Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın ilk Sərhəd Qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib

Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.

Xatırladaq ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.

O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan zabitlərdən biri kimi tanınırdı.

İsgəndər Allahverdiyev 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

İsgəndər Allahverdiyev 1992-ci ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İsgəndər Allahverdiyevin vəfatından kədərləndiyini bildirib, veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

 

2026-09-18 10:42:00
64 baxış

Digər xəbərlər

“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu
Qələbənin 73-cü ildönümü

Ukraynanın “İnter” telekanalının İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirməsi artıq ənənə şəklini almışdır. Bu tədbirlərə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının, Ukraynanın Müdafiə Nazirliyi və aidiyyatı dövlət orqanlarının nümayəndələri, digər media qurumlarının təmsilçiləri qatılırlar. Son iki ildə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də bu tədbirlərdə iştirak edirlər. Bu tədbirlərdə eyni zamanda, Ukraynanın veteran təşkilatları təmsilçilərinin MDB-nin və digər ölkələrin veteranları ilə müxtəlif formatlı görüşləri təşkil olunur. Həmin görüşlər çərçivəsində onların İkinci dünya müharibəsi cəbhələrində keçdikləri döyüş yolları xatırlanır, ayrı-ayrı media qurumlarının təmsilçiləri veteranlardan müsahibələr götürür, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının onlara münasibəti barədə məlumatlar alınır. Bir qayda olaraq həmin tədbirlər zamanı “İnter” telekanalının faşizm üzərində qələbənin ildönüm günləri ilə bağlı xüsusi bayram verilişləri hazırlanır və mayın 9-da telekanalın efirində yayımlanır. Tədbirlərin gedişində əldə olunmuş bütün məlumatlar bayram gününədək “İnter” media qurumunun elektron informasiya portalında və müxtəlif saytlarda yerləşdirilir. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə bağlı aprelin 16-17-də, iki gün ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən növbəti tədbirlərdə Azərbaycanı Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri - İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin Təşkilati və kadrlarla iş şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. “İnter” telekanalı 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində hər il “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunu nəşr edərək ölkənin ictimai təşkilatları və veteranlar arasında yayır. Fotoalbomun 2018-ci ildə nəşr edilmiş üçüncü cildi də maraqla qarşılanmışdır. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan həmin cildə bu gün həyatda olan İkinci dünya müharibəsinin 100 nəfər iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. Fotoalbom həmin insanların döyüş yolunun və müharibədən sonrakı həyatının mühüm və təsirli məqamlarını əks etdirir. Hər səhifəsi canlı tarixin bir parçası olan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. 16-17 aprel 2017-ci ildə baş tutan tədbirlərdə “İnter” telekanalının 9 may günü ilə bağlı verilişlərində nümayiş etdiriləcək 4 saata yaxın xüsusi konsert proqramının çəkilişləri aparılmışdır. Ukraynanın tanınmış musiqiçilərinin ifasında həmin verilişlərdə səslənəcək Vətən, torpaq, müharibə, qələbə, gənclik və s. mövzuları əhatə edən mahnılar veteranları müharibə illərinə qaytarmış, onların, eləcə də tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Çəkilişlərdə İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. 7 saata yaxın davam edən bu çəkilişlərin gedişində U.Kəngərli və L.Babayevdən 2 müxtəlif TV kanalının və bir saytının müxbirləri tərəfindən müsahibələr götürülmüş, U.Kəngərlinin digər ölkələrdən olan veteranlarla döyüş yolu barədə söhbəti lentə alınmışdır. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə keçirildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdikləri qeyd olunmuşdur. Azərbaycan nümayəndələri eləcə də, tədbir iştirakçılarına Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. Həmin gün axşam Azərbaycan, Estoniya, Litva, Gürcüstan, Rusiya Federasiyası və Belarus veteran təşkilatlarının nümayəndələrinin Ukraynalı həmkarları ilə görüşü keçirilmişdir. Görüşdə Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov və digər nümayəndələri iştirak etmişlər. Görüş iştirakçıları veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışmışlar. RVT-nin nümayəndəsi Ukrayna, Gürcüstan, Estoniya, Litva veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunması, daim qayğı ilə əhatə olunması barədə onları və bu görüşə qatılan “İnter” telekanalının əməkdaşlarını məlumatlandırmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə postsovet məkanı ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğu vurğulanmış, göstərilən məsələlərdə fəallıq xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirilmişdir. Estoniya veteran təşkilatının nümayəndəsi, Estoniyanın Front Line axtarış saytının baş redaktoru Andrey Lazurin İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli ilə geniş müsahibə götürmüş, bu materialın həm saytda yerləşdiriləcəyini, həm də xüsusi sənədli filmdə istifadə ediləcəyini bildirmişdir. Tədbirlər çərçivəsində RVT Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Həzi Aslanov” yubiley medalı və tədbirin digər təşkilatçılarına qiymətli hədiyyələr, o cümlədən Azərbaycan şiriniyyatının müxtəlif nümunələrindən ibarət buketlər təqdim edilmişdir. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər. Tədbir iştirakçıları "Naməlum Əsgər" abidəsini və Qələbə parkında yerləşən digər abidələri ziyarət etmiş, abidələrin önünə tər gül dəstələri qoymuşlar. Tədbirin qonaqları üçün Kiyevin görməli yerləri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilmiş, “İnter” TV-nin nümayəndələri veteranları gəzinti zamanı müşayiət etmiş, foto və video çəkilişlər aparmışlar. Tədbirlər zamanı “İnter” telekanalının təmsilçiləri, o cümlədən Admistrasiyasının rəhbəri İrina Butko, Admistrasiyanın şöbə müdiri Olqa Bezux və əməkdaşlarıı Valentina Sandulenko və Yulya Savonova teranlara xüsusi qayğı və diqqət göstərmişlər.

Hamısını oxu
İki əsgərimiz şəhid olub, beş yaralı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.   Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.   Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab General-polkovnik Tofiq Ağahüseynov şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
Prezident Bakıda imzalanmış iki memorandum və bir sazişi təsdiqlədi

Prezident İlham Əliyev 2020-ci il iyulun 17-də Bakıda Macarıstanla imzalanmış iki anlaşma memorandumunu və bir sazişi təsdiqləyib.  AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb. Birinci fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.    İkinci fərmana görə,  “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.  Üçüncü fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.  İyulun 17-də Bakıda imzalanmış hər üç sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Macarıstan Hökumətinə bildiriş göndərməlidir.

Hamısını oxu