Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-İspaniya tarixi dostluğu: Ağır dönəmlərin işıqlı xatirələri...

İspan pilotlarla bağlı yaşananlar xalqımızın humanizmindən, ümumbəşəri dəyələrə verdiyi önəmdən xəbər verir

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli film paylaşıb. Hikmət Hacıyev qeyd edib ki,  Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.

Prezidentin köməkçisi bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

Azərbaycandan həyatını ona etibar edənlərlə bağlı şərəfli addım...

"AnewZ"-un hazırladığı filmdən məlum olur ki, ispan pilotların təlim keçmək məqsədilə Azərbaycana gəlişi 1936-1939-cu illəri əhatə edir. Bu, elə bir tarixi dönəm idi ki, Almaniyada faşistlər siyasi hakimiyyəti ələ keçirməklə yanaşı, Avropada da müttəfiq axtarışına çıxmış, başlayacağı böyük müharibədə qələbəni təmin etmək üçün diktatura rejmli millətçi hökumətlərlə rəsmi və qeyri-rəsmi razılaşmalara can atırdı.

Bu, İspaniya dövləti üçün də keşməkeşli bir dövr idi. 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi gedirdi. Bu müharibənin qalibi general Fransisko Franko oldu. Frankonun qələbəsi Azərbaycandakı gənc ispan pilotların da taleyini həll etdi. Onlar üçün diktatura rejiminin bərqərar olduğu İspaniyaya gedən yol həmişəlik bağlandı. Məhz bu səbəbdən də onların taleyi Azərbaycandan, siyasi hakimiyyətlə yanaşı, Azərbaycan xalqının onlara olan münasibətindən asılı hala çevrildi.

Qürurvericidir ki, Azərbaycan xalqı bütün zamanlarda və situasiyalarda olduğu kimi ispan pilotlara münasibətdə də ənənəvi humanizm prinsipindən yanaşdı, onlar üçün ikinci vətən oldu.

Azərbaycan ispan pilotları geriyə - Franko rejiminin hakimiyyətdə olduğu İspaniyaya qaytarmadı. Bununla da onların təhlükəsizliyini təmin etmiş oldu. Xalqımız bununla sübut etdi ki, o, həyatını ona etibar edənlərin təhlükəsizliyini təmin etməyi, onlara qayğı göstərməyi özünə mənəvi borc hesab edir və bu borca istənilən təzyiq qarşısında sadiqdir.

“Qəhvəyi taun”a qarşı mübarizənin birləşdirdiyi iki azad ruhlu xalq...

Gəncədəki ispan pilotlarla bağlı "AnewZ"-un hazırladığı sənədli film, habelə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bununla bağlı paylaşımı Azərbaycan-İspaniya dostluğu ilə bağlı çoxdan unudulan həqiqətləri yada salmış oldu. Gündəmə gətirilən bu məlumatlar Azərbaycan və ispan xalqının “qəhvəyi taun”a qarşı birlikdə necə mübarizə apardığını, bu mübarizənin faşizm üzərindəki tarixi qələbəyə necə böyük töhfə verdiyini xatırlatdı. "AnewZ"-un ərsəyə gətirdiyi film sayəsində məlum oldu ki, Azərbaycanı özlərinə ikinci vətən edən ispan pilotlar onlara qayğı və sevgi ilə yanaşan bu torpaqların faşist hücumlarından müdafiəsində fəal iştirak edib, neft mədənlərinin qorunmasında böyük qəhrəmanlıqlar göstəriblər. Bu fakt iki azad ruhlu xalqın – Azərbaycan və İspaniyanın faşizm istilasına qarşı birgə mübarizəsinin şanlı salnaməsi, qızıl səhifəsidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan-İspaniya dostluğu tarixin sınaqlarında təsdiqlənən, bu sınaqlardan keçərək həyata vəsilə alan həqiqi dostluqdur və bu dostluğun daha da inkişafı hər iki xalqa ancaq uğur və nailiyyət gətirəcək.

Seymur ƏLİYEV

 

2026-07-21 14:47:00
774 baxış

Digər xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
Hərbçilərimizin Qələbə paradında iştirakı xalqımızın bu tarixi zəfərdəki rolundan xəbər verir

Cəlil Xəlilov: “Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik” Məlum olduğu kimi, iyunun 24-də faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Rusiyada keçiriləcək paradda Azərbaycan ordusunun 75 nəfərlik hərbçisi də Azərbaycan istehsalı olan silahlarla iştirak edəcək.   Moderator.az-a açıqlamasında bu mühüm tarixi günlə bağlı açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı görülən işlərdən, habelə Azərbaycan xalqının bu qələbəki rolundan  bəhs edib:   “Qələbənin 75 illiyi ilə əlaqədar olaraq Respublika Veteranlar Təşkilatı həm yerli, həm də beynəlxalq səviyyəli plan tərtib etmişdi. Lakin koronavirusla əlaqədar olaraq bu planlarda müəyyən dəyişiklik oldu. Kütləvi tədbirlər təxirə salındı. Bununla yanaşı, biz qələbənin 75 illiyi ilə əlaqədar olaraq həm ölkəmizdə, həm də ölkəmizdən kənarda II Dünya Müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlarla bağlı təbliğat-maarifləndirmə işləri aparırıq. Ziyad Səmədzadənin “Azərbaycan nefti 1941-1945-ci illərdə” adlı rus dilində kitabını nəşr etmişik. Azərbaycan qadınlarının II Dünya Müharibəsində iştirakı ilə bağlı da kitabın çapına nail olmuşuq. Koronavirus dönəmindən sonra bu kitabların təqdimatını həyata keçirəcəyik.   Biz qələbənin əldə edilməsində azərbaycanlıların rolu, tarixi saxtalaşdırmalara qarşı mübarizə istiqamətində ciddi işlər görmüşük. Azərbaycan prezidentinin Njde ilə bağlı çıxışı, erməni yalanı və həyasızlığını ifşa etməsi Rusiyada erməni faşistlərinə qarşı abidənin qoyulmasının qarşısını aldı. Hansı ki, ermənilər bu vaxta qədər rus mediasını, rus ictimaiyyətini aldadır, Njdeni qəhrəman kimi təqdim edirdilər. Ancaq Azərbaycan tərəfinin müraciətindən, ölkə başçısının çıxışından sonra Rusiyanın bu məsələyə baxışı dəyişdi, onun abidəsi də söküldü.   Parada gəlincə, çox istərdik ki, veteranlarımız da bu paradda iştirak etsin. Lakin epidemiyanın davam etdiyi bir zamanda veteranların bu paradda iştirak edib-etməyəcəyi bəlli deyil. Fəqət Azərbaycanın 75 hərbçisinin Azərbaycan istehsalı olan silahlarla bu paradda iştirakı, ölkə rəhbərliyinin həmin paradda iştirak, xalqımızın bu qələbəki rolundan xəbər verir.   Azərbaycan xalqı faşizm üzərində qələbənin əldə edilməsində böyük fədakarlıqlar göstərib, bu gün də erməni faşizminə qarşı mübarizəni davam etdirir. Biz istərdik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində beynəlxalq təşkilatlar erməni faşizminin vəhşiliklərinə, işğalçılıq siyasətinə diqqət yetirsin, işğalçıya təzyiq göstərsin, sanksiyalar tətbiq etsinlər. Təcavüzkarı məcbur etsinlər ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtrsiz yerinə yetirsin. Beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən gözləntimiz məhz bundan ibarətdir”.   Seymur ƏLİYEV 

Hamısını oxu
Müstəqil Azərbaycan Ordusunun generalı Dadaş Rzayev

Adı hərb tariximizə qızıl hərflərlə həkk olunan generallarımız olub. Bu gün də var. Onlardan biri də “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək!” nidası ilə tarix yaradan general Dadaş Rzayevdir.  O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib. Dadaş Rzayev müstəqil Azərbaycanın hərbi tarixində və veteranların hüquqlarının qorunmasında əhəmiyyətli bir şəxsiyyət, xeyirxah insan olaraq tanınırdı. General Dadaş Rzayevin Veteranlar Şurasının sədri və Müdafiə Naziri kimi fəaliyyəti və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizə, həmçinin uzun illər boyu göstərdiyi hərbi xidmətlər və Azərbaycan ordusunun inkişafı üçün verdiyi töhfələr bu gün də gənc nəslə örnəkdir. Dadaş Rzayev 1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri  onun   həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi onun da üzərinə məsuliyyət düşüb. Həm məktəbə gedib, həm də anasına çörək qazanmaqda yardım edib. Anasına ailəni saxlamaqda kömək etməsinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı tələbkar olub.Atasının  işi ilə əlaqədar  olaraq 1949-cu ildə Goranboyun Dəliməmmədli qəsəbəsinə köçüblər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaş Rzayevi  təyyarəçi olmağa həvəsləndirib. O öz xatirələrində bu barədə deyirdi: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”. Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub. O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.  Dadaş Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən general Dadaş Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib. Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsində çalışıb. Azərbaycan hökumətinin çağırışı ilə Dadaş Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə Dadaş Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar ordu quruculuğu xüsusilə vacib idi. Dadaş Rzayev bu prosesə böyük töhfələr vermiş, Milli Ordunun yaradılması üçün zəmin hazırlamışdır. O, ordu strukturunun təşkilində, kadr hazırlığında və hərbi təlimlərin aparılmasında fəal iştirak etmişdir. Bu fəaliyyətlər, müstəqil Azərbaycanın güclü hərbi qüvvələrinin formalaşmasına kömək etmişdir.1991-ci ildə, Dadaş Rzayev müdafiə nazirinin müavini təyin edilmişdir. Bu təyinat, onun hərbi sahədəki bilik və təcrübəsinin etirafı idi. Müdafiə nazirinin müavini kimi, general Dadaş Rzayev müharibə şəraitində olan Azərbaycanın təhlükəsizlik məsələlərini həll etməyə, ordu quruculuğu və müdafiə qabiliyyətini gücləndirməyə çalışmışdır. Onun bu dövrdəki fəaliyyəti, Dağlıq Qarabağ müharibəsindəki hazırlıqların və qələbələrin təməlini qoymuşdur. Dadaş Rzayevin həmin illərdəki fəaliyyəti, onun Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və ölkənin müstəqilliyini müdafiə etmək üçün apardığı mübarizədəki vacib rolunu nümayiş etdirir. Bu fəaliyyətlər onun hərbi sahədəki bacarıqlarını və Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə göstərdiyi fədakarlığı göstərir. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunan general Dadaş Rzayevin Birinci ordu korpusunun komandiri kimi Başkəndi ermənilərdən xilas etmək qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq istəyən qüvvələr vardı. Avqustun 8-də, general Dadaş Rzayevin rəhbərliyi altında Azərbaycan Ordusu ermənilərin əsas mövqelərinə hücum edərək, möhkəm şəkildə müdafiə olunan Başkəndi işğaldan azad etmişdi. General Dadaş Rzayevin bu uğuru, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirən bu əməliyyat, həm də Qarabağ müharibəsinin gedişatına müsbət təsir göstərmişdi. Başkənd əməliyyatı uğurla başa çatdıqdan sonra, Dadaş Rzayevin hərbi qabiliyyəti və liderlik bacarığı daha çox tanındı. Lakin, onun müdafiə naziri təyin edilməsi, o dövrdəki bəzi etirazlara səbəb oldu. Bəzi şəxslər, xüsusilə bu əməliyyata qarşı çıxanlar, onun müdafiə naziri təyin olunmasına mane oldular. Buna baxmayaraq, general Dadaş Rzayev 1993-cü ilin fevralında Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin edildi. Onun bu təyinatı, Dağlıq Qarabağ müharibəsinin ağır şəraitində və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım idi.Başkənd əməliyyatı və general Dadaş Rzayevin bu döyüşdəki liderliyi, onun hərbi karyerasında və Azərbaycanın müstəqillik mübarizəsindəki rolunu ön plana çıxaran hadisələrdən biri olmuşdur.O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edildi. Üsyan, 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş vermişdi və əslində, həmin dövrün siyasi və hərbi gərginliyi çox yüksək idi.Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi dövrdə, Gəncə üsyanı ciddi bir hadisə olaraq qiymətləndirildi. Üsyan, əsasən, ordu içindəki dislokasiya və siyasətə qarşı yaranan etirazlardan qaynaqlanmışdı. Dadaş Rzayevin həmin dövrdəki roluna dair mübahisələr vardı və o, bu hadisələrlə bağlı olaraq Prezident Elçibəy tərəfindən vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad olunması, Azərbaycanın hərbi və siyasi həyatında müəyyən bir dəyişiklik yaratmışdı və ölkənin təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Ancaq onun hərbi xidmətləri və gələcək fəaliyyətləri, xüsusilə müharibə veteranlarının hüquqlarının qorunması sahəsindəki uğurları, onun şəxsiyyətinə və xidmətlərinə dərin hörmət qazandırmışdır. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilən Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini də icra etmişdir. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu mükafat, onun Azərbaycanın ictimai və hərbi həyatına verdiyi töhfələrə, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki xidmətlərinə görə verilmişdir. General Dadaş Rzayevin həm veteranlar hərəkatına, həm də ordunun gücləndirilməsi və müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakar xidmətləri, onun bu ordenlə təltif olunmasında mühüm rol oynamışdır. General Dadaş Rzayevin rəhbərliyi altında, veteranlar həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bir çox layihələrdə iştirak etmişdir. Veteranların təcrübəsi, mübarizə ruhu, gənc nəsilə örnək olmuşdur. Onlarda Azərbaycan Ordusunun qüdrətinə, tarixi Zəfərə inam hissini artırmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Dadaş Rzayev  davamlı olaraq veteranlarla görüşlər keçirmiş, onların problemlərini dinləmiş, ın ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir. 2024-cü il mayın 27-də Bakı şəhərində dünyasını dəyişən  general Dadaş Rzayev İkinci Şəhidlər Xiyabanında torpaq müqəddəsliyinə qovuşmuşdur. Bütün həyatını ölkənin hərbi qüdrətinin güclənməsinə, peşəkar hərbiçi kadrların yetişdirilməsinə həsr edən  general-mayor Dadaş Rzayevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, mənalı ömür yolu tədqiq və təbliğ edilərək gəns nəslə çatdırılacaqdır.                                                                                  Cəlil Xəlilov                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları                                                                              Təşkilatının sədri, polkovnik

Hamısını oxu
İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir; 2.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır; 2.3. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. 3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Prezidentinə: 3.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi; 3.1.2. Fondun strukturunun təsdiqi; 3.1.3. Fondun idarəetmə orqanlarının yaradılması; 3.1.4. Fondun Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 3.1.5. Fondun ləğvi və yenidən təşkili; 3.2. Fonda: 3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 4. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: 4.1. fiziki və hüquqi şəxslərin ianələri; 4.2. qrantlar; 4.3. qanunla qadağan olunmayan digər mənbələr. 5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 15 gün müddətində Fondun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 6.2. dövlət qeydiyyatına alındığı gündən Fondun inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 7. Müəyyən edilsin ki, Fond dövlət qeydiyyatına alınanadək bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulmuş vəsait Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər. 8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 8.1. Fond fəaliyyətə başlayanadək bu Fərmanın 7-ci hissəsinə uyğun olaraq Fondun vəsaitinin xüsusi xəzinə və bank hesablarında toplanmasını təşkil etsin; 8.2. Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun; 8.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Hamısını oxu