Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub.

Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər.

Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar.

Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.

 

2026-07-30 20:21:00
850 baxış

Digər xəbərlər

28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə bağlı tədbir

23 iyun 2017-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyova həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il avqustun 1-də Hərbi Nazirlik təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun, 26 iyunda 100 yaşı tamam olacaq general Hüseyn Rəsulbəyovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Ötən il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində ölkədə həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Tədbirin sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə fərqlənən zabitlər və gənc əsgərlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından yubiley medalları və fəxri fərmanlarla təltif olunmuşlar.

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
“Mavi Ürəklər” xor qrupundan maraqlı təqdimat...

1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən məhdudiyyətli insanlar təşkil edir.   “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu “Əlilliyi olan insanların Beynəlxalq günü”  ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Eşidin Səsimi” mahnısını təqdim edir. Diqqətinizə çatdıraq ki, mahnını Nuray Eynallı və autizmli şəxslər olan Əlisahib Bayramov, Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib.   Bu video ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAlD) və "The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə "Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları" lahiyəsi çərçivəsində hazırlanmışdır.    

Hamısını oxu