Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tovuzda Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə "Yeni Azərbaycan Partiyası – müstəqil Azərbaycanın inkişafının və gələcəyinin siyasi təminatçısıdır" mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində xalqın etimadını doğruldaraq ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, Azərbaycanın inkişafına, sabitliyinə və milli həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfələr verib. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bu siyasətin parlaq nəticəsidir. Məmməd Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının ideoloji məktəbi dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət prinsiplərini formalaşdıran mühüm siyasi məktəbdir və YAP Tovuz rayon təşkilatının bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin yerlərdə uğurla icrasına layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra məruzə ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ağır sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkədə sabitliyin, inkişafın, milli birliyin əsas siyasi təminatçısı olub. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Natiq partiyanın VII Qurultayının təşkilati baxımdan yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayaraq, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə, eləcə də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və vətəndaşların rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Nihad Pənahov həmçinin bildirib ki, YAP Tovuz rayon təşkilatı ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək partiya quruculuğu, gənclərlə iş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də dövlətçilik ideyalarının təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib.

Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü və rayon təşkilatının təsisçilərindən biri Məzahir Bayramov çıxışında YAP Tovuz rayon təşkilatının yaradılması tarixindən bəhs edərək bildirib ki, rayon təşkilatının təsis olunması Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq insanların ətrafında birləşməsinin məntiqi nəticəsi olub. O vurğulayıb ki, ötən 33 il ərzində rayon təşkilatı dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsinə, partiya sıralarının genişlənməsinə, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib.

Tədbirdə həmçinin partiya veteranı Qasım Hüseynov, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru, ərazi partiya təşkilatının sədri Nigar Səfxanova, Tovuz şəhəri A.S. Puşkin adına tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Əsgərov, eləcə də gənc partiya üzvü, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Vətəndaş müraciətləri və iş şöbəsinin baş mütəxəssisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Məhəmməd Abbasəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərdən, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, dövlət suverenliyinin tam bərpasından, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Çıxışlarda, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, qadınların ictimai-siyasi həyatda fəal iştirakının, təhsilin inkişafının və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu qeyd edilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən fəaliyyəti ilə ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir.

Tədbirin sonunda yubiley yaşları münasibətilə partiya veteranları Cəfərov Nadir Heydər oğluna (90 illik), Vəliyev Nizami Aslan oğluna (70 illik), antiterror əməliyyatları şəhidi Niftalı Orucovun anası Eynalova Təlxanım Abbas qızına (65 illik) və partiya fəalı Şirinova Günəş İzzət qızına (50 illik) Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri, rayon təşkilatında könüllülük fəaliyyəti göstərmiş gənclərə isə sertifikatlar təqdim olunub.

Həmçinin YAP Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

 

 

2026-07-24 18:25:00
858 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Siyəzəndə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva  Siyəzən rayonunda olublar. Siyəzən rayon Veteranlar Təşkilatının sədri Qələmşah Babayev ilə görüşən nümayəndə heyəti onun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatları   Böyük Vətən Müharibəsi veteranlarına təhvil veriblər. RayonVeteranlar Təşkilatının sədri Qələmşah Babayev koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Məmiş Abdullayevin döyüş yolu, Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi yaxın və orta Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi. Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman faşizminə qarşı müharibəyə qalxdı. Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində könüllü olaraq cəbhəyə getmək üçün respublika HərbiKomissarlığına müraciət etdilər.Azərbaycanın vətənpərvər oğul və qızları Böyük Vətən müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Aradan illər keçməsinə baxmayaraq Azərbaycan xalqının cəsur övladlarının  adları bu gün həm ölkəmizdə, həm də azadlığı uğrunda vuruşduqları və həlak olduqları ölkələrdə əziz tutulur, xatirələri hörmətlə anılır. Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin xatirəsini təkcə əzizləri, yaxınları deyil, həmcinin xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib,haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin əsgər və zabiti üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir. Məmiş Abdullayev hər il  xatirəsini yad etmək üçün büstü önünə çələnglər düzülür, məktəblilərə qəhrəmanın göstərdiyi şücaətlərdən danışılır.1923-cü ildə Kürdəmirin Muradxan kəndində anadan olan Məmiş Abdullayev ailənin böyük övladı olub. Başsız qalan ailəni təkbaşına dolandıran Məmiş kolxozda baş mühasibin köməkçisi işləyib. 19 yaşı olanda, yəni 1942-ci ilin iyununda isə könüllü şəkildə müharibəyə yollanıb: "Məmiş Abdullayev müharibəyə getdiyi ilk gündən özünün şücaəti ilə, təşəbbüskarlığı ilə seçilib. Moskva, Kurks ətrafı döyüşlərdə "Qırmızı ulduz", "Əmək igidliyinə görə" və digər medallarla təltif olunub. Məmiş Abdullayev hərbi xidmətə başladığı dövrdə 1-ci Belarus cəbhəsində 399-cu atıcı diviziyasında pulemyot atıcısı olub. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fərqlənib. Məmiş Abdullayevin igidliyi və cəsarəti xüsusilə yadda qalmışdır. O, düşmənə qarşı aparılan döyüşlərdə yüksək peşəkarlıq və qorxmazlıq göstərərək, alayın hücumunu təmin etmişdir. Bu döyüşdə özünün şəxsi qəhrəmanlığı ilə yanaşı, həm də döyüşçü yoldaşlarına nümunə olmuş, onların da döyüş ruhunu yüksəltmişdir. Həmin döyüşdə düşmənə qarşı həyata keçirilən əks-hücumda vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Məmiş Abdullayev böyük şücaət nümayiş etdirmişdir. Alman faşistləri üzərində qələbə əzmi ilə döyüşən həmyerlimiz 1945-ci ildə döyüşdə həlak olub. Elə həmin il mart ayının 24-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.Bu yüksək mükafat, onun cəsarətini və döyüşlərdəki sarsılmaz iradəsini təcəssüm etdirən bir qiymət idi. Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslər müharibə dövründə ən yüksək və şərəfli titulu alırdılar və bu ad yalnız ən böyük qəhrəmanlıqları ilə tanınan şəxslərə verilirdi. Məmiş Abdullayev bu ada layiq görülmüş ilk azərbaycanlılardan biri oldu.Məmiş Abdullayevin Sovet İttifaqı Qəhrəmanı titulu ona yalnız döyüş meydanında göstərdiyi şücaətə görə deyil, həm də onun vətənə olan bağlılığı, qələbəyə olan əzm və sadiqliyi ilə bağlı idi. O, həmçinin müharibənin ağır illərində həm öz həmkarlarına, həm də gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olmuşdur. Hərbi xidmətdəki bu böyük qəhrəmanlıq ona əbədi bir yer qazandırmışdır. Məmiş Abdullayevin adı, yalnız Sovet İttifaqı Qəhrəmanı kimi deyil, həm də bir Azərbaycan vətəndaşı olaraq da əbədiləşmişdir. Onun həyatı və müharibə dövründə göstərdiyi şücaət, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən biri olmuşdur.Məmiş Abdullayevin döyüş yolu, yalnız bir əsgərin deyil, bütün Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır. Onun döyüşdəki şücaəti, fədakarlığı və vətənə sevgisi, gələcək nəsillər üçün böyük bir miras olaraq qalır. Məmiş Abdullayevin ömür yolu, vətənpərvərlik, qəhrəmanlıq və insanlıq dəyərlərinin mükəmməl bir nümunəsidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Slovakiya səfirliyinin hərbi atteşesi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 19 iyun 2026-cı il tarixində Slovakiya Respublikasının hərbi atteşesi Juraj Beskid Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında iki ölkənin veteran təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib, habelə, II Dünya müharibəsi zamanı Slovakiyanın faşistlərdən azad edilməsində iştirak edən azərbaycanlıların qəhrəmanlığından danışılıb. Slovakiyanın azadlıq mübarizəsində iştirak edən azərbaycanlılarla bağlı məlumatların daha da dəqiqləşdirilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, sağ qalan azərbaycanlılarla görüş də müzakirə edilən məsələlər sırasında olub. Görüş zamanı qarşılılqı təmasların davam etdiirlməsi qərara alınıb.  Görüşün sonunda hərbi atteşə ölkəsi ilə bağlı kitabı polkovnik Cəlil Xəlilova hədiyyə edib. Seymur ƏLİYEV

Hamısını oxu
Masallıda Qəhrəmanlar Parkının açılışı olub

Parkın açılışında millət vəkili Məşhur Məmmədov, icra başçısı və digər yetkililər iştirak edib   Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Masallıda Qəhrəmanlar Parkının açılışı olub. Bu barədə millət vəkili Məşhur Məmmədov özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumatda deyilir:   “Bu gün Masallı rayonunda Anım Gününü qeyd etdik. Tədbir Heydər Əliyev Mərkəzində Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüb xatirəsini yad etməklə başladı. Daha sonra Masallı rayonundan I və II Qarabağ müharibəsində canlarını fəda etmiş 242 şəhidin xatirəsinə əbədiləşdirilən Qəhrəmanlar Parkının açılışı oldu. Tədbirdə Masallı RİH başçısı Şahin Məmmədov, həmkarım Anar İsgəndərov və rayonun digər vəzifəli şəxsləri ilə yanaşı Şəhid ailələri, qazilər iştirak edirdi. Hər birimiz Şəhidlərin Vətən üçün, xalq üçün dəyərindən, onların xatirələrinin daim qəlblərdə yaşayacağından söhbət açdıq, şəhidlərin xatirəsinə ağac əkdik. Qəhramanlar unudulmur! Allah cəmi şəhidlərə rəhmət eləsin!”   Seymur ƏLİYEV    

Hamısını oxu