Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim!

Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir. Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır.

Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk.

İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz. Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun.

Dərin hörmət və ehtiramla,

Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 polkovnik  Cəlil Xəlilov

2026-07-24 11:19:00
917 baxış

Digər xəbərlər

Cəlilabad rayonunda 101 yaşlı müharibə veteranı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, alman faşizmi üzərində qələbənin 79-cu ildönümü ərəfəsində  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon bölməsinin rəhbəri Arif Həsənov, rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev və rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman rayonunun Abdullu kəndində yaşayan İkinci Dünya Müharibəsi veteranı  Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onlar 101 yaşlı Əbiş əmini səmimi qəlbdən təbrik edib, ona sağlam və gümrah ömür arzulayıb və apardıqları hədiyyələri təqdim ediblər. Görüş zamanı müharibə veteranı öz cəbhə xatirələrindən  söz açıb, Mozdok ətrafındakı döyüşlərdə necə yaralandığından danışıb. Onun  səlis danışığı və möhkəm yaddaşı ziyarətçiləri sevindirib. Görüşün sonunda o,  veteranlarımıza göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentə və rayon rəhbəliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabad rayonunda sağ qalan yeganə veteranıdır.

Hamısını oxu
Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu barədə Benilüks Azərbaycanlıları Konqresinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Rotterdam şəhərində yerləşən Life&Changing İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalıya Ədalət adlı anım tədbiri keçirilmişdir. Tədbir işinə Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra, Xocalı Faciəsinə həsr edilmiş film nümayiş etdirildi. Giriş sözü ilə tədbiri BAK-ın sədri Elsevər Məmmədov açdı. Daha sonra söz Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundova verildi. Xocalı həqiqətlərinin bütün dünyaya yayaraq ədalət istənilməsini vurğulayan cənab səfir, törədilən cinayətlərin hələ də araşdırılmadığını və ədalət istəyimizin cavabsız qalmasını qeyd etdi. Bu haqq işində mübarizənin davam edilməsinin zəruri olduğunu söylədi. Tədbirdə, Ana Vətən təşkilatının sədri Mayisə Ağamirzəyeva da çıxış etdi. Tədbirin kiçik iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək öz hisslərini bölüşüb, bir daha müharibənin olmamasını və həmişə sülh və əminamanlığın olmasını arzuladı. Onu qeyd etmək lazımdır ki, tədbirdəki qonaqların əksəriyyəti holland cəmiyyət və təşkilatlarının nümayəndələri olduğundan tədbir əsasən holland dilində keçdi. Döğma dilimizdəki çıxışları holland dilinə tərcümə edən tədbirin aparıcısı, BAK sədrinin müavini Lamiyə Babayeva idi. Rəsmi hissədən sonra, qonaqlar Xocalı Soyqırımının 30 cu il dönümü münasibətilə təşkil edilmiş sərgidə iştirak etdilər. Sərgidə Niderland Krallığında yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun xanımı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək yaratdıqları sənət əsərləri və Xocalı Faciəsini əks etdirən foto tabloları nümayiş etdirildi. Qonaqlar, kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyarını dinlədilər. Filmdən və Soyqırım haqda verilən məlumatlardan təsirlənən holland qonaqlar, XX əsrdə törədilən bu cür qeyri insanı hərəkətlərin yol verilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildirdilər. Müxtəlif fikirlər və mübadilələrdən sonra tədbir öz işini yekunlaşdırdi”.  

Hamısını oxu
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Hamısını oxu
Veteranların mənəvi atasının şərəfli ömür yolu

 Bu avqust günlərində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov növbəti yaşa qədəm qoydu. Ömrünün böyük hissəsini hərbi xidmətə və elmi fəaliyyətə həsr edən Cəlil müəllim bu gün ölkənin ictimai həyatında yaxından iştirak etməsiylə seçilir. Cəlil müəllim həm böyük, çoxminli bir təşkilata rəhbərlik edir, həm ahıl təbəqəyə dəstək olur, həm gənclərin təlim-tərbiyəsiylə məşğul olur, həm gündəmin ən əsas məsələləri ilə bağlı mövqe sərgiləyir, həm də ortaya müxtəlif nəşrlər qoyaraq bugünkü tariximizi gələcək nəsillər üçün səlnamələşdirir. Hərbi sahədəki zəngin təcrübəsi ilə yanaşı, o, həm də elmi fəaliyyətlə məşğul olub. 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb, Akademiyanın dosentidir. Hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edən polkovnik Cəlil Xəlilov bu məsuliyyətli postda genişmiqyaslı fəaliyyət həyata keçirir. Onun təşkilatdakı fəaliyyətində xüsusilə önə çıxan məqamlardan biri müharibə iştirakçıları və şəhid ailələrinin sosial məsələlərinə həssaslıqla yanaşmasıdır. Cəlil müəllimin rəhbərliyi altında veteranların müalicəsi, hüquqlarının qorunması və onların problemlərinin operativ həlli üçün aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Eyni zamanda, təşkilat gənclərin vətənpərvərlik tərbiyəsini diqqət mərkəzində saxlayır. Bu məqsədlə məktəblərdə, ali təhsil ocaqlarında və hərbi hissələrdə veteranların gənclərlə canlı görüşləri təşkil olunur, Zəfər tariximiz və milli-mənəvi dəyərlərimiz yeni nəslə aşılanır. Cəlil Xəlilov elmi-siyasi təcrübəsindən istifadə edərək xarici veteran təşkilatları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq platformalarda İkinci Qarabağ müharibəsi reallıqlarının və Azərbaycanın haqq işinin çatdırılmasına da böyük önəm verir. Qeyd edək ki, Cəlil Xəlilov Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. “Mehdi Hüseynzadə” medalı, “Alyans”ın fəxri döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərə layiq görülüb. “Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır”– Bu isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmovun sözləridir və Cəlil müəllimin bugünkü statusunu, məncə, gözəl açıqlayır. Ad günü münasibətilə Cəlil Xəlilovu təbrik edir, ona sağlamlıq və şərəfli fəaliyyətində uğurlar arzulayırıq. Əminik ki o, bundan sonra da öz yorulmaz fəaliyyətini davam etdirəcək, Azərbaycan üçün faydalı olacaqdır.  Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət portalının Xəbərlər və Təqvim şöbəsi “Ədəbiyyat və incəsənət” (İxtisarla) (12.08.2026)  

Hamısını oxu