu gün idman bütün dünyada dövlətlərin gücünü, qüdrətini göstərən əsas vasitələrdən biri kimi qəbul edilir. Biz fəxr edirik ki, dövlətimiz bu müstəvidə də kifayət qədər tanınır,  ölkəmizin adı beynəlxalq miqyasda xüsusi ehtiramla çəkilir.

Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev gənclərin fiziki hazırlığına xüsusi önəm verib, ölkəmizdə idmanın inkişafına təkan verən ciddi yeniliklər həyata keçiriblər.

İdmançılarımız 44 günlük Vətən müharibəsində də fəal iştirak edib, xüsusi təyinatlı hərbi birləşmələrin tərkibində vətən torpağının azad edilməsində böyük qəhrəmanlıqlar göstəriblər. Biz bütün bunlara görə idmançılarımıza təşəkkür edir, sizə qarşıdakı yarışlarda müvəffəqiyyətlər arzulayırıq”.

Görüşdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədr müavini Qalib Əliyev, Təşkilatın şöbə müdiri Cəmilə Fəyyaz, siyasi şərhçi, tanınmış ziyalı Əliqismət Bədəlov da idmançılarımızın əməyinə diqqət çəkib, onlara uğurlar diləyiblər.

Məşqçi Ruslan Məmmədhəsənov, idmançılar Elçin Hüseynov, Nərmin Əliyeva, Şahan Həsənzadə görüşə görə Zərifə Quliyevaya təşəkkür edib, dövlətin və xalqın etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər. 

Görüşün sonunda Zərifə Quliyeva idmançılara müəllifi olduğu “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarını hədiyyə edib, xatirə şəkli çəkdirib. 

Seymur ƏLİYEV

 

2026-07-10 20:27:00
902 baxış

Digər xəbərlər

“Azərbaycan Bayrağı” ordenli veteran Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 2 sentyabr 2026-cı il tarixində “Azərbaycan Bayrağı” ordenli veteran, ehtiyatda olan polkovnik-leytenanat Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı Maarif Əhmədova Təşkilatın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, ona Təşkilatın üzvlük vəsiqəsini təqdim edib. Səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkürünü bildirən Maarif Əhmədov, hər zaman olduğu kimi bundan sonra da Təşkilatın keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəyini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsində əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüşün sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı hərbi hissədə keçirilən tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda  tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin  500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Füzulidə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Füzulidə rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Nümayəndə heyətinin və rayon Veteranlar Təşkilatının sədri Soltan Əliyevin iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə”saytının müzakirəsi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, Rəyasət heyətinin üzvləri, ziyalılar, veteranlar “Qələbə”saytının təqdimat mərasimində iştirak etmişdir. Müzakirə mövzusu olan “Qələbə” saytı Azərbaycanda Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş şəxslərin axtarışı məqsədilə yaxın günlərdə istifadəyə veriləcəkdir. Qeyd edək ki, saytın baş redaktoru və təsisçisi Azərbaycan kinorejissoru, ssenari müəllifi, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri Cəmil Quliyevdir.          Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmiş, ölkəmiz üçün yeni olan bu layihənin perspektivlərindən danışmışlar. Böyük Vətən Müharibəsinin azərbaycanlı iştirakçılarının axtarılması, onların adlarının əbədiləşdirilməsi Azərbaycan xalqının öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübütu olduğunu söyləmişlər.          Çıxış edən Cəmil Quliyev tariximizin böyük bir qismini özündə əks etdirəcək saytın tərtibatında orada yer alacaq bölmələr haqqında məlumat vermişdir. Eyni zamanda veteran və ziyalıların təklifləri  dinlənilmişdir.          Qeyd edək ki, ictimaiyyətin ixtiyarına veriləcək sayt gələcəkdə azərbaycanlıların iştirak etdiyi II Dünya müharibəsindən başqa digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlar zənginləşdiriləcəkdir.          Sonda saytın tərtibatı və informasiya bazasının qurulması haqqında yekun fikrə gəlinmiş, saytın yaxın günlərdə istifadəyə verilməsi üçün Respublika Veteranlar Təşkilatının bu layihəyə yaxından köməklik göstərəcəyi və əməkdaşlıq edəcəyi bildirilmişdir.

Hamısını oxu